Cənubi Qafqaz və Şərqi Avropada geostrateji koordinasiya

post-img

Azərbaycan–Polşa münasibətləri strateji xarakter daşıyır, ölkələrin Şərqi Avropa və Cənubi Qafqazda dəyişən güc balansı fonundakı praktiki əməkdaşlığı isə qarşılıqlı təhlükəsizlik maraqlarına və strateji platformalara söykənir.

Noyabrın 28-də Varşavada keçirilmiş Azərbaycan–Polşa konsulluq məsləhətləşmələri bu baxımdan xüsusi önəm kəsb edir. Görüşdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəisi Emil Səfərov, Polşa nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin konsulluq məsələləri idarəsinin müdiri Justyna Çrzanovska rəhbərlik edib. Təmas zamanı konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları müzakirə olunub. Tərəflər həmçinin ədliyyə, daxili işlər, prokurorluq və miqrasiya sahələrində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Son illərdə davam edən Ukrayna müharibəsi regionda mövcud güc balansını kökündən dəyişdirib və dövlətlərarası tərəfdaşlıq əlaqələrinin qiymətləndirilməsi və yeni kontekstdə formalaşdırılması zərurətini ortaya qoyur. Konflikt Avropada və Cənubi Qafqazda strateji qərarların qəbulunda ölkələrin mövqeyini və prioritetlərini dəyişdirərək, əlaqələrin real geosiyasi və iqtisadi koordinasiya prinsiplərinə əsaslanmasını tələb edir.

Ukrayna müharibəsi Polşanı NATO-nun şərq cinahının əsas dayağına çevirib. Polşa yalnız Şərqi Avropada deyil, həm də qərarverici platformalarda strateji rol oynayan dövlət kimi çıxış edir. Təbii ki, bunlar Polşanın regionun təhlükəsizliyindəki nüfuzunu artırır və onu yalnız öz sərhədləri ilə məhdudlaşdırmır.

Azərbaycan isə Cənubi Qafqazda status-kvonu dəyişdirərək, regionda öz təhlükəsizlik modelini gücləndirib. Ölkəmiz regionda strateji balansı qorumaq və gələcək geosiyasi riskləri idarə etmək üçün hərtərəfli yanaşma tətbiq edir. Diplomatik kanallar vasitəsilə Azərbaycan qonşu dövlətlərlə dialoqu davam etdirir, beynəlxalq təşkilatlarda öz mövqeyini qoruyur və tərəfdaşlıq platformalarını genişləndirir. Eyni zamanda, enerji resursları və tranzit potensialı ölkəmizə region və Avropa ilə iqtisadi və siyasi əlaqələrdə əhəmiyyətli təsir gücü qazandırır. Belə bir strategiya nəticəsində Azərbaycan Cənubi Qafqazda regional aktor kimi qərarvermədə iştirakını möhkəmləndirir, enerji, ticarət və təhlükəsizlik sahələrində öz maraqlarını səmərəli şəkildə irəli aparır. Diplomatik manevrlər və enerji strategiyaları birlikdə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə təsir gücünü artıran kompleks təhlükəsizlik modeli yaradır.

İki məkan – Şərqi Avropa və Cənubi Qafqaz artıq periferik zonalar kimi deyil, qlobal güclərin rəqabət xəttində birləşən təhlükəsizlik dəhlizinə çevrilir. Təhlükəsizlik dəhlizi strateji baxımdan, enerji, ticarət və logistika platformalarının koordinasiyası üçün əhəmiyyət daşıyır.

***

Enerji təhlükəsizliyi hazırkı geosiyasi mühitin ən kritik elementlərindən biridir və Azərbaycan–Polşa xətti bu kontekstdə xüsusi strateji əhəmiyyət daşıyır. Nəzərə alaq ki, Polşa uzun illər Rusiya qazından asılı idi və bu asılılıq ölkənin Avropa enerji siyasətində ciddi həssaslıq yaratmışdı. Hazırda Varşava alternativ mənbələrə yönəlməklə, enerji təhlükəsizliyini möhkəmləndirməyə çalışır və bu strategiyada Bakı kritik tərəfdaş kimi çıxış edir.

Azərbaycan Avropanın enerji müqavimət xəttində əsas təchizatçı rolunu oynayır. Ölkəmizin təbii qaz resursları Avropanın geosiyasi balansında mühüm element kimi nəzərə alınır. Faktiki olaraq, Azərbaycan qazının tədarükü 12 Avropa dövlətinə çatdırılır və onların enerji təhlükəsizliyinə birbaşa təsir göstərir, həmçinin 8 Avropa İttifaqı ölkəsinin enerji asılılığını azaltmaqda mühüm rol oynayır.

Polşa isə şimalda enerji paylayıcı mərkəz rolunu yerinə yetirərək, Avropaya alternativ enerji marşrutlarının açılmasında və tədarükün şaxələndirilməsində strateji rol oynayır. Analitik baxımdan, Polşanın bu rolu bir neçə əsas funksiyanı yerinə yetirir: birincisi, enerji tədarük zəncirində fasiləsizliyi təmin edir və Avropa ölkələrinə alternativ marşrutlar təqdim edir; ikincisi, tədarükün müxtəlifliyi nəticəsində Avropanın geosiyasi manevr imkanlarını artırır; üçüncüsü, Polşa enerji paylayıcı mərkəz kimi çıxış edərək, həm regional, həm də qlobal enerji siyasətində strateji aktor statusunu gücləndirir.

Bütün bu amillər Avropada enerji marşrutlarının şaxələndirilməsi siyasətinin strateji komponentidir. Analitik baxışla deyə bilərik ki, Bakı–Varşava enerji xətti iqtisadi əməkdaşlıq sərhədlərini aşaraq, Avropanın geosiyasi dayaqlarından birinə çevrilmək potensialına malikdir.

Buradan ortaya çıxan strateji sual belədir: Polşa Azərbaycanın enerji resurslarından NATO və Avropa üçün kritik strateji məqsədlərdə nə dərəcədə və necə səmərəli şəkildə istifadə edə bilər? Sual enerji təhlükəsizliyinin, regiondakı siyasi balansın və geosiyasi etibarlılığın ölçüsünü müəyyənləşdirir. Həm Bakı, həm də Varşava üçün strateji baxımdan vacib olan bu əməkdaşlıq gələcəkdə enerji və təhlükəsizlik inteqrasiyasının modelini təqdim edə bilər.

***

Çin–Avropa ticarət xəttində Rusiyadan yan keçən Orta Dəhliz layihəsi (Azərbaycan–Gürcüstan–Türkiyə) də Polşanın diqqət mərkəzindədir. Dəhliz Avropanın Şərq bazarlarına çıxışını təmin edən, geosiyasi alət funksiyasına malik strateji koridor kimi qəbul edilir. Azərbaycan isə burada Avropa və Asiya arasında ticarət və logistika axınlarını yönləndirən əsas aktordur.

Bəs Avropa yeni ticarət xəttinin şərq qapısı kimi Polşanı, cənub qapısı kimi Azərbaycanı sinxronlaşdırmağa hazırdırmı? Əgər belə sinxronizasiya reallaşsa, bu, iki ölkənin rolunu qlobal enerji və ticarət siyasətində strateji mərkəzlər kimi gücləndirəcək. Azərbaycan–Polşa xətti Orta Dəhliz vasitəsilə Avropanın strateji seçimlərinin yeni koordinat sistemi kimi çıxış edə bilər. Yəni hər iki ölkənin həm logistik, həm enerji, həm də geosiyasi planlarda qərarverici aktor roluna yüksəlməsi mümkündür.

Belə bir perspektiv həm də praktiki təhlil üçün imkan yaradır: Avropa Orta Dəhliz və Şərqi Avropa arasında qarşılıqlı əlaqəni sistemləşdirə bilsə, Bakı–Varşava xətti qlobal ticarət və strateji koordinasiyanın əsas sütunlarından birinə çevriləcək.

***

Varşavada keçirilmiş son konsulluq məsləhətləşmələri Azərbaycan–Polşa münasibətlərinin dərinləşməsinin və tərəfdaşlığın praktiki əsaslarının yaradılmasının göstəricisidir. Konsulluq sahəsində əməkdaşlıq – vətəndaşların hüquqlarının qorunmasından, miqrasiya və hüquqi məsələlərin koordinasiyasına qədər – ölkələr arasında etibarlı kommunikasiyanın təməlini təşkil edir.

Konsulluq və hüquqi əməkdaşlıq, miqrasiya, ədliyyə və prokurorluq sahələrində qarşılıqlı təcrübə mübadiləsi, təhlükəsizlik məsələlərində həmrəylik imkanını artırır. Konsulluq əməkdaşlığı vasitəsilə yaradılan platforma strateji planlaşdırma üçün baza rolunu da oynayır. Azərbaycan–Polşa əməkdaşlığı enerji tədarükü, Orta Dəhliz layihəsi və regional təhlükəsizlik çərçivəsində praktiki inteqrasiya üçün önəmli imkan yaradır.

Bəs Varşava və Bakı bu əməkdaşlıq platformasını regional və qlobal strategiyaların planlaşdırıldığı bir koordinasiya mexanizminə çevirə biləcəklərmi? Cavab birbaşa mövcud geosiyasi mühitdən asılıdır. Ukrayna müharibəsi, enerji və ticarət marşrutlarının şaxələndirilməsi və Avropada təhlükəsizlik balansı koordinasiyalı əməkdaşlıqla səmərəli idarə oluna bilər. Eyni zamanda, enerji və ticarət marşrutlarının şaxələndirilməsi Avropanın davamlılığı üçün strateji əhəmiyyət kəsb edir.

Belə bir reallıq kontekstində yalnız koordinasiyalı əməkdaşlıq vasitəsilə Avropa və Cənubi Qafqazda təhlükəsizlik, enerji təminatı və ticarət axınları səmərəli idarə oluna bilər. Azərbaycan və Polşanın qarşılıqlı fəaliyyətləri həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə bir-birini tamamlayan mexanizm rolunu oynayır. Praktiki nəticələr göstərir ki, koordinasiyalı platforma olmadan enerji marşrutları etibarlı idarə olunmayacaq, ticarət dəhlizlərinin optimallaşdırılması mümkünsüzə çevriləcək, onların regional geosiyasi təsir gücü isə azalacaq.

Son olaraq qeyd edə bilərik ki, Bakı–Varşava xətti strateji qərarların qəbulunda, regional təhlükəsizlik və qlobal enerji siyasətinin formalaşdırılmasında real mexanizm kimi çıxış edə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

 



Siyasət