Azərbaycan amili, yoxsa ABŞ – Ermənistan xartiyası?

post-img

Bu il yanvarın 14-də, yəni Prezident Donald Trampın vəzifə səlahiyyətlərinin icrasına başlamasından altı gün əvvəl imzalanmış ABŞ – Ermənistan strateji tərəfdaşlıq xartiyası hazırda bic doğulmuş uşağı xatırladır. Baş nazir Nikol Paşinyan Birləşmiş Ştatlara yollandı ki, bu “vələduzna”ya “ata” tapsın, amma xeyri olmadı. İndi isə məlum olur ki, Co Bayden administrasiyasının fəaliyyətinin təftişinə qol çırmamış Tramp və komandası sözügedən xartiyanın da ABŞ üçün geosiyasi faydasını nəzərdən keçirəcək. 

Stratfor Amerika Kəşfiyyat və Analitik Mərkəzinin (RANE) Avrasiya məsələləri üzrə analitiki Metyu Orr erməni mediasına açıqlamasında deyib ki, yeni administrasiya İrana qarşı daha sərtdir və bu səbəbdən Türkiyəni və Azərbaycanı regionda Tehranı dayandıra biləcək ölkələr qismində görür. Başqa sözlə desək, ABŞ üçün Türkiyə kimi Azərbaycanla da yaxşı münasibətlər saxlamaq çox vacibdir və belə yanaşma soyuq geosiyasi hesablamalardan qaynaqlanır. O hesablamalardan ki, orada Ermənistan amili bir o qədər əhəmiyyət daşımır. 

Digər tərəfdən, nəzərə alaq ki, ABŞ – Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası regionda güclü eskalasiyanın mövcudluğu şəraitində birincinin proseslərə ciddi müdaxiləsini nəzərdə tutmayan sənəddir. Hərçənd, xartiya maraq və mənafelərdən asılı olaraq, istənilən interpretasiyaya açıqdır. Ermənistanın hazırda çalışdığı budur ki, sözügedən açıqlıq əməli iş müstəvisində də özünü göstərsin. Bunun üçün isə İrəvan Vaşinqtondan təminat almalıdır. Elə Paşinyanın Birləşmiş Ştatlara səfəri də belə bir təminatın alınması məqsədini daşıyırdı. Lakin, ortada nəticə yoxdur. Üstəlik, qeyd etdik ki, Tramp Administrasiyası xartiyanın təftişinə girişəcək. 

Heç şübhəsiz, N.Paşinyanın ABŞ-a səfərinin təşəbbüskarı Fransa prezidenti Emmanuel Makrondur. Əslində, Makron Fransası hazırda təlaşdadır. Ona görə ki, Trampın Rusiya – Ukrayna müharibəsi ilə bağlı tutduğu mövqe Baydenin yanaşmasından köklü şəkildə fərqlənir. Ağ evin yeni şefi, necə deyərlər, Avropadan əlini daşın altına qoymağı tələb edir. Yəni Ukraynanı təkcə Birləşmiş Ştatlar maliyyələşdirməməlidir. 

ABŞ-ın yanaşması “Köhnə qitə”nin, ümumən kollektiv Qərbin Cənubi Qafqaz köklənişinin də sarsılacağı ehtimalını yüksəldir. Bu, həm də o deməkdir ki, Fransa regionda erməni avantürizmini diri saxlamaq yolunda tək addımlamalıdır. Əlbəttə ki, pararlel olaraq Ukraynaya dəstəyi gücləndirməklə. Deməli, Paşinyan ABŞ-a, eyni zamanda, Cənubi Qafqazdakı erməni avantürizminin davamının olub-olmayacağı barədə direktiv almaq üçün yollanmışdı. Amma...

Məlum olduğu kimi, N.Paşinyan ABŞ-dan sonra Fransaya getdi. Əslində, ora səfər Nikolun Makrona Birləşmiş Ştatlardakı təmasları ilə əlaqədar məlumat vermək məqsədi daşıyıb. Makron – Paşinyan görüşü ilə əlaqədar rəsmi məlumatlardan isə bu qənaət yaranır ki, Ermənistan Cənubi Qafqazda sülh baxımından “Dünyanın kəsişməsi” avantürasını əsas tutur. Bu, o deməkdir ki, İrəvan Bakının Zəngəzur dəhlizi ideyasına qarşı çıxmaqda israrlıdır. 

Tramp İrana qarşı sərt mövqedədirsə, o zaman dəhlizin İslam respublikasından keçməsini istəməz. Azərbaycana gəldikdə, ona Naxçıvana quru yolu, hər bir halda, lazımdır. Özü də təkcə ölkəmizə yox, Türkiyəyə də. Daha qlobal miqyasda yanaşsaq, yolun Çin və Rusiya, ümumən dünya üçün də müstəsna əhəmiyyəti var. Nəzərə alaq ki, ABŞ Avropanı daha yemləmək istəmir. O zaman “Köhnə qitə” də Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olmalıdır. Hazırda Fransa istəyir ki, həmin maraq “Dünyanın kəsişməsi” avantürasının gerçəkləşməsi ilə ödənsin. Yəni Ermənistan Cənubi Qafqazda başlıca fiqur rolunu oynasın. 

Əlbəttə, Azərbaycan buna imkan verməyəcək. ABŞ və dünya üçün isə əsas olan qlobal marşrutun reallaşmasıdır. Burada Azərbaycanla Ermənistan arasında seçimdə birinciyə üstünlük vermək həm də prinsipial məsələdən kənar əlavə problem axtarmamaq baxımından vacibdir. İkincinin bu məqamı düşünməsi şərtdir. Paşinyan administrasiyası onu da dərk etməlidir ki, dünya, böyük ölçüdə, güclünün tərəfindədir. Əlbəttə, indiki halda söhbət ölkəmizin timsalındakı ədalətli gücdən gedir. 

Bütün bunlara görə Stratforun analitiki cənab Orr birbaşa bildirir ki, ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası Bakı və İrəvan arasında hərbi eskalasiya baş verəcəyi təqdirdə, Birləşmiş Ştatların güclü müdaxiləsini nəzərdə tutmur. “Yeni administrasiya həm Türkiyə, həm də Azərbaycanla münasibətləri əvvəlki administrasiyadan daha yaxşı saxlamaq istədiyi üçün, düşünürəm ki, qətiyyətlə müdaxilə etməyəcək”, – deyən analitikin açıqlamasından sonra ortaya suallar çıxır. Bakı ilə Vaşinqton arasında münasibətlər necə inkişaf edəcək və İrəvan durumdan hansı nəticəni çıxarmalıdır? ABŞ – Azərbaycan münasibətlərinin inkişafı Ermənistanı Azərbaycanla sülh sazişinə doğru daha sürətlə irəliləməyə sövq edəcəkmi?

Əvvəldə də bildirdik ki, ABŞ-ın hazırkı administrasiyası anti-İran ovqatlıdır. Azərbaycan amili ona bu səbəbdən vacibdir. Amma, bu, heç də o demək deyil ki, ölkəmiz İrana qarşı Birləşmiş Ştatların plasdarmı rolunda çıxış edəcək, yaxud edə bilər. Məlumdur ki, rəsmi Bakı illərdir belə ampluada olmağa razılıq verməyib. Əslində, Azərbaycan indi də eyni kursu davam etdirir. Sadəcə, İran ölkəmizin mövqeyinə praqmatik yanaşmağı bacarmalıdır. Əsas məqam bu bacarığın olub-olmaması ilə bağlıdır. Məsələn, son vaxtlar İran rəsmilərinin Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının, regionda sərhədlərin dəyişməsinin yolverilməzliyinə dair açıqlamalarının sayı artmaqdadır. Görəsən, rəsmi İrəvanın mövqeyinin müdafiəsi, daha doğrusu, Paşinyan iqtidarının Bakı ilə barışmazlığının leksikonu təsiri bağışlayan bu tərz nə deməkdir? Axı Azərbaycan da bildirir ki, Zəngəzur dəhlizi Ermənistanın sərhəd toxunulmazlığının inkarı anlamına gəlmir. Ölkəmiz, sadəcə, Naxçıvana maneəsiz yolda israrlıdır və həmin yolun məqbulluğunu istər hazırkı şərait, istər İrəvanın 44 günlük müharibənin məğlubu kimi üzərinə götürdüyü öhdəliyinin icrası, istərsə də tarixi ədalətin qismən bərpası baxımından əsaslandırır və baxışında haqlıdır. Prinsipcə, Tehrana buna qarşı çıxmaq vacib deyil. Həm də ona görə ki, Zəngəzur dəhlizinin reallaşmasında İran – Ermənistan sərhəd xəttinin, yəni İslam respublikasının düşüncə mərkəzlərinin vurğuladıqları kimi, ənənəvi yolun aradan qalxması kimi bir durum yoxdur. Yəni Azərbaycanın erməni avantürizminin perspektivinə əngəl törətmək potensialını özündə daşıyan təklifi mütərəqqidir. Hətta o qədər mütərəqqidir ki, Ermənistanın özünün də Zəngəzur dəhlizindən faydalanmasını nəzərdə tutur. Baxmayaraq ki, ölkə işğalçı keçmişini təmizləmək üçün heç nə etməyib, bəraət almayb. Başlıca suallardan biri isə budur ki, Ermənistana Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizindən fayda götürmək lazımdır, yoxsa Bayden administrasiyasının kortəbii şəkildə qol qoyduğu ABŞ – Ermənistan xartiyası?

Uzun sözün qısası, Azərbaycan amili bütün qütblər üçün vacibdir. Bu baxımdan ABŞ-ın yanaşmasının praqmatizmi rəhbər tutacağını bildirənlər var. Məsələn, amerikalı analitik və publisist Samson Katsman “Caliber.Az”a açıqlamasında Azərbaycan amilinə sözügedən xartiya xüsusunda münasibət bildirərkən deyib ki, Tramp Administrasiyası ideoloji yanaşmadan kənardır. Ona görə də sənədə yenidən baxacaq. Ən əsası isə Azərbaycan o qədər vacib regional oyunçudur ki, Trampın məqsədlərinə uyğun olaraq ölkənin unikal coğrafi mövqeyindən və imkanlarından istifadə etməməsi mümkünsüzdür: “Deyə bilərəm ki, iki ölkə (ABŞ və Azərbaycan) arasında müəyyən qarşılıqlı fəaliyyət artıq həyata keçirilir”.

Sonda onu da deyək ki, indidən ABŞ-ın Cənubi Qafqaz siyasəti ilə bağlı bütün məqamlara aydınlığın gəlməsi mümkünsüzdür. Ancaq bildirdiklərimiz Birləşmiş Ştatların Trampa qədərki administrasiyasının Ermənistanla imzaladığı strateji tərəfdaşlıq xartiyasının artıq indidən heç bir önəm daşımayacığını söyləməyə imkan verir. Hətta onu da bildirmək mümkündür ki, sənəd Bayden və komandasının Ukrayna istiqamətində olduğu kimi, Cənubi Qafqaz müstəvisində də yeni Prezident üçün problem yaratmaq niyyətinə hesablanmış hikkəsindən başqa bir şey deyil. Tramp və tərəfdarları hazırda özlərini, ilk növbədə, köhnənin problemlərindən yaxa qurtarmağa kökləyiblər. Onlar sonra nə edəcəklər, bunu zaman göstərəcək. 

Ə.RÜSTƏMOV 
XQ

 

Siyasət