220 il əvvəlki yaraları yenidən qanatmaq kimə sərf edir?

post-img

Təəssüf ki, Rusiyada hələ də bu düşüncədə olanlar azalmır

Dünyanın müxtəlif ölkələrindən hayların Cənubi Qafqaza Romanovlar sülaləsinin köçürüb gətirməsi də hamıya məlumdur, Çar Rusiyasının tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratması da, Sovetlər dönəmində bəzi Azərbaycan ərazilərinin parça-parça kəsilərək Ermənistana hədiyyə edilməsi də məlum faktdır, SSRİ-nin süqutundan sonra Rusiya Müdafiə Nazirliyinin 336-cı alayının Xocalı şəhərinin yandırılıb, əhalisinə qarşı soyqırımı təşkil etməsi də. Yəni heç kəs çörəyi qulağına yemir. İndi dünyada nəinki xalqların, hətta, ayrı-ayrı fərdlərin tarixi də hamıya məlumdur. 

Bugünkü Azərbaycan dövlətinin bütün bunları ən incə detallarınadək bilə-bilə Rusiya ilə dostluq və əməkdaşlıq etməsi, bu məqsədlə lazım olan bütün addımları atması sadəcə həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin siyasi müdrikliyinin göstəricisidir. Heydər Əliyev dönə-dönə xatırladırdı ki, bizim xarici siyasət kursumuzun əsas istiqamətləri yaxın qonşularımızla dostluq və tərəfdaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. 

Prezident İlham Əliyev də həmin tendensiyanı daim diqqət mərkəzində saxlamışdır. Təxminən üç il qabaq – 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanması da Azərbaycan Prezidentinin Heydər Əliyev siyasi kursuna sədaqətinin göstəricisi idi. Bu sədaqətin bir adı var: Müdriklik. Bəs bu müdrikliyin adekvat cavabını biz qarşı tərəfdən görürükmü? Təəssüf ki, yox! 

Adı çəkilən Bəyannamənin 3-cü bəndində deyilir: “3. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər”. Həmin rəsmi sənəddən məhz bu bəndi seçməyimiz təsadüfi deyil. Çünki burada söhbət “münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində” birgə fəaliyyətdən gedir. 

Çox təəssüf ki, “Sözümüz imzamızdır!” – deyə verdiyi bütün vədləri mərdi-mərdanə yerinə yetirən Azərbaycan Prezidentindən fərqli olaraq, Rusiya rəhbərliyi nəinki öz sözlərinə, hətta, imzaladığı rəsmi sənədə də lazımi ehtiram nümayiş etdirə bilmir. Biz bunu AZAL-ın Bakı – Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin məhz Rusiya ərazisində ən müasir raketlə vurulmasından sonra daha aydın şəkildə gördük. Kreml Azərbaycanın haqlı iradlarına ən azından 22 fevral 2022-ci il tarixli Bəyannaməyə hörmət mənasında cavab verməli idi. Elə bir cavab verə bilməmələri bir yana, təyyarənin xarici hissələrindəki qəlpə dəliklərini də 11 kilometr yuxarıda uçan “quşların” günahı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışdılar. Amma indi artıq dünya[1]da heç kəsi aldatmaq olmur. 

Hamının yadındadır. 2016-cı ildə Rusiya Ermənistana növbəti dəfə böyük həcmdə – 200 milyon dollar həcmində silah-sursat vermişdi. O zaman ekspertlər yazırdılar ki, rəsmi Moskva haqqın, ədalətin yox, işğalçının arxasındadır. Bildirilirdi ki, bu, çox təhlükəli bir gediş, eyni zamanda Ermənistan – Azərbaycan münaqişəsinin həllində ciddi əngəl deməkdir: “Göndərilən silahların Rusiya ordusunda tətbiq edilən ən son modeldə olması diqqət çəkir. İrəvan artıq neçənci dəfədir ki, Rusiyadan kredit adı altında çox sayda silah-sursat alır. Yeltsinin dövründə 1 milyard dollar həcmində silah Ermənistana bağışlanmışdı. Hətta Rusiya qoşunları Gürcüstandan çıxarılanda da buradakı silahların çoxu – təxminən 800 milyon dəyərində – Ermənistana göndərilmişdi. Hazırkı isə üçüncü belə güclü silahlandırmadır. Bununla yanaşı, Ermənistandakı rus bazalarına göndərilən silahların çoxu erməni silahlı qüvvələrinə çatır”. 

Nəticədə nə oldu? Azərbaycan Ordusu həm məhz həmn il – 2016-cı ildə – Aprel döyüşləri zamanı, həm də 2020-ci ildəki İkinci Qarabağ müharibəsi günlərində rusların təpədən dırnağadək silahlandırdığı Ermənistan ordusunu diz çökdürdü, işğalçı dövlətin silahlı qüvvələri haqqındakı mifləri məhv elədi.

Yeri gəlmişkən, Kreml Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən Müharibəsi zamanı da Ermənistan dövlətinin və ordusunun xilaskarı qismində çıxış etmişdi. Belə ki, 44 günlük müharibə zamanı Rusiyanın müdaxiləsi ilə müharibə yarımçıq saxlanılmışdı. O zaman həmin sənədə Prezident İlham Əliyevin israrı ilə ölkəmizə sərf edən bəndlər daxil edilsə də, Moskvanın əsas məqsədi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinin qarşısını almaq idi. Buna baxmayaraq, dövlət başçımızın uzaqgörənliyi və düşünülmüş siyasəti sayəsində 2023-cü ildə proses tam başa çatdırılmışdı. 

Təbii ki, sadaladığımız faktlar Rusiyanın atdığı anti-Azərbaycan addımların cüzi bir hissəsidir. Çünki Kremlin bitirmək istəmədiyi Ermənistan – Azərbaycan mü[1]naqişəsinin tarixində 1805-ci ildə Rusiya tərəfindən Qarabağ xanlığının işğal tarixi, rusların sonradan imzaladığı sazişə xilaf çıxaraq Qarabağ xanı İbrahimxəlil xanı və ailəsini öldürməsi, sarayı yandırması, digər tarixi faktların xatırladılması da var. Ermə[1]nilər həmin faktlardan qeyri-adi dərəcədə ruhlanmışdılar. Məhz ermənilərə “güvənən” ruslar sonradan İrəvan, Gəncə və digər Azərbaycan ərazilərini talan etmiş, sayı-hesabı bilinməyən qətllər törətmişdilər. 

Amma proseslərin daha qanlı “ardı var”dı. Sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməsi, bolşeviklərin törətdiyi cinayətlər və kütləvi repressiyalar hələ də qan verməkdədir. Hələ də Xəzərdəki adalardan repressiya qurbanlarının sümüklərini tam toplamaq mümkün olmur. Hələ də Sovet rəhbərliyinin sürgün etdiyi soydaşlarımızın əksəriyyətinin məzarlarını tapa bilmirik. Hələ də rusların köməyi ilə Ermənistandan qovulmuş, didərgin salınmış Qərbi azərbacanlılar vətən həsrəti ilə göynəyirlər. 

Yeri gəlmişkən, 1988-ci ildə Azərbaycana qarşı başlanan iddiaların Kremldən – bilavasitə SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsi də dünyanın gözü qarşısında olub, 20 Yanvar soyqırımını törətmək üçün 1990-cı ildə Bakıya ordunun yeridilməsi də. Ən ağrılı fakt odur ki, bu gün Rusiya mediasında 20 Yanvarla bağlı Azərbaycanın ünvanına iftiralar səsləndirilir, hadisələr təhrif olunur. Mətbuat yazır ki, Rusiyada Azərbaycanın ünvanına ittihamlar səsləndirilirsə, onda Azərbaycan da 20 Yanvar qırğınında iştirak etmiş, adları, rütbələri yaxşı bilinən keçmiş rusiyalı hərbçilərin cəzalandırılmasını və təhvil verilməsini tələb edə bilər. Halbuki, biz bunu indiyədək etməmişik. Son bir neçə ildə daha bir təhlükəli tendensiyanın şahidinə çevrilirik. Belə ki, 44 günlük müharibədən sonra Rusiya prezidenti və xarici işlər naziri dəfələrlə Ermənistan rəhbərliyini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına görə tənqid edib. Bu nə deməkdir? Fikrimizcə, bu, Kremlin həm 2020-ci ilin noyabrında, həm də 2022-ci ilin fevralında imzalanan sənədlərə hörmətsizliyi, rəsmi Bakı ilə əməkdaşlığa qeyri-səmimi münasibətinin göstəricisidir. Belə çıxır ki, Rusiya tərəfi həmin sənədlərə yalandan imza atıb. Fakt ortadadırsa, bəs onda biz nə üçün köhnə dostlarımıza inanmalıyıq? 

Bu sətirləri Kremldəki dostlarımıza böyük Səməd Vurğunun “Rus poeziyasının günəşi” adlandırdığı Aleksandr Puşkinin bir ifadəsini xatırlatmaqla yekunlaşdırmaq istəyirik: “Ən pis sülh ən yaxşı müharibədən daha yaxşıdır”. 

Dostlar, gəlin sülh şəraitində yaşayaq! Bizdən ziyan görməzsiniz. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət