Yaxud Moskva və İrəvan arasında “dəyişən siyasi hava”nı şərtləndirən motivasiyalar barədə
Rusiya–Ermənistan münasibətlərinin son iki yüz ildə hansı mərhələlərdən keçdiyini, onun ortaq maraqları ehtiva edən yarıgizli xarakterini, Cənubi Qafqazla bağlı sonradan üzə çıxacaq gizli planlarını tarix elmindən uzaq sıravilər də bilməmiş deyil. Xüsusilə SSRİ dağılandan sonra bu münasibətlərdə müşahidə olunan “enişli-yoxuşlu” dövr, istər-istəməz, maraqlı suallar doğurur.
Ermənistanı siyasi və iqtisadi cəhətdən idarə edən Rusiya onu ucuz qazla, demək olar ki, pulsuz silahla təmin edir, bölgədə təsir imkanlarını daha da gücləndirmək üçün ondan özünün forpostu kimi yararlanırdı. Birinci Qarabağ müharibəsində Moskvanın birbaşa yardımı və iştirakı ilə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın İkinci Qarabağ savaşında məğlubiyyətdən sonra Rusiya ilə münasibətləri “çat verməyə” başladı. İki əsrlik müttəfiqlik stajı “unuduldu” və küskün İrəvan “Rusiyanın acığına” üzünü Avropaya çevirməyə başladı. İndi məlum olur ki, bütün bu diplomatik gedişlər gözdən pərdə asmaq üsulu, imitasiya, tindən bir-birinə “düşməncəsinə atəş açmalarını” nümayiş etdirmək üçün düşünülmüş “giz[1]lənpaç oyunu” imiş.
Dəyişmə
Bu həftə İrəvan–Moskva təmaslarında ciddi dəyişiklik, hətta deyərdik ki, “inqilabi sıçrayış” baş verdi. Moskvada Ermənistan və Rusiya xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra iki ölkə arasında münasibətlərdə müəyyən dəyişiklik, kəskin dönüş müşahidə olunmaqdadır. Son günlər istər Rusiya, istərsə də Ermənistan mediasında açıq qarşıdurmaya, hətta düşmənçiliyə çevrilmiş ikitərəfli münasibətlərin normal məcraya qayıtmasının vaxtının yetişdiyi barədə fikirlər səslənməyə başladı. Bəzi ekspertlər bu dəyişikliyi Donald Trampın Ağ Evə qayıdışı, onun Vaşinqtonun Cənubi Qafqaz siyasətinə korrektələr edəcəyi ehtimalı ilə əlaqələndirirlər. Fakt budur ki, ilyarımlıq fasilədən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov hayların baş diplomatı Ararat Mirzoyanla görüşün ictimaiyyətə açıq hissəsində Ermənistanın ölkəsinin “tarixi və təbii strateji müttəfiqi” olaraq qaldığını birmənalı şəkildə vurğuladı. Məhz həmin görüşdən sonra Moskvanın son vaxtlara qədər İrəvanın ünvanına işlətdiyi kobud, bəzi hallarda hədələyici ritorikası nəzakətli, diplomatik tonla əvəzləndi. Nazirlər isə çıxışlarında ikitərəfli əməkdaşlığın yalnız müsbət aspektlərinə diqqət yetirdiklərini açıqladılar.
İrəvanda belə hesab edirlər ki, Lavrov və Mirzoyan arasında danışıqlar Rusiyanın təzyiq və təhdid siyasətindən əl çəkməyə və Ermənistanla “bərabərhüquqlu tərəfdaş” dilində danışmağa hazır olduğunu nümayiş etdirdi. Bu yeniliyin, siyasi metamorfozun səbəbini Ermənistanın Qərblə, xüsusən də ABŞ və Avropa İttifaqı ilə yaxından əlaqələr qura bilməsi ilə bağlayırlar. Moskva görüşündən sonra cərəyan edən hadisələr aydın göstərir ki, son vaxtlar Ermənistanın Qərbə doğru reveranslar etməsinə baxmayaraq, İrəvan Rusiyanın “etibarlı və dəyişməz müttəfiqi” olaraq qalmaqdadır. Bəli, onlar üzdə münasibətlərdə problem yaşadıqlarını imitasiya etsələr də, Ermənistanın reeksport məsələsində sanksiyalar altında olan Rusiyanın əsas müttəfiqi olduğu hər kəsə məlumdur. Ermənistan Statistika Komitə[1]sinin məlumatına görə, 2024-cü ilin on ayı ərzində Rusiyanın Ermənistana qızıl ixracı 6,8 milyard dollar təşkil edib. Eyni zamanda, Ermənistan özü həmin dövrdə BƏƏ-yə 7,4 milyard dollar dəyərində qızıl ixrac edib. Bu, onu göstərir ki, Ermənistanla Rusiya ara[1]sında kənardan görünən “siyasi gərginliyə” baxmayaraq, tərəflər sərfəli ticarət yolu ilə Qərbin sanksiyalarından yan keçərək böyük fayda götürməkdə davam edirlər və bundan çox məmnundurlar.
Kulminasiya
Paradoks: Ermənistan və Rusiya arasındakı ticarət əlaqələri Ukraynada “xüsusi hərbi əməliyyatlar” başlayandan sonra daha da intensivləşib. İki ölkə arasında ticarət dövriyyəsi bugünədək görünməyən 12 milyard dollar həddinə çatıb. Böyük qazanc gətirən bu dövriyyənin kökündə reeksportun dayandığı təkcə münaqişə tərəflərinə deyil, NATO üzvü olan Avropa dövlətlərinə də yaxşı məlumdur. 2023-cü ilin statistikasına görə, Rusiya Belarus (52,7 faiz) və Ermənistan (41,1 faiz) arasında ticarət dövriyyəsində birinci yerdədir. Yəni, bu göstəricilər sanksiyalarla “üzləşmiş” Rusiyanın Ermənistanla quraşdırdığı imitasiya oyunudur. Və bu oyunun baş rollarını Putinlə Paşinyan ifa edirlər. Gəlirlərinin kulminasiya nöqtəsinə çatmış, açıq bazar qanunları ilə hərəkət edənlər, sadəcə, gözə kül üfürməklə məşğuldurlar.
Bütün bu oyunların Ermənistanın bu yaxınlarda ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalaması, eləcə də Paşinyan hökumətinin Aİ-yə üzvlük prosesinə başlamaq qərarını bəyənməsi fonunda baş verməsinə heyrətlənməmək olmur. Bu məqamda “qarşılıqlı məqbul variantlar” ifadəsini diplomatik dildən sadə dilə çevirsək, Ermənistanın KTMT-də formal olaraq qalmaq istəməsinin, onun Aİ-yə daxil olmaq qərarının yalnız daxili auditoriyaya hesablanmış siyasi gediş olduğunu və heç bir real məzmuna söykənmədiyini deyə bilərik. Hayastanın baş dip[1]lomatının Moskvada verdiyi nikbin mesajlar məhz buna dəlalət edirdi.
“Ermənistan Aİ ilə ortaq sərhədə malik deyil, lakin onun Rusiya ilə də ümumi sərhədi yoxdur. Amma bu, Rusiyaya Gömrük İttifaqına qoşulması üçün Ermənistanın o vaxtkı hakimiyyətinə təzyiq göstərilməsinə mane olmadı”. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Baltikyanı və Şimali Avropa ölkələrinin parlament rəhbərlərinin iştirakı ilə “Sülh və demokratiya naminə birlikdə” mövzusunda panel müzakirəsindən sonra keçirilən brifinqdə deyib. Simonyan etiraf edib ki, ərzaq təhlükəsizliyi və iqtisadi qarşılıqlı asılılıq çox mühüm komponentlərdən biridir: “Ancaq söhbət bununla bağlı deyil. Dəyərlər sistemi odur ki, biz hansı ölkəni qurmaq istəyirik. Bu, bizim seçim məsələmizdir. Azad seçkilərin, insan hüquqlarının və azad medianın olmadığı avtoritar bir ölkəmiz də ola bilər. Eyni zamanda, çətinliklərlə üzləşən, lakin müstəqil, yüksək səviyyədə demokratiyaya malik bir ölkəyə də sahib ola bilərik. Biz artıq beynimizdə bu seçimi etmişik. Gələcəkdə zərurət yaranarsa, bunu seçkilər və ya referendumla yenidən təsdiqləyəcəyik”.
“Razvyazka”
ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq xartiyası, eləcə də Ermənistanın Aİ-yə üzv olması prosesi Moskva üçün sonuncu qırmızı xətlər olmalıydı. Bəzi ekspertlər sənədin məzmun və xarakterinə, İrəvanın son bəyanatlarının təhlilinə əsaslanaraq belə hesab edirdilər. Məsələnin maraqlı tərəfi ondadır ki, sənəddəki bəndlərdən birinə görə, İrəvan və Vaşinqton ikili təyinatlı malları izləmək üçün xüsusi komissiya yaratmaq niyyətindədirlər. Fəqət, sanksiya tətbiq olunan mallar hazırda İrəvanla Moskva arasında ticarətin əsasını təşkil edir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin iki stulda oturmağın mümkünsüzlüyü barədə İrəvana eyham vurmalarını nəzərə alaraq, münasibətlərin tarıma çəkildiyini söyləmək olardı. Amma qəfil “razvyazka” baş verdi. Bütün şərtlər bunun əksini göstərdiyi halda, münasibətlərdə “istiləşmə” başladı. Paşinyan komandasının Moskva– Vaşinqton marşrutu ilə xüsusi təyinatlı “diplomatik səyahətləri”, Aİ-yə üzvlük səyləri, eləcə də xarici işlər naziri Mirzoyanın Vaşinqtona səfəri, onun səlahiyyət müddətini başa vuran Dövlət katibi Blinkenlə apardığı danışıqlar və imzaladıqları sənəd Ermənistanın indiki hökumətinə siyasi dəstəyin simvolu oldu. Məntiqlə Moskva bunları “udmamalı” idi. Amma uddu. Çünki Ermənistan iqtisadiyyatının artım tempi, xarici ticarətin həcmi postsovet dövrünün rekordlarını qırır. Bunun əsas səbəbi Rusiya ilə əməkdaşlıqdır. Bu bazarı itirmək və sanksiyalarla üzləşmək Ermənistan iqtisadiyyatı üçün fəlakətlidir. Bu gün Ermənistan üçün nə Aİ, nə də ABŞ Rusiyanı tərəfdaş kimi əvəz edə bilər. İrəvanla bu müstəvidə əməkdaşlıq heç “G7” üçün də maraqlı deyil. Bunu gözəl bilən Moskva İrəvanın “qərbyönlü kursunun”, sadəcə olaraq, Ermənistan cəmiyyətində Qarabağ münaqişəsindəki məğlubiyyətdən yaranan narazılığı azaltmaq cəhdi olduğunu anlayır. O, İrəvanın tezliklə Avrasiya İqtisadi İttifaqı və KTMT ilə dostluq və müttəfiqlik siyasətinə qayıdacağı ümidi ilə bir az da gözləməyə hazırdır. Yəni ikiüzlü və yalançı partnyorluq təşəbbüsləri sonda İrəvanın cəzalandırılması ilə yekunlaşa bilərmi? – sualına müsbət cavab vermək çətindir.
Fon
ABŞ-da, Avropada, postsovet məkanın[1]da, həmçinin Azərbaycanda hamı arxasını Kremlə çevirən Paşinyanın Qərbə doğru tarixi sıçrayışından danışır. Azərbaycanda belə hesab edənlər də var ki, bu “sıçrayış”la Ermənistan avtokratik zonadan güclü və demokratik Qərbin qucağına düşəcək, Av ropaya gedəcək. Biz isə qalacağıq Rusiya ilə baş-başa və sonra Qərbin güclü dəstəyini alan revanşist haylarla qarşı-qarşıya...
Moskvada çoxları Paşinyanı və onun adamlarını sevmirdilər. Amma, bu, süni şəkildə yaradılmış fon imiş. Dünənə qədər Vladimir Solovyovdan tutmuş Marqarita Simonyana kimi Kremlin propaqandası Paşinyanı “düşmən”, “satqın”, hətta “debil” elan edir, onu cəzalandırmağa çağırırdı. İkinci fon Ermənistanda Qərbə doğru “yürüş”ün görüntüsüdür. Bu fonları yaradan şərt İrəvanın Moskvadan küsməsidir. Yəni, tarixi müttəfiq “strateji səhv” edib Ermənistanın təhlükəsizliyinə qarantiya durmur. Rusiya XİN-in iradları isə, sadəcə, bəhanədir, ikitərəfli münasibətlərdə böhran yaradacaq ciddi səbəb deyil.
Əlbəttə, İrəvanın gediş və manevrlərində Ermənistanın Qərbə üz tutduğunu göstərən anti-Rusiya simptomları var. Amma bunlar daha çox simvolikdir və hər hansı siyasi anlamı yoxdur. Tərəflər bir-birilərinə qarşı gurultulu bəyanatlar verirlər, amma ruslarla ermənilərin bir-birlərindən uzaqlaşacaqlarından danışmaq hələ tezdir. Hər halda hələ[1]lik Ermənistan Qərbə getmir, bu istiqamətdə institusional irəliləyiş üçün heç bir zəmin və şərtlər yoxdur. Ortada qurama fon var. Bu fonu ərindən küsmüş gəlinin müvəqqəti inciməsi ilə müqayisə etmək olar. Yəni, İrəvan (gəlin) Moskvaya (ər) deyir ki, 2020-ci ilin payızında məni niyə tək qoydun, arxamda durmadın? Amma bu zaman gəlin yalnız küsdüyünü birüzə verir, boşanmaqdan isə söhbət gedə bilməz...
Kreml yalnız Ermənistanda deyil, bütün postsovet məkanında baş verənləri qısqa[1]nır. Proseslərə nəzarət imkanı tükəndiyinə görə hikkələnir. Əslində, Moskva ilə İrəvan arasında siyasi baxımdan kritik qarşıdurma yoxdir. Ermənistan KTMT-də qalır, Aİİ-nin üzvüdür, ikitərəfli formatda hərbi-siyasi əlaqələri davam edir, Rusiyanın Gümrüdəki hərbi bazası da yerindədir. Ermənistanın İran və Türkiyə ilə sərhədləri FSB-nin nə[1]zarəti altındadır, iqtisadiyyatı Rusiyadan asılıdır. Üstəlik, Qərbin Rusiyaya qarşı sanksiya rejimindən əməlli-başlı qazanır. İrəvan Moskvaya qarşı bəyanatlar verə bilər, amma konkret addımlar atmaz...
Yüz il əvvəl olduğu kimi, bu gün də Cənubi Qafqazda müxtəlif ölkələr öz prioritetlərinə uyğun oyunlarını davam etdirirlər. Bu zaman “böyük güclər” maraqlarına uyğun oyun sxemlərini qurmağa çalışırlar. İkinci Qarabağ savaşından sonra ekzistensial böhrana girən Ermənistan ordan çıxış yolunu tapmaq üçün hələ də vurnuxur. Amma hələlik üfüqdə heç nə görünmür. Reallıq odur ki, haylar Qərbə boylana bilərlər, amma qollarına vurulmuş rus qandalı ilə o tərəfə nəinki addımlaya, heç sürünə də bilməzlər...
Pərdə
İndi Moskva üçün əsas məsələ regionda mövcudluğunu saxlamaqdır. Onun məqsədi Cənubi Qafqazın kommunikasiyalarına, məsələn, Zəngəzur dəhlizinə nəzarəti əldə etməkdir. İntəhası, Azərbaycan bu məsələdə Rusiyanın işini çətinə salıb. Bundan sonra Rusiyanın oyundan kənarda qalma ehtimalı getdikcə artmaqdadır. Çünki kommunikasiyaların açılması üzrə danışıqlar “Zəngəzur dalanı”na dirənib və bu istiqamətdə hələlik irəliləyiş yoxdur. Yaranmış vəziyyət Bakıya sərf elədiyi üçün, o, passiv oyunçu statusunda prosesi “parterdən” müşahidə edir. Onun üçün yaranmış situasiyada Rusiyanın hansı addımları atacağı çox maraqlıdır.
Moskvanın İrəvanı anti–Kreml demarşlarında, Qərbin “qucağına” sığınmaqda ittiham etməsi, sadəcə, dekorasiya, proqramlaşdırılmış “siçan-pişik oyunu”dur. Bu oyunda nə ovçu var, nə də şikar. Hərdən nümayiş etdirilən qarşılıqlı “cırmaqlaşmalar” isə publika üçün düşünülmüş səhnələrdir. Gizlənpaç oyunu başa çatmaq üzrədir, pərdəni endirməyə ehtiyac qalmayıb..
İmran BƏDİRXANLI
XQ