Azərbaycan və Özbəkistan xalqlarının dostluq və qardaşlığının tarixi qədim olduğu qədər də zəngin, öyünclüdür. 2 əsrlik rus və sovet imperiyaları da bu münasibətləri poza bilməmiş, 70 illik ittifaq dövləti daxilində tarixi ənənələr qorunub saxlamışdır. Xalqlarımız dövlət müstəqilliyi qazanandan sonra isə iki xalqın tarixi dostluq və qardaşlığı ən yüksək səviyyəyə yüksəlmişdir.
30 illik Qarabağ münaqişəsi dövründə Azərbaycanın haqq işini daim dəstəkləmiş Özbəkistan Vətən müharibəsindəki tarixi zəfərdən sonra ölkəmizə dəstəyini davam etdirir. Qardaş ölkə işğaldan azad edilmiş Füzulidə nümunəvi təhsil ocağı tikib istifadəyə vermiş və hazırda Xankəndidə iri toxuculuq müəssisəsi yaradır. Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin xalqlarımızın bir-birinə daha da yaxınlaşması, Türk birliyinin formalaşıb möhkəmlənməsi üçün davamlı təşəbbüsləri, inamlı addımları dostluq və qardaşlıq münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişlər.
Belə bir dövrdə iki ölkə arasında səmərəli əlaqələr qurmuş, dostluq örnəkləri yaratmış ayrı-ayrı insanların əməlləri, həyat hekayətləri ibrətliyi ilə qədirbilənliklə yada düşür. Onlardan biri də üzümçülük və şərabçılıq sahəsində ölkələrimiz arasında körpü yaratmış Mixail Aleksandroviç Xovrenko olub.
Qəzetinizin oxucularına fəaliyyətimizlə bağlı gördüyü işlərdən xəbər tutduğumuz, illərin arxasında qalmış ömür yolunu öyrəndiyimiz bu adam barədə söhbət açmağın faydalı olacağını düşündük. Bu insan milliyyətcə rus olsa da, türkdilli xalqlara dərin hörmət və məhəbbət bəsləmiş, Özbəkistanla əlaqələrimizin inkişafında yeni istiqamət açmışdır. Bu gün Özbəkistanın 1000 nəfər işçi çalışacaq bir müəssisə yaratdığı Xankəndidə 1866-cı ildə anadan olmuş Mixail Xovrenkonun adı iki xalq arasında əməkdaşlıq körpüsü timsalıdır.
Mixail istedadı və çalışqanlığı ilə erkən yaşlarından seçilmişdir. Moskva Texniki Məktəbini fərqlənmə diplomu ilə bitirən həmyerlimiz şərabçılıq sahəsində ixtisaslaşaraq Avropada da təcrübə keçmişdir. Onun tətbiq etdiyi “Rozental-Xovrenko metodu” şərab istehsalında inqilabi yeniliklərə səbəb olmuşdur.
1927-ci ildə Özbəkistana gedən Xovrenko “Özbəkşərab” trestinin baş şərabçısı vəzifəsində çalışmış, yeni üzüm sortlarının yetişdirilməsi və keyfiyyətli şərabların istehsalında mühüm rol oynamışdır. Səmərqənddə yüksək keyfiyyətli şərab zavodunun əsasınıda o qoymuşdur. Bu zavod indi də Xovrenkonun adını daşıyır.
Yeri gəlmişkən bildirək ki,çar I Aleksandr hələ 20 fevral 1804-cü ildə Rusiyada əkinçilik mədəniyyətini yüksəltmək, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək üçün almanların ölkəyə gətirilməsi və onlara hər cür şərait yaradılması barədə manifest vermişdir. Almanların Azərbaycanda məskunlaşdırılmasına üstünlük verilmiş, 1818-ci ilin dekabrında ilk 488 alman ailəsi Gəncəyə gətirilmişdir.1819-cu ildə almanlar Yelenendorfda (Göygöldə), Annenfilddə (Şəmkirdə) və Traybenfelddə (Tovuz) Avropa üsullu üzüm bağları salaraq şərab və konyak zavodları tikmişlər. Almanlar istehsal etdikləri şərab məhsullarını dünya bazarlarına çıxarmış, 65- dən çox qızıl medallara layiq görülmüşlər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra üzümçülüyün və şərabçılığın inkişafı milliləşdirilmiş, yeni dövlət müəssisələri – sovxozlar yaranmışdır. Azərbaycanda üzümçülüyün və şərabçılığın yeni texnologiyalara uyğun inkişaf üçün 1933–1936-cı illərdə Mixail Xovrenko Özbəkistandan qayıdıb Gəncə Kənd Təsərrüfatı İnstitutunda professor kimi fəaliyyət göstərmişdir. Gəncədəki fəaliyyəti zamanı Xovrenko kənd təsərrüfatı texnologiyaları üzrə mühüm tədqiqatlar aparmış və öz biliklərini tələbələrlə bölüşmüşdür. Onun apardığı elmi işlər Azərbaycanda almanlardan sonra üzümçülüyün inkişafına böyük təsir göstərmişdir.
Sovet dövründə Gəncə – Tovuz bölgəsi şərabçılıq sahəsində ölkənin əsas mərkəzlərindən biri olmuşdur. Mixail Xovrenko kimi görkəmli alimin burada fəaliyyəti bölgədə üzümçülüyü və şərabçılğı inkişaf etdirmişdir.
Qədim şəhərlərimiz Gəncə ilə Səmərqənd arasında qardaşlıq əlaqələri protokolunun imzalanması iki xalq arasında mədəniyyət və iqtisadiyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu qardaşlıq əlaqələri çərçivəsində elm, təhsil və kənd təsərrüfatı sahələrində layihələr həyata keçirilir.
Azərbaycanın qərb bölgəsi, xüsusilə də Tovuz rayonu, üzümçülük və şərabçılıq sahəsində xüsusi əhəmiyyətə malikdir. Tarixən bu ərazi üzüm bağları ilə tanınmışdır və ölkənin ən keyfiyyətli üzüm növlərinin yetişdirildiyi bir mərkəz olmuşdur. Hələ 1 əsr əvvəl tovuzda almanlar şərab və konyak spirti çəkən zavod tikmişlər. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra üzümçülük, şərabçılıqda yeni inkişaf mərhələsi başlamışdır. Həmin illərdə təkcə Gəncə – Tovuz bölgəsi Ermənistan və Gorustandan çox üzüm və şərab istehsal etmişdir.
Lakin 1980-ci illərdə M.Qorbaçovun fitnəkar qərarları iləAzərbaycanda üzümçülük və şərabçılığa ciddi ziyan dəymiş, bu sahələr məhv edilmişdir. Ulu öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı ilə qeyri-neft sektorunda ən gəlirli sahə olan üzümçülük və şərabçılığın yenidən inkişafı başlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlər nəticəsində digər regionlar kimi Gəncə – Tovuz regionunun üzümçülük və şərab istehsalının əsas mərkəzlərindən birinə çevrilmişdir. Burada müasir texnologiyaların tətbiqi, yüksək məhsuldar üzüm sortlarının yetişdirilməsi və yüksək keyfiyyətli şərab istehsalı Azərbaycanın dünya bazarında tanınmasına şərait yaratmışdır.
Bu gün Tovuzda üzümçülük yalnız iqtisadiyyatın əsas sahəsi deyil, həm də Azərbaycan mədəniyyətinin bir hissəsidir. Bu, Azərbaycanın üzümçülük sahəsində lider mövqeyini qoruduğunu bir daha sübut edir.
Özbəkistan da müstəqillik illərində qədim üzümçülük diyarı olan Səmərqənddə şərabçılığı inkişaf etdirir. Xovrenko adına şərab zavodunun fəaliyyəti bərpa edilib, burada “Made in Uzbekistan” brendi ilə dünya bazarına şərabları ixrac edilir. Azərbaycan mütəxəssislərinin bilik və təcrübəsi Özbəkistanda müasir şərabçılıq texnologiyalarının tətbiqinə və yüksək keyfiyyətli məhsulların istehsalına böyük təkan verəcək. Qarşılıqlı əməkdaşlıq çərçivəsində yeni üzüm sortlarının və şərab istehsalında müasir texnologiyaların tətbiqi, şərabçılar üçün ixtisasartırma proqramlarının təşkili nəzərdə tutulur. Azərbaycan və Özbəkistanın arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq hər iki ölkənin iqtisadi və mədəni əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.
Haqqında söhbət açdığımız Mixail Aleksandroviç Xovrenko kimi tarixi şəxsiyyətlərin irsi bu əlaqələrin dərinliyini və əhəmiyyətini nümayiş etdirir. Hər iki ölkənin birgə fəaliyyəti, təkcə mədəni irsi qorumaqla kifayətlənmir, həm də iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni yollar açır. Bu dostluq keçmişdə və indi olduğu kimi, gələcək nəsillər üçün örnək olaraq davam edəcək.
Naiq MƏMMƏDHƏSƏNOV,
“Tovuz–Baltiya” MMC-nin
baş direktoru