Kəlbəcərdə müqəddəs bayrağımız əbədi dalğalanacaq

post-img

Strateji əhəmiyyətə malik Kəlbəcərin işğal olunması xalqımıza faciə yaşatmış, düşmənə isə meydan vermişdi. Çünki Şuşa və Laçından sonra Kəlbəcərin də işğal olunması  Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratmaq məqsədi daşıyırdı və məkrli düşmən buna nail oldu. Səsgücləndiricilərlə kəlbəcərlilərə müraciət edərək, guya humanist olduqlarını nümayiş etdirən erməni faşistləri, əslində, heç bir mərhəmət göstərmədən rayon sakinlərinə divan tutdular. 

Beləliklə, tarixi yurdumuz işğal olundu. Rayonun işğaldan azad olunması istiqamətində BMT-nin və qütblərə bölünmüş dünyanın səyləri səmərəsiz oldu. Ermənistan BMT nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozmaqla Azərbaycana qarşı hərbi güc nümayiş etdirərək, Kəlbəcər də daxil olmaqla ölkəmizin suveren ərazilərinin 20 faizini işğal etdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin sülh yolu ilə nizamlanmasına manelər yaratdı və bölgədə müharibə ilə nəticələndi. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə düşmən ordusu 44 gün ərzində məhv edildi və sarsıdıcı zərbədən sonra rəzil təslimçilik aktına imza atdı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında  Ermənistan rəsmən təslim oldu və Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla qaytarılması Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əsas mərhələlərindən biri oldu. Eyni zamanda, bu ərazilərin Azərbaycanın suveren nəzarətinə qaytarılması insan itkisinin qarşısını almağa imkan verdi. 

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. 

O qeyd edib ki, hərb meydanında qəhrəmanlıq tarixi yazan Prezident İlham Əliyev diplomatik masada da düşmənə yerini göstərdi. 

1993-cü il aprelin 2-də Ermənistan tərəfindən Kəlbəcərin işğalı qeyd etdiyim kimi insanlığa qarşı cinayətlərlə müşayiət olunmuşdu.

Belə ki, 1993-cü ilin aprelində ermənilər Başlıbel kəndində dəhşətli qırğın törətmiş, uşaq və qadınlar da daxil olmaqla 27 nəfəri qeyri-insani şəkildə qətlə yetirmişdilər. Bu faciə xalqımızın tarixinə düşmüş qara səhifələrdən biridir. Kəlbəcərin alınması Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermişdi. İşğal dövründə düşmən Kəlbəcərin təbiətini məqsədyönlü şəkildə dağıtmışdı - qiymətli ağac növlərini kəsərək Ermənistana daşımış, zəngin su ehtiyatlarını və faydalı qazıntılarını vəhşicəsinə istismar etmişdi. Uzun illər bu rayonun qədim və zəngin maddi-mədəni irsi dağıdılmış, saxtalaşdırılmışdı. Təcavüzkarlar tarixi abidələrin çoxunu xarabalığa çevirmişdilər. Rayon ərazisində yerləşən qədim alban-xristian irsinə aid olan monastırların orijinal memarlıq detalları həyasızcasına dəyişdirilərək erməniləşdirilmişdi. İşğal illərində ermənilər Azərbaycanın tarixi irsini bu torpaqlardan silmək üçün Kəlbəcərə yeni bədheybət ad vermişdi, onun demoqrafik tərkibini dəyişmək məqsədilə Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşma aparmışdılar. Amma unutmuşdular ki, Azərbaycan heç vaxt bu işğalla barışmayacaq. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu siyasi yolla, diplomatik qələbəmizlə işğaldan azad edildi. 

Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri azaddır və işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa işləri aparılır. Şərqi Zəngəzur rayonunun hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Kəlbəcər şəhərində və rayonun kəndlərində yeni yollar, enerji infrastrukturu tikilir. İşğaldan azad olunmasının ən parlaq rəmzlərindən biri də "İstisu" mineral suyunun dirçəldilməsi oldu. Onun istehsalı üçün zavod 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev tərəfindən Kəlbəcər rayonunun qərbində yerləşən eyniadlı kəndin təməlinin qoyulması zamanı istifadəyə verildi. 

Deputat sonda qeyd edib ki, uzun həsrətdən sonra Prezident İlham Əliyevin siyasi iradəsi ilə azad olunan Kəlbəcər indi öz sahiblərini gözləyir. Dövlət bu prosesin mümkün qədər tez baş tutması üçün böyük layihələr həyata keçirir. Tezliklə böyük köç Kəlbəcərə də gəlib çatacaq. “Qarabağ Azərbaycandır və nida” ilə başladığımız münaqişədən qalib ayrılaraq bizə zəfər yaşadan Prezident İlham Əliyev düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qaytarsın.
Prezident bunu bacardı və Kəlbəcər yüksəkliklərində, ata yurdumuzda, Dədə Şəmşirin yaşayıb-yaratdığı Kəlbəcərimizdə qələbəmizin təsdiqi olaraq bayrağımız dalğalanır və əbədi dalğalanacaq.

Siyasət