“Paris Paşinyanı “pat” vəziyyətinə salır”

post-img

Fransanın Qafqaz siyasəti bütün sərhədləri aşmaqdadır

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini hayların “Hetq” nəşrinə müsahibə verib. Oxucuların diqqətini onun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı dediklərinə yönəldəcəyik. Dekotini müsahibədə özünü, bir növ, “qırğı-diplomat” kimi aparır və o, bu “qabiliyyətini” akkreditə olunduğu ölkəyə deyil, Azərbaycana münasibətdə nümayiş etdirir. Rəsmi Parisin Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı mübahisə doğuran, hətta cəfəng fikirlərini məhz İrəvandakı elçisinin dilindən səsləndirməsi adi hala çevrilib. Səfirin budəfəki açıqlamaları ilə bağlı suallarımızı Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov cavablandırdı. Politoloq əvvəlcə diqqəti səfir Olivye Dekotinin sülh sazişi ilə bağlı açıqlamasına yönəltdi:

– Dekotini deyir: “Hesab edirəm ki, sülh sazişinin imzalanması zəruridir. Dəfələrlə, o cümlədən Ermənistan baş naziri tərəfindən bəyan edilib ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb. Yəni, baş nazir artıq razılaşdırılmış məsələni imzalamağa hazır olduğunu bildirib. Sazişin sona qədər həll olunmamış məsələlərin müzakirəsi sonrakı mərhələdə mümkündür”. İndi Fransa belə danışır... Kazanda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda irəliləyiş əldə olunacağına ümid yaranan kimi xarici aktorların bu məsələdə nə dərəcədə maraqlı olduğunu anlamağa çalışdım... Bu zaman qarşımıza belə bir mənzərə çıxdı: ABŞ ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasında və kommunikasiyaların açılmasında maraqlıdır. ABŞ Prezidenti bu barədə Bakıya göndərdiyi məktubunda yazdı. Rusiya Sergey Lavrovun dili ilə sülh müqaviləsi mövzusunda danışarkən Ermənistan ərazisində onların iştirakı ilə nəqliyyat qovşağının açılmasına diqqət yetirdi. İran sərhəddə irəliləyişdə bir şərtlə maraqlıdır ki, “sərhədlər dəyişməsin”. Türkiyə danışıqlar prosesinin bütün istiqamətlərini dəstəkləyir. Çünki Ankara Ermənistanla münasibətlərini hər üç istiqamətdə müəyyən edir. Yalnız Fransa qalmışdı. İndi də bu ölkənin mövqeyini Ermənistandakı səfiri açıqladı.

– Kollektiv Qərbin COP29 mövzusu ilə manipulyasiya etdiyi məlumdur. Bu yolla Bakını tezliklə İrəvanla sülh müqaviləsini imzalamağa məcbur etməyə çalışır. Sanki, Qərb bunu bacaracağını, Bakının indi hər şeyə hazır olduğunu düşünür...

– Etiraf etməliyik ki, səfirin açıqlaması BRICS-in Kazan görüşündən sonra Parisin tutduğu mövqeyin ortaya qoyulmasıdır. İndi gəlin baxaq görək Fransa Azərbaycan və Ermənistan arasında doğrudanmı sülhün əldə olunmasını istəyir? Əsas mövzu isə sülh müqaviləsinin imzalanması üçün göstərilən müddətdir. Bunu səfir Dekotini müsahibəsində belə izhar edir: “Hesab edirəm ki, iki ölkə arasında sülh sazişinin imzalanması zəruridir. Bu barədə dəfələrlə, o cümlədən Ermənistan baş naziri tərəfindən bəyan edilib ki, sazişin mətninin böyük hissəsi artıq razılaşdırılıb. Ermənistan baş naziri artıq razılaşdırılmış müddəalar üzrə sazişi imzalamağa hazır olduğunu bildirib. Həll olunmamış məsələlərin müzakirəsi isə sonrakı mərhələdə mümkündür. Xüsusilə, COP29-un təşkilatçısı kimi Azərbaycanın üzərinə ayrıca məsuliyyət düşür. İndiki mərhələdə Bakının əsas məsuliyyəti İrəvanla sülh sazişi bağlamaqdır. Artıq sülh müqaviləsi üçün şərait yaradılıb və mümkün qədər tez bağlanmalıdır. Bu o deməkdir ki, sülhə saatlar qalıb”. Deyə bilərik ki, Paris Bakının COP29 mövzusuna həssaslığına ümid edərək Ermənistanı sülhə tez çatdırmağa, belə demək mümkünsə, “sudan quru çıxarmağa” çalışır. Bununla belə, burada Fransa səfirinin sözlərini ABŞ Prezidenti Cozef Baydenin Bakıya məlum məktubu ilə müqayisə etməliyik: əgər rəsmi Vaşinqton BMT-nin iqlim sammitindən əvvəl iki ölkə arasında razılaşma imkanından qismən imtina edibsə, maksimalist Paris sülh sazişinin imzalanmasının son tarixini - COP29-a qədər təyin etməyi öz vəzifəsi hesab edir. Fikrimizcə, burada əlavə şərhə ehtiyac yoxdur.

– Dekotini Avropa İttifaqının Ermənistandakı mülki missiyasının “effektiv fəaliyyətindən” də danışıb...

– Bəli, səfirin bununla bağlı dedikləri maraq və sual doğurur. O, deyir ki, “Fransa Aİ-dəki tərəfdaşları ilə birlikdə Ermənistandakı mülki missiyanı genişləndirməkdə israrlıdır. Bu missiyanın heyəti, demək olar ki, iki dəfə artırılır, imkanları genişləndirilir... Yəni, monitorinqçilərin sayının təxminən iki dəfə – bir neçə yüz nəfərə qədər artırılması planlaşdırılır. Onlar son dərəcə təsirli olurlar. Son illərə nəzər salsanız görərsiniz ki, sadəcə “Google” ilə “silahlanmış” avropalı müşahidəçilər – onlar silahlı deyil, mülki şəxslərdir – bu regionun sabitliyi üçün Dağlıq Qarabağdakı (?) Rusiya hərbi kontingentindən daha çox iş görüb”. Deməli, Fransa sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişlərə baxmayaraq, Aİ-nin Ermənistandakı missiyasını artırmağa hazırlaşır. Burada məntiqi sual yaranır: əgər iki ölkə arasında sərhədin müəyyənləşdirilməsi prosesi normal tempdə davam edirsə, Aİ-nin missiyasının sayını artırmağa, hətta onun səlahiyyət müddətini uzatmağa nə ehtiyac var?!

– Fransanın Ermənistandakı səfiri müsahibəsində Qarabağ ermənilərinin geri qayıdışı mövzusuna da toxunub...

– Onun bu mövzuda dedikləri nə siyasi məntiqə, nə də beynəlxalq hüquqa sığır: “Dağlıq Qarabağın, (?) demək olar ki, bütün erməni əhalisi qaçmağa məcbur olub. Mən “məcbur olub” deyirəm, çünki bu, könüllü qərar deyildi. Doqquz aylıq mühasirə və amansız hərbi hücumdan sonra bu qərar könüllü ola bilməzdi. Onlar həssas insanlardır və hələ də dəstəyə ehtiyacları var. Bu, o demək deyil ki, biz onların geri qayıtmaq hüququndan imtina edəcəyik. Onların geri qayıtmaq hüququ rəy deyil, öhdəlikdir. Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı, Azərbaycan da daxil olmaqla, BMT üzvü olan bütün dövlətlər üçün məcburidir. Əlbəttə, qaçqınların özləri də bilirlər ki, indi geri qayıtmaq üçün şərait yoxdur. Bunun Ermənistan hökuməti ilə fərqi varmı? Məncə, yoxdur. Birincisi, biz Ermənistan hökumətinin həmin qaçqınları qəbul etmək və cəmiyyətə inteqrasiya səylərini dəstəkləyirik. İkincisi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilib”. Bu məsələdə Fransanın mövqeyi məlumdur və hər şey başadüşüləndir. Bəli, Qarabağ erməniləri mövzusunu Ermənistan hökuməti özü üçün bağlasa belə, Paris bu məsələni gündəmdən çıxarmayacaq! Buradan belə bir nəticəyə gəlmək olar ki, Fransa Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesinin normal məcrada davamında qətiyyən maraqlı deyil. Bəs Ermənistan hökuməti bununla bağlı nə etməlidir?! Axı, Paris artıq təkəbbür mərhələsinə keçən Cənubi Qafqaz siyasəti ilə Paşinyanı dalana dirəyir, onu “pat” vəziyyətinə salır. Tutaq ki, Bakı bu çağırışa məhəl qoymadı, onda necə olacaq? Nəyə görə səfir Bakının COP29-a qədər sülh sazişini imzalamaqdan imtina edərsə, Parisin hansı addımları atacağından danışmayıb? Yəni, Fransa son dörd ildə ölkəmizə qarşı elədiklərindən başqa daha hansı pis işləri görməyə hazırlaşır? Yelisey sarayının bütün addımlarını izləyirik. Bu ölkə Ermənistanı silahlandırır, onu revanşa hazırlayır. Ən təhlükəlisi də məhz budur. Onun sülh sazişinin nə vaxt, harada və hansı şərtlərlə imzalamasından asılı olmayaraq bu siyasətini davam etdirəcəyinə qətiyyən şübhəniz olmasın.

* * *

COP29-un ölkəmizdə keçirilməsinə dair razılaşma beynəlxalq ictimaiyyət tərəfindən sülh prosesinə dair hər hansı öhdəliklə əlaqələndirilməyib. Beləliklə, biz adi manipulyasiya ilə üzləşmişik. Parisin cəfəng və faydasız manipulyasiyası ilə...

Qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Siyasət