Ermənistan hakimiyyəti eyni vaxtda iki stulda oturmaq siyasətini davam etdirir. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin imzalanması üçün danışıqlar aparır, digər tərəfdən isə ordusunu gücləndirir. Onun hazırlıq səviyyəsini və hərbi texniki təchizatını gücləndirir.
Bir neçə gün öncə Hindistanın “The Times of India” qəzeti bildirmişdi ki, Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023-2024-cü maliyyə ilində Nyu–Dehlinin müdafiə məhsullarının ən böyük idxalçıları sırasındadır. Nəşrin yazdığına görə, Ermənistan son 4 ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb. Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb. Qəzet yazır ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il ərzində silah-sursat satışının həcmi 2,6 milyard dollar təşkil edib.
Bu istiqamətdə yayılan son məlumat da diqqəti cəlb edir. “Armenian Military Portal” yazır ki, Ermənistan parlamentinə ehtiyatda olan zabitlərin hərbi xidmətə qayıtmasına icazə verən qanun layihəsi təqdim edilib. “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklərin müəllifləri parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan və onun müavini Armen Xaçatryandır. Yeri gəlmişkən, qeyd edək ki, A.Koçaryan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının üzvüdür. O, İkinci Qarabağ müharibəsinin şəraitini araşdırmaq üzrə müvəqqəti parlament komissiyasının da rəhbəri olub.
A.Xaçatryan komissiyanın oktyabrın 30-da keçirilən iclasında bildirib ki, məqsəd təcrübəli və ixtisaslı hərbçi kadrların fəaliyyətdə olan hərbi hissələrə cəlb edilməsidir. Eyni zamanda, deyib ki, yenidən hərbi xidmətə cəlb ediləcək ehtiyatda olan şəxlər pensiya hüququndan məhrum olunmayacaqlar. Ermənistan dövləti onlara xidmət illərinə görə pensiya verməkdə davam edəcək.
Qanunun müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası tərəfindən təsdiqindən sonra parlamentin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilməsi planlaşdırılırdı.
Xaçatryan ehtiyatda olan zabitlərin sayını məlum səbəblərdən açıqlamasa da, bu ideyanın həyata keçirilməsinin ordunun şəxsi heyəti ilə bağlı vəziyyəti xeyli yaxşılaşdıracağına əminliyini ifadə edib.
Müdafiə nazirinin müavini Arman Sarkisyan isə bildirib ki, zabit korpusuna polkovnik və polkovnik-leytenant rütbəsinə qədər təcrübəli zabitlərin cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, əsas kadr çatışmazlığı tağım, bölük və tabor (batalyon) komandirləri səviyyələrində müşahidə olunur.
Dünən yayılan məlumatda isə Ermənistan parlamentinin məsələni tələm-tələsik səsverməyə çıxararaq yekdilliklə qəbul etdirdiyi bildirilib.
Bu arada “Indian Defense Research Wing” nəşri İrəvanın Hindistanın köməyi ilə hava hücumundan müdafiəni gücləndirməyə çalışdığı və Nyu–Dehli ilə dörd ədəd “Su-30SM” qırıcı təyyarəsinin modernləşdirilməsinə dair danışıqlar apardığı barədə məlumat yayıb. Qeyd edilib ki, söhbət 2018-ci ildə Rusiyadan alınmış qırıcı təyyarələrdən gedir. Planın məqsədi Rusiyanın “Su-30SM”ni Hindistan “Super-30” konfiqurasiyası səviyyəsinə çatdırmaqdır.
“Nyus.am” saytı isə yazır ki, 2024-cü il oktyabrın sonunda Ermənistan müdafiə nazirliyi Hindistan istehsalı olan “Su-30MKİ Flanker-H” qırıcılarının bir partiyasını, həmçinin xüsusi silahların alınması məqsədilə “HAL” (Hindustan Aircraft Limited) təyyarə istehsalçısı ilə danışıqlara başladığını açıqlayıb. Eyni zamanda, Ermənistan 8 ədəd əlavə “Su-30SM Flanker-C” üçün yerinə yetirilməmiş sifarişi ləğv etmək niyyətindədir.
“Avions Legendaires” nəşri qeyd edir ki, bu, Hindistanın özünün “Su-30MKİ”ni ixrac etmək qərarından sonra bağladığı ilk müqavilə olacaq. Hazırda Ermənistanın qırıcılar parkı 2019-cu ilin yazında alınan dörd “Su-30SM Flanker-C” və təxminən 15-ə yaxın köhnə “Su-25K”dan ibarətdir. Lakin qırıcıları qəbul etdikdən bir neçə həftə sonra Ermənistan daha səkkiz ədəd “Su-30SM” sifariş etmək qərarına gəlib. Müqavilə məbləğinin 70 faizə qədəri ödənilsə də, o vaxtdan bəri heç bir təyyarə gətirilməyib. Səbəb sadədir: “Suxoy” Səhmdar Cəmiyyəti onların heç birini istehsal etməyib və bu günə qədər Su-30-lar öz zavodlarını Rusiyanın özünün ehtiyacları üçün tərk edib.
Beş ildən sonra, deyəsən, ermənilərin səbri tükənib. Rusiya nəinki müştərisini, həm də müttəfiqini itirə bilər. Ermənistan “HAL” ilə 8-dən 12-yə qədər “Su-30MKİ”nin tədarükü ilə bağlı danışıqlara başlayıb. Faktiki olaraq, “HAL” “Suxoy”un avansın ödənilməsi şərti ilə səkkiz yeni təyyarəni təhvil alacaq və dörd hazırkı “Su-30SM”i “Su-30MKİ” standartına uyğun modernləşdirəcək. Bu, elektron skan edilmiş orijinal passiv anten radarını aktiv “Uttam” radarı ilə əvəz etməkdir.
Ermənistanın son vaxtlardakı hərbi fəallığı barədə fikirlərini XQ ilə bölüşən Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Ermənistanın silahlandırılması ilə bağlı mütəmadi məlumatlar yayımlanır. Onun sözlərinə görə, burada təəccüblü heç nə yoxdur. Aydındır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə çalmasından sonra Ermənistan özünə yeni havadarlar axtarmağa başlayıb. Qərb dünyasını təmsil edən ABŞ və Fransa Ermənistanın başlıca yeni havadarlarına çevriliblər. Onlar rəsmi İrəvanı silahlandırmaq prosesi fonunda digər müəyyən məsələlərlə də bağlı addımlar atırlar: “Ermənistan həm daxili imkanlardan, həm də digər imkanlardan istifadə edərək sürətlə ordu qurmağa çalışır. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində işğalçı ordunu darmadağın etdikdən sonra onlarda zabit kadrı çatışmazlığı da özünü ciddi şəkildə göstərir. Həmçinin küsərək, yaxud küsdürülərək ordudan uzaqlaşanlar çox olub. Halbuki, bu məğlubiyyətdə onların böyük təqsiri yox idi. İndi isə qarşı tərəf ordunu silahlandırarkən, yeni hərbi hissələr yaradılarkən onların çatışmayan heyətinin təminatı, silahlarla təchizatı, əlbəttə, ehtiyatda olan zabitlərin də yenidən orduya cəlb olunmasına gətirib çıxarır. Yəni, Ermənistan hərbi-siyasi rəhbərliyi kadr çatışmazlığını ehtiyatda olan zabitləri orduya cəlb etmək yolu ilə aradan qaldırmağa çalışır. İstəyirlər ki, ehtiyatda olan zabitlərə üz tutaraq müəyyən ixtisaslar üzrə onlardan ordu quruculuğu prosesində yararlansınlar. Hətta, hərbçilərin təqaüdlərini də saxlayaraq onların orduya qayıtmalarını müəyyən bir şəkildə stimullaşdırmaq istəyirlər”.
Ş.Ramaldanov qeyd etdi ki, bu da təbii bir haldır. Ermənistan açıq-aydın silahlanır. Bu səbəbdən daxildəki kadr potensialından istifadə edilməsi məntiqlidir. Digər tərəfdən Ermənistanın silahlandırılma coğrafiyası getdikcə genişlənir. Bu genişlənmədə bizim diqqətimizi cəlb edən ermənilərin Rusiyaya dost olmayan ölkələrə, məsələn Fransa və ABŞ-yə üz tutmasıdır: “Əlbəttə, Ermənistanın müdafiə naziri Yunanıstan, Fransa və Hindistanla müəyyən müqavilələr imzalayıb. Cənubi Koreyadan tanklar almaqla bağlı müqavilənin imzalanmasına dair məlumatlar var. Yaponiyada da müəyyən görüşlər keçirilir. Bunlar hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün keçirilən görüşlərdir”.
Ermənistan hərbi hava qüvvələrinin çox köhnəldiyini deyən Ş.Ramaldanov belə olan təqdirdə İrəvanın hərbi təyyarələr parkının yenilənməsinə ehtiyac duyulduğunu bildirdi. Onun sözlərinə görə, burada diqqəti cəlb edən “Su-30”ların alınması ilə bağlıdır: “Bu təyyarələr Rusiyada daha geniş hərbi teatrda istifadə olunması üçün istehsal edilir. Məsələn, “Su-30”-lar İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən istifadə olunmadılar. Əlbəttə, bunun bir səbəbi Rusiya idi. Digər səbəb isə təyyarənin radiusunun çox böyük olması ilə bağlı idi. Onların Qarabağ ərazisində döyüşlərdə istifadəsi mümkünsüz olmuşdu. Düşünürəm ki, onların yenidən “Su-30”-lara üz tutması qarşıya qoyulan hədəflərlə bağlıdır. Bəlkə də onların hərbi təyyarə parkı “Su-30”-larla bağlı olduğu üçün onlar indi bu parkı daha müasir “Su”larla təmin etməyəı çalışırlar”.
Müsahibimiz qeyd etdi ki, Ermənistanın maliyyə imkanlarının aşağı səviyyədə olmasına rəğmən belə silahlandırılmasının bir neçə səbəbi var: “Gələn məlumatlara görə, Ermənistan Rusiya istehsalı olan 300 milyon dollar dəyərində silah-sursatı Qərbə satmışdır. Qərb onları Ukraynaya göndərmək üçün almışdır. Digər tərəfdən Ermənistanın dövlət büdcəsinə bəzi donor təşkilatları tərəfindən maliyyə ayrılır. Sonra isə silah-sursat almaq üçün həmin maliyyədən ayırmasına imkan verirlər. Belə görüntü yaranır ki, Ermənistan öz vəsaiti hesabına müqavilələr bağlayır və bu silahları alır. Digər boşluqlar isə onun havadarları tərəfindən doldurulur. Bununla da onlar Ermənistanın silahlandırılması prosesində dolayısı ilə iştirak edirlər”.
Ş.Ramaldanov onu da qeyd etdi ki, hansısa dövlətdən silah-sursat almasında təəccüblü heç nə yoxdur. Amma ölkəmizlə müharibə şəraitində olan Ermənistanın silahlandırılması diqqətimizdən yayına bilməz: “Ermənistan nə qədər silahlansa da, əlbəttə, onun gücü Azərbaycanın gücünə çata bilməz. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aydın şəkildə bildirib ki, istər Ermənistan, istərsə də onun havadarları tərəfindən bizə hər hansı təhlükə yaranarsa, ölkəmiz dərhal qəti cavab tədbirləri görəcək. Eyni zamanda, nəyi necə nə zaman etmək lazım olduğunu da Azərbaycan rəhbərliyi yaxşı bilir. Azərbaycan ərazi bütövlüyünü qorumağa qadirdir. Hər hansı təxribata artıqlaması ilə cavab veriləcək. Ola bilsin ki, bu təxribatların cavabı sadəcə cavab yox, təhlükənin miqyasından asılı olaraq hansısa əlavə tədbirlərin görülməsi də istisna olunmur. Hər halda sülh müqaviləsi imzalananadək Ermənistana gətirilən silahlar Azərbaycan üçün legitim hərbi hədəf kimi qiymətləndirilə bilər”.
Səxavət HƏMİD
XQ