Ermənistan Gürcüstandakı seçkilərdən nəticə çıxaracaqmı?

post-img

Yaxud Avropa “bulka”sı və 60 avroluq endirimlə rus buğdası arasında seçim

Ekspertlərin qənaətincə, Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkiləri Qərbin yaşadığımız Cənubi Qafqaz platformasındakı ciddi məğlubiyyəti idi. Əlbəttə, söhbət Rusiyaya məğlub olmaqdan gedir. Müşahidəçilər onu da bildirirlər ki, Gürcüstandakı seçkilərin nəticələrinin Ermənistana təsiri var. Başlıca vurğu, ilk növbədə, Hayastanın Azərbaycanla qarşıdurmada xeyli zəif duruma düşməsi üzərinə qoyulur.

Əlbəttə, Gürcüstandakı seçkilərlə bağlı başqa amillərə də nəzər salmaq mümkündür. Məlum olduğu kimi, ölkə hazırda Avropa, konkret olaraq, Şengen zonası ilə vizasız gediş-gəlişə malikdir. O da məlumdur ki, son dövrlər rəsmi Tbilisinin müstəqil siyasət yeritməsinə qarşı çıxan Qərbin ayrı-ayrı liderləri məhz bu imtiyazın ləğvinə yönələn fikirlər səsləndirir və elə görüntü yaradırlar ki, sanki, həmin imtiyazın aradan qaldırılması Gürcüstana fəlakət gətirəcək.

Bəli, Qərbin gürcü iqtidarına təsir və təzyiq baxımından başqa aləti yoxdur, bu, öz yerində. Qərbə inteqrasiya yolu tutduğunu bəyan edən Ermənistanda isə mövcud xüsusudakı söz-söhbətlərdən gəlinən nəticə ondan ibarətdir ki, hazırda Avropanın ermənilərə vəd etdiyi yalnız vizasız gediş-gəlişdir. Yəni, rəsmi İrəvan və tərəfdarları Qərbə inteqrasiyanın faydalarına dair başqa tutarlı nə isə demirlər, daha doğrusu, deyə bilmirlər. Belə də təəssürat var: ermənilər Rusiyanın hesabına qazandıqları pulu Avropada xərcləmək istəyirlər, “köhnə qitə” isə yalnız vizada endirimi edəcək, vəssalam.

Pula gəldikdə, Ermənistanın sanksiya altında olan rus mallarını xaricə daşımaqla – təkrar ixrac gerçəkləşdirməklə, habelə, xaricdən Rusiyaya idxalına qadağa qoyulmuş malların çatdırılması ilə büdcəsini artırdığı, baş nazir Nikol Paşinyan iqtidarının öyündüyü iqtisadi inkişaf tempinə nail olduğu məlumdur. Belə bir durum Moskvaya da, İrəvana da, eyni zamanda, ikincini əlini cibinə salmadan dolandırmaq istəyən Qərbə də sərfəlidir. Ona görə heç bir tərəfdən səs çıxmır. Necə deyərlər, alan razı, satan razı. Bəs sabah Rusiyanın üzərindən sanksiyalar götürülsə, durum necə olacaq? Üfiqdə belə bir perspektiv görünmədiyindən, Ermənistan rəhbərliyi məsələ barədə düşünmür. Çünki onun təmsilçiləri dövlət təfəkküründən uzaq, yalnız ticarət prizmalı məhdud və primitiv yanaşma tərzinə malikdirlər.

Sadə ermənilərin yaşayış səviyyəsi çox aşağıdır. Rusiyanın hesabına qazanılan vəsait isə ancaq baş nazir Nikol Paşinyanın və ətrafınındır. Bir halda ki, Avropaya gedən orta statistik erməni təyyarə üçün bilet pulu tapmır, o zaman 60 avroluq viza xərcinin aradan qaldırılıb-qaldırılmamasının nə önəmi var? Əlbəttə, heç bir xeyri yoxdur. Deməli, əsas məsələ Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması olmalıdır. Eyni zamanda, təhlükəsizliyin təminatı. Görünür, bu məqamı gürcülər daha yaxşı anladıqlarından, Avropanın onlarla yuxarıdan aşağı baxmasına razı deyillər və seçkidə iradələrini ortaya qoydular.

Gürcüstandan fərqli olaraq, Ermənistan rəhbərliyi üçün əhali amili sonuncu yerdədir. Ona görə artıq altı ildir ölkədə sosialyönümlü düz-əməlli layihə reallaşdırılmır. Üstəlik, Paşinyan iqtidarı avantüra naminə erməni gəncini 44 günlük müharibədə qırdırıb, ölkəni Rusiya ilə Qərbin rəqabət plasdarmına çevirib. Daha doğrusu, ikincinin maraq və mənafelərinin təminatı üçün birincini heçə saymaq yolunu tutub.

Hazırda Ermənistan rəhbərliyi Azərbaycanla münasibətləri qaydasına salmağı, sülhə gəlməyi düşünmür, çalışır ki, barış məsələsini geosiyasi rəqabət kontekstində saxlasın, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, Azərbaycana qarşı təzyiq metodlarının işlək saxlanılması, İranın təcridi, Türkiyənin asılı hala gətirilməsi oyunlarında başlıca fiqura çevrilsin.

Bir sözlə, rəsmi İrəvan ölkəni təhlükəli sularda üzdürməkdədir. Su da deyirik, əslində, ortada bataqlıq var. Ermənistan həmin bataqlığın illüziya girdabındadır.

Yəqin elə buna görədir ki, bəzi erməni siyasi ekspertlər ölkələrinin Gürcüstandan nümunə götürməli olduğunu vurğalayırlar. Onlardan biri də politoloq Qriqor Balasanyandır. O, Ermənistan radiosunun “Abovyan vaxtı” proqramının efirində deyib ki, ölkəsi milli dövlət qurmaq istədiyi üçün vizasız gediş-gəliş və ya Qərb qrantlarına əhəmiyyət verməyən Gürcüstanın yolu ilə getməlidir. Bu yerdə əvvəldə səsləndirdiyimiz bir fikrə qayıdaq. Söhbət Qərbin Gürcüstandakı seçki məğlubiyyətinin Ermənistana təsirindən, daha dəqiq desək, onun Ermənistandakı mövqelərini laxladacağına dair fikirdən gedir.

Bəli, Gürcüstan xalqı Rusiya ilə münasibətlərin qorunub saxlanmasının tərəfdarı olan və anti-Rusiya sanksiyalarına qarşı çıxan hakim “Gürcü Arzusu” Partiyasına etimadı elə-belədən göstərmədi. Bu məqamı vurğulayan Q.Balasanyanın diqqət çəkdiyi ən mühüm cəhət “Gürcü Arzusu”nun ermənilərlə, demək olar, eyni dəyərlər sistemini bölüşən gürcü xalqı arasında savadlı kampaniya aparmasıdır. O deyib: “Gürcüstanda keçirilən seçkilər Ermənistan üçün bələdçi olmalıdır. Yaşamaq və nə isə yemək, Avropa naminə güclü Şimal qonşusu ilə qarşıdurmada olmağa dəyməz”.

Q.Balasanyanın baxışına görə, Gürcüstanın seçki nümunəsi dünyada yaranmış yeni tendensiyanı təsdiqlədi. Sübut olundu ki, anti-Rusiya məhdudiyyətlərinin tətbiqindən imtina dövlətin və onun hakimiyyətinin reytinqini sanksiyalara qoşulmaqdan daha çox artırır. O, Ermənistandakı vəziyyətə qayıdaraq, ölkənin Qərbyönümlü dairələrinin yalançı gündəm tirajladıqlarını vurğulayıb. Bu gündəmin başlıca təqdimat forması isə belədir: Əgər üzümüzü Qərbə çevirsək, çörəklə təmin olunacağıq, çörək olmasa, zəmanətli deyilik.

Ekspertin fikrincə, reallıq ondan ibarətdir ki, Ermənistan hazırda ucuz rus buğdasını, hətta normada nəzərdə tutulduğundan bir qədər böyük həcmdə almaq üçün unikal imkana malikdir. Bundan başqa, Ermənistanın Rusiyadan və Avrasiya İqtisadi İttifaqı ölkələrindən ucuz enerji resursları idxalı və bu sistem çərçivəsində təhlükəsizliyini təmin etmək imkanı da var. Avropa, konkret olaraq, Avropa İttifaqına gəldikdə, bu məkan qlobal miqyasda taxıl istehsal edən ölkələr sırasında deyil. Aİ ABŞ-dan və Kanadadan buğda alır. Çünki başqa heç bir yerdə yoxdur. Rusiya isə buğdanı həm də Çindən idxal edir. Deməli, ölkənin ticarət tranziti baxımından da rolu böyükdür.

“XXI əsrdə bütün dünya yüksək texnologiyalar dövrünə qədəm qoyur və əmin oluruq ki, bizimlə heç bir əlaqəsi olmayan anlaşılmaz geosiyasi maraqlar naminə “Fujika” kerosin sobaları dövrünə qayıdılmayacaq”, – deyən erməni politoloq Avropa ilə vizasız gediş-gəliş məsələsi üzərində dayanıb. Onun fikirlərindən gəlinən qənaət budur ki, maliyyə vəsaiti olmadan “köhnə qitə”yə səyahət, bölgəni restorana getmədən, “bulka” yeyərək gəzmək mənasız əyləncədir: “Dünyanı görmək, Avropaya səyahət üçün pul tələb olunur. Əziz həmvətənlər, sizdə belə pul varmı?” Səyahət etməyə imkanı olanlar onsuz da gedirlər. Yəni, pulluların vizaları hazırdır. 10 illik vizalı pasport daşıyanlar deyirlər ki, gəlin, viza rejimini aradan qaldıraq. Şəxsən onlar üçün hər şey yaxşı olacaq, təhlükə yaranarsa, ölkəni tez tərk edəcəklər”.

Politoloq Q.Balasanyan, həmçinin, hesab edir ki, Ermənistan BRICS-ə qoşulmaqla, son 30 ildə təzyiqi altında olduğu Qərbin ultra-liberal təsirindən xilas ola bilər. O, qurumun ölkə üçün iqtisadi məsələlərdən tutmuş, ekzistensial təhlükəsizliyə qədər çox ciddi geosiyasi və regional əhəmiyyətinin olacağına da əminliyini bildirib. Ekspertin sözlərinə görə, BRICS-i yaradan ölkələr Ermənistanın mövcudluğuna, erməni xalqının ənənəvi dəyərlər sisteminə təhlükə yaratmırlar və ən azı bu səbəbdən ölkə həmin təşkilatda yer almalıdır.

Sonda qeyd edək ki, Gürcüstandakı seçkilərin nəticələrinin Ermənistana dərs olması mahiyyəti aktualdır. Şübhəsiz, Balasanyanın baxışlarına bənzər baxışların gələcəkdə daha da güclənəcəyi ehtimalı böyükdür. Belə bir durumda bir məsələ barədə düşünməyə dəyər. Rusiyanın orbitinə qayıtmaq erməni avantürizminin aqibətinə hansı təsiri göstərəcək. Təminat varmı ki, bu avantürizm yenidən alovlanmayacaq. Axı Rusiyada, belə demək mümkünsə, erməni sevdalılar, kifayət qədər, çoxdur və onların rəsmi Moskvanın qərarlarına təsir imkanları hələ də qalmaqdadır.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət