və yaxud erməni avantürizminə məzar daşı
“İnsanlar yaxınlarının məzarlarını ziyarət edə bilmirlər”. Bu fikri Fransanın Ermənistandakı səfiri Olivye Dekotini oktyabrın 30-da ölkənin Sünik (Zəngəzur) vilayətinə səfəri zamanı bölgənin Nerkin Hand (Baharlı) kəndində olarkən deyib. Səfirin nə üçün Sünikə getdiyi bəllidir.
Fransa Bakıda keçiriləcək COP29 xüsusunda Qərbin start verdiyi anti-Azərbaycan kampaniyasına, bir növ, rəng qatmaqla məşğuldur. Söhbət ölkəmizin işğalçı qiyafəsində təqdimatından, indiki halda, əzazil obrazının yaradılmasından gedir.
Səfir özünün saxta sentimentallığı ilə hansı hədəfə vurduğunu çox gözəl bilir. O deyir ki, insanlar yaxınlarının məzarını, guya, Nerkin Handın bir hissəsi Azərbaycan tərəfindən işğala məruz qaldığı üçün ziyarət edə bilmirlər. Görəsən, Dekotini otuz ilə yaxın müddətdə Azərbaycana məxsus onlarca kəndin insanının bu acı aqibəti yaşadığını bilirmi? Əlbəttə ki, bilir…
Bəli, otuz illik işğal yaşantısının ən böyük sarsıntılarından biri azərbaycanlıların öz doğmalarının, əzizlərinin məzarlarını ziyarət edə bilməmələri olub. Səfir Dekotininin nəzərinə onu da çatdıraq ki, təsvir etdiyi səhnədən qat-qat acınacaqlı daha bir durum var – məzar yerini tapa bilməmək və ya qəbirləri təhqir olunmuş formada görmək. Azərbaycan xalqı bu aqibəti də yaşayıb. İşğal başa çatdıqdan sonra neçə-neçə vətəndaşımız təsvir etdiyimiz səhnənin məşəqqətinə qatlaşıb. Həqiqətən, çox böyük dərddir. Hərçənd nə səfir Dekotininin, nə də onun təmsil etdiyi ölkənin bunu anlamaq üçün nə istəyi var, nə də mədəniyyəti.
Rəsmi Paris Cənubi Qafqazla bağlı maraqlarını gerçəkləşdirmək niyyətindədir. Daha doğrusu, Fransa kollektiv Qərbin region xüsusundakı mənafelərinin reallaşması üçün çalışır və istəyir ki, öz marağı naminə ən həyasız metodları işə salmaq potensialında olduğunu göstərsin. Axı müasir Fransanın idarəçilik sisteminin üzqarası olan prezident Emmanuel Makron özünü başqa cür təsdiqləyə bilmir. Onu və administrasiyasının üzvlərini sadə ermənilərin düşdükləri durum qətiyyən maraqlandırmır, heç narahat da etmir.
Bəli, səfir Dekotini “mən bütün sünikliləri dəstəkləməyə gəlmişik” deməklə ağ yalan danışır. Ancaq ali diplomatik təmsilçinin saxta sentimentallığa hesablanmış fikirləri bununla məhdudlaşmır. Nerkin Handın bir hissəsinin, guya, Azərbaycan tərəfindən işğal olunduğunu deyən səfir əlavə edir ki, bu durum əhaliyə böyük çətinliklər yaşadır, insanlar daimi təşviş içərisində yaşayır, yeni zərbələrlə üzləşəcəklərindən ehtiyatlanır, içməyə su belə tapmırlar. Göründüyü kimi, səfir vəziyyəti dramatikləşdirməklə məşğuldur.
O.Dekotini dramatizmi artıraraq, eyni zamanda, bildirib ki, Nerkin Hand kəndi üç tərəfdən azərbaycanlılarla (əsgərlərlə) əhatə olunub və bu vəziyyətdə ömür sürmək çox çətindir. Bu yerdə 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonra Fransanın ayrı-ayrı təmsilçilərinin Qarabağdan Ermənistana köç etmiş ermənilərlə söhbətlərində tutduqları qızışdırıcı mövqenin ayrı-ayrı elementləri yada düşür. Onlar “ruh yüksəkliyi” yaradaraq, həmin ermənilərin öz torpaqlarına qayıtmaları üçün mübarizə aparmalı olduqlarını bildirmiş, habelə, silaha sarılmalarının mümkünlüyünə dair eyhamlar səsləndirmişdilər. İndi səfir Dekotininin də dözülməzlik məntiqi eyni mərama hesablanıb. Deməli, azərbaycanlıların əhatəsində yaşamaq mümkünsüz imiş. Yəqin, elə buna görə də Fransa otuz ilə yaxın müddətdə ATƏT-in hazırda canını tapşırmış Minsk qrupunun həmsədr ölkəsi kimi işğalın başa çatması üçün heç bir iş görmədi. İşğala son qoyulduqdan sonra isə Qarabağın erməni əhalisinin köçündə başlıca rol oynadı, Azərbaycanın həmin əhalinin bölgədə qalması üçün verdiyi təminatlara məhəl qoymadı.
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına başlanıldığını, ölkəsinin prosesə, guya, dəstək verdiyini, həmçinin işlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsinə uyğun reallaşdırıldığını, sənədin əsas kimi götürüldüyünü diqqətə çatdıran səfir Dekotininin, faktiki olaraq, Azərbaycanı işğalçı adlandırması son dərəcə cəfəngdir. Sadə məntiq var: Bir halda ki, sərhədlər müəyyən deyil, hansı işğaldan söhbət gedə bilər? Səfir özü-özünü inkar edir.
Bu cür yanaşma, bütövlükdə, Fransa dövləti üçün xarakterikdir. Fikrimizin sübutu kimi prezident Makronun 2022-ci ilin payızında yerli televiziyaya müsahibəsində Azərbaycanı işğalçı adlandırmasını xatırladaq. Bu, baş nazir Nikol Paşinyanın Praqada ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etdikdən sonra, yəni danışıqlarda pozitiv məqamın nəzərə çarpdığı bir vaxtda yaşanmışdı.
Makronun bəyanatının hansı fəsadlar törətdiyi də məlumdur. O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik missiyası olan Brüssel prosesini pozmuşdu. Nəzərə alaq ki, Praqadan sonra Azərbaycan və Ermənistan liderləri dekabrda Belçikanın paytaxtında yenidən bir araya gəlməli idilər. Həmin vaxt baş nazir Nikol Paşinyan təmasa ancaq Makronla birgə qatılacağına dair şərt irəli sürdü. Ölkəmizin rəhbərliyi, haqlı olaraq, bununla razılaşmadı. Çünki Azərbaycanı işğalçı adlandıran ölkənin rəhbərinin nizamlama masasında əyləşməsi qeyri-mümkün idi. Beləliklə, Mişelin sülh missiyası yarımçıq qaldı.
İndi Azərbaycan və Ermənistan arasında nizamlamada irəliləyişlər var. Belə bir durumda Fransa səfiri Sünikə gedir və Azərbaycanın təcavüzkar obrazını aşılayan bəyanat səsləndirir. Deməli, Paris köhnə ampluasında qalır, barış mühitinin formalaşmasına maneçilik törədir, qızışdırıcı mövqe tutur. Yəni, səfir həm COP29 xüsusunda anti-Azərbaycan təbliğatına güc verir, həm də sülhə qarşı çıxır.
Ümumən, Qərb imperializmi üçün azərbaycanlılarla, bütövlükdə, türklərlə ermənilərin birgə yaşamaları anlayışı, qətiyyən, yoxdur və olmayıb da. Çünki ermənilərə həmişə alət kimi yanaşıblar. Bu mənada çar Rusiyası tərəfindən onların Cənubi Qafqaza köçürülmələri də Qərbə sərf edib. Yəni, məsələ ilə bağlı rus və Qərb imperializminin maraqlarında uzlaşma olub. Hər iki tərəf çalışıb ki, Türk dünyasının arasına erməni pazı yeritsin. Səfir Dekotinin üzərində dayandığı Nerkin Hand, yəni keçmiş Baharlı kəndi də bu baxımdan olan bir nöqtədir. Əlbəttə, bu kəndin, eləcə də Zəngəzur mahalının hansı şəraitdə Ermənistana verilməsindən söz açmaq niyyətindən uzağıq. Onsuz da tarixi həqiqətlər bəllidir. O da bəllidir ki, dekotinilərin nə deməsindən, nə danışmasından asılı olmayaraq, həqiqətlər gün işığı kimi nə zamansa üzə çıxır, ədalət zəfər çalır. Hazırda Baharlıda, həmçinin, Qafanın bir neçə yüz metrliyində Azərbaycan əsgəri dayanıbsa, bunun özündə də ilahi ədalət payı var.
Yazıya məzar xüsusunda başladıq. Fikrimizi ədalət gözləntisi ilə bitirərək deyək ki, ədalətin təcəlli etdiyi indiki zamanda Fransa və Qərbin digər anti-Azərbaycan dairələrinin yalnız bir missiyası ola bilər – ölmüş erməni avantürizminin məzarına başdaşı olmaq. Əslində, səfir Dekotini Sünikə yalnız bunun üçün yollanmışdı. Nə deyək, sağ əli digər ermənipərəstlərin başına.
Ə.RÜSTƏMOV
XQ