Zəfər marafonunun 36-cı günü
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.
• Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan dövlətimizin başçısı deyib: “Sizin səfəriniz bir daha Türkiyə–Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz – Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmisiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmnun edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə - yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqq işimizi davam etdiririk”.
Ali Baş Komandan daha sonra bildirib ki, Vətən müharibəsi başlanandan indiyədək əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri işğalçılardan azad edilib. Ümumiyyətlə, təqribən, 200-ə yaxın yaşayış məntəqəsi geri alınıb.
Dövlətimizin başçısı daha sonra vurğulayıb: “Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır”.
Prezident İlham Əliyev söhbətində bu prosesin uzun sürməyəcəyinə əminliyini vurğulayaraq əlavə edib ki, biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik.
Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bu yaxınlarda işğalçı ölkənin baş naziri Rusiya Prezidenti Putinə məktub göndərib. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilib, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik...
Mövlud Çavuşoğlu söhbət zamanı bildirib: “Bütün bu üstünlüyə – həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var. Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”.
• Müdafiə Nazirliyinin mətbuat xidmətidən bildirilib ki, oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.
İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb. Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.
• Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.
• Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.
• Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib. Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib. Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.
XQ