İlham Əliyevin Liderliyi və Zəfərimizi doğuran amillər
Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətə başlamasından 21 il keçir. Ötən müddəti xarakterizə etmək üçün çeşidli arqumentlər gətirmək, paralellər aparmaq mümkündür. İndiyədək də Prezident İlham Əliyevin dövlət başçısı kimi gördüyü işlərlə bağlı ən müxtəlif konseptual fikirlər bölüşülüb. Heç şübhəsiz, əlahəzrət zaman keçdikcə, daha bir çox məqamlar üzə çıxacaq və bu məqamlar şanlı tariximizin tərkib hissəsi olaraq özünə vətəndaşlıq hüququ qazanacaq. Hələlik isə qətiyyətlə bunu demək olar – 21 ilin özü bir tarixdir. Qarabağ hədəfinə aparan və Qarabağa qovuşduran tarix. Ərazi bütövlüyümüzün və suverenliyimizin təntənə tarixi.
Varislik
Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini əsaslandıran faktlar da yetərincədir. Ancaq Qarabağ amalına sadiqlikdə bir başqa anlam var. Əminliklə demək mümkündür ki, Heydər Əliyev azərbaycanlı kimliyinin torpaq itkisi ilə barışmamaq əzminin obrazıdırsa, İlham Əliyev fəaliyyəti ilə bu obrazın sistematikliyini, dönməzliyini və ardıcıllığını göstərdi. Xalqımız, millətimiz üçün son dərəcə ağır sayılacaq sindromu aradan qaldırdı.
Atalar yaxşı deyib ki, torpaqdan pay olmaz. Torpaqdan payın olmadığı ata vəsiyyətinin də qayəsidir. Ona görə də Prezident İlham Əliyev 2020-ci il mayın 8-də Şuşanın düşmən tapdağından azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində belə demişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Beynəlxalq siyasətin hədəfi
Ulu öndər Heydər Əliyev özünün prezidentliyi zamanında elə bir mötəbər tribuna qalmamışdı ki, orada Qarabağ həqiqətlərini diqqətə çatdırmasın. Birmənalı şəkildə demək olar ki, bu dahi şəxsiyyət beynəlxalq ictimaiyyətin şüuruna Qarabağın Azərbaycan torpağı olduğunu yeritməyi bacardı. İlham Əliyev böyüklüyü onda idi ki, o, şüurlara yeridilmiş ideyaya güc və qüvvət qazandırdı. Elə bir güc və qüvvət ki, Qarabağın Azərbaycan olmasına qarşı çıxan riyakarlıqlara sipər oldu, maskaları yırtdı, ermənipərəstliyi, belə demək mümkünsə, tərk-silah etdi.
İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətinin Qarabağ hədəfinə immunitet qazandırmaqla, 2020-ci ilin sentyabrı üçün münbit zəmin formalaşdırdı. Bu zəmin Qarabağ Zəfərini beynəlxalq müstəviyə güclü və qüdrətli Azərbaycanın səsi kimi daşıdı. Dünya səsimizdən, obrazlı desək, lərzəyə düşdü. Bu səs ədalətsizliyə qarşı mübarizə səsimizə çevrilməklə uğurlarımızı gözü götürməyənlərə gözdağına çevrildi.
Sosial rifah
Prezident İlham Əliyev fəaliyyətində “Təminatlı vətəndaş güclü insan” modelinə üstünlük verdi. Bu model bütün pafosları kənar tutur, real işə əsaslanırdı və əsaslanmaqdadır. Aydındır ki, insan sosial cəhətdən özünü təmin etməyib sıxıntıda olanda, onun müqəddəs amallar naminə köklənişində problemlər yaranır. Deməli, cənab İlham Əliyev Qarabağ davasını təminatlı vətəndaşın davasına çevirməli idi və bunu bacardı. Uğurun formulu da bundan ibarət idi. Bu, eyni zamanda, müqəddəs amalın gerçəkləşməsi naminə daxili risklərin aradan qaldırılması idi.
Milli mənlik şüuru – barışmaz mövqe
Hesab edirik ki, bu xətti ayrıca vurğulamağa ehtiyac var və şübhəsiz, yenə varislik ənənəsinin üzərində dayanacağıq. Nəzərə alaq ki, ulu öndər Heydər Əliyev respublikamızda birinci rəhbərliyə başlayarkən də ermənilərin Qarabağı özününküləşdirmək istiqamətli hərəkət və davranışlarına, təxribatlarına münasibətdə barışmaz mövqe ortaya qoymuşdu. Bu zaman dahi şəxsiyyətin fəaliyyət qayəsi üçün milli mənlik şüurunun inkişafı paradiqması aktual idi.
Mənlik şüuru isə cəmiyyətin bütün sferalarına təsirini göstərmişdi. Ona görə də erməni millətçilərinin Ulu öndərin keçmiş SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından sonra başladıqları Qarabağ avantürası insanlarımızın müqaviməti ilə üzləşdi. Əlbəttə, dahi şəxsiyyətin siyasi proseslərdən kənar düşməsi müqaviməti kortəbii etdi. Bu səbəbdən nəinki Qarabağı itirdik, eyni zamanda, sanki müqavimətimizə cəza olaraq daha yeddi rayonumuz işğala məruz qaldı. İlham Əliyev varisliyinin milli mənlik şüuruna qazandırdığı obraza isə Qarabağı bütün işğal olunmuş torpaqlarımızın rəmzinə çevirmək motivi hakim kəsilmişdi.
Dövlətçilik və Qarabağ
Məlumdur ki, Ermənistan adlanan dövlətin mahiyyətində işğal və qəsbkarlıq dayanır. Bir toplumun ki, Müstəqillik bəyannaməsində qonşulara qarşı ərazi iddiası yer alır, deməli, təcavüz onun üçün həyat normasıdır. Əlahəzrət tarixin müxtəlif mərhələlərində yaşananlar da deyimin təsdiqidir.
Erməni avantürizmi “dənizdən dənizə böyük Ermənistan” xülyasına əsaslanmış reallıqdır, xəstəlikdir. Elə bir xəstəlik ki, bütün mütərəqqiliklərə meydan oxumaq potensialına malikdir. Özgə torpaqlarına sahiblənməyə köklənmiş erməni avantürizmi üçün əldə edilmişlərlə kifayətlənmək deyilən bir şey yoxdur. 44 günlük müharibəni doğuran səbəblər də deyimin təsdiqidir.
Bəli, bilavasitə Qərbin timsalında özünə yeni hami tapmış Ermənistanın savaşdan əvvəl daha böyük işğallar naminə həvəsləndiyi göz önündə idi. Belə bir durumda erməni avantürizminə qarşı mübarizə dövlətçiliyimizin gələcək mövcudiyyəti kimi çıxış etməyə bilməzdi. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti müddətində bunu nəzərə aldı. Nəzərə aldı ki, “dənizdən dənizə böyük Ermənistan” xülyası erməni toplumunu yenidən hərəkətə gətirəcək. 44 günlük müharibə sözügedən xülyanı puça çıxardı, erməni avantürizminə sarsıdıcı zərbə vurdu.
Müzəffərlik qüruru
Əvvəldə də vurğuladıq ki, cənab İlham Əliyevin hakimiyyətinin ötən 21 ilini tərənnüm etdirəcək faktlar yetərincədir. Biz ümumiləşdirmə apararaq, dövlət başçısının fəaliyyətinin Qarabağ amalı üzərində dayandıq. O amalın üzərində ki, Azərbaycana suverenlik və ərazi bütövlüyü xoşbəxtliyini yaşatdı. Bu amal uğrunda mübarizə xalqımızın qürur və fəxarət salnaməsidir. Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyev bu salnamənin müzəffər sərkərdəsi kimi bizə bu sevinci yaşadıb.
XQ-nin analitik qrupu