21 illik liderlik fəaliyyətinin fəlsəfəsi

post-img

Lider açıq oynayır. Lider arxasınca aparır.
Teodor RUZVELT

Ulu öndərin seçimi

2003-cü ilin oktyabr ayında bəlkə də çoxlarının müstəqil və güclü dövlət barədə aydın təsəvvürü yox idi. Lakin o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində müstəqilliyin və güclü dövlətçiliyin konseptual manifestini, ümumi istiqamətlərini, bu ideyanı reallaşdıracaq lideri təqdim etmişdi.

1993-cü ilin iyununda xalqın dəvəti ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə gələndə “güclü dövlət quruculuğu” strategiyasını seçməklə milyonları və hətta yüksək səviyyəli analitikləri və politoloqları necə heyrətləndirmişdisə, 2003-cü il 1 oktyabr müraciətində də eyni reaksiyanı yeni lideri təqdim etməklə yaratdı. Bu, sadə seçim deyildi. Çünki XXI əsrdə müstəqilliyin və güclü dövlətçiliyin taleyini hər kəsdən və hər şeydən öncə düzgün lider seçimi həll edir.

Əminəm ki, çoxlarının onda inanmaq istəmədiyi bir şəraitdə Heydər Əliyev tarixi qərar vermişdi: Azərbaycanı uğurla inkişaf etdirmək üçün lider kimi İlham Əliyevə böyük ehtiyac vardı. Son 21 ilin dövlət quruculuğu təcrübəsi bu dahiyanə qərarın tamamilə doğru olduğunu təsdiqlədi.

İndi keçilən yolun müxtəlif aspektlərdə təhlili aparılır. Maraqlı fəlsəfi və politoloji tezislər irəli sürülür. Şübhə yoxdur ki, bu proses uzun illər davam edəcək. Çünki Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dərin fəlsəfi, geosiyasi və liderlik mənalarına malikdir. Bununla yanaşı, İlham Əliyev Avrasiya məkanında yeganə liderdir ki, Lider–Ali Baş Komandan keyfiyyətlərini ən yüksək formada özündə birləşdirmiş və tarixi uğurlar əldə etmişdir!

Milli və regional maraqların uyğunlaşdırılması

XXI əsrin başlanğıcında postsovet məkanında hər bir müstəqil dövlət üçün bu məsələ olduqca aktuallaşmışdı. Regional və qlobal miqyaslarda cərəyan edən ziddiyyətli geosiyasi proseslər dövlətlərin milli maraqlarına, müstəqil və suveren siyasət yeritməsinə ciddi təsirlər edirdi. Belə bir vəziyyətdə düzgün və uğurlu çıxış yolu nədən ibarət ola bilərdi?

Həmin illərdə Frensis Fukuyamanın bir ktabı dərc olundu. Dəqiq olaraq, 2003-cü ildə. O kitabda məşhur Amerika filosofu yazırdı ki, müasir dövrdə güclü dövlətlər zəruridir. Çünki zəif dövlətlər dünya miqyasında qeyri-müəyyənliyin, risklərin, hüquq pozuntularının qaynağına çevrilirlər. Çoxları F.Fukuyamanı anlamadı. Çünki həmişə demokratiya və liberalizmdən (“son insan” və “tarixin sonu” terminlərini xatırlayaq) bəhs edən alim qəfil “güclü dövlət” anlayışına keçmişdi.

Ancaq Heydər Əliyevin hələ XX əsrin 90-cı illərində ifadə etdiyi fikirlərdən fərqli bir şey deməyən F.Fukuyama (söhbət fikirlərin siyasi və praktiki tutumundan və orada ifadə edilən başlıca məqamdan gedir) güclü dövlət məsələsini fəlsəfi miqyasda siyasi təfəkkürün fokusuna gətirmişdi. F.Fukuyama fəlsəfi-nəzəri səviyyədə Heydər Əliyevin “güclü dövlət” anlamının səmərəliliyini və strateji faydasını təsdiq edirdi.

Bununla yanaşı, aydın idi ki, konsepsiya kimi güclü dövlət quruculuğunu realpolitika çərçivəsində həyata keçirən lider lazımdır. Bu artıq konkret zaman kəsimində praktiki məsələdir və toplumun seçimi ilə birbaşa bağlıdır! Müdrik Azərbaycan xalqı Ulu öndərin tövsiyəsinə tam əməl edərək 2003-cü ilin oktyabrında İlham Əliyevi dövlət başçısı seçdi.

Eyni zamanda, qarşıda milli və regional maraqları uyğunlaşdırmaq kimi mürəkkəb və çətin vəzifənin öhdəsindən gəlmək lazım idi. Burada “milli” anlayışının hansı məqamları ifadə etdiyinə aydınlıq gətirmək gərəkdir.

Müasir tarixi mərhələdə “milli” dedikdə toplumun mövcudluğu, davamlı inkişafı və təhlükəsizliyini təmin edən faktorların sistemi nəzərdə tutulur. Həmin faktorlar cəmiyyətin tarixi və sosial-mədəni təcrübəsi ilə idarəetmədə liderlik ənənəsinin dövlətçilik kontekstində vəhdətində formalaşır. Eyni zamanda, hər bir tarixi mərhələdə sosial-mədəni şərtlər və idarəetmə təcrübəsi fonunda liderliyin yeni nümunəsinin yaradılması ön plana çıxır. Çünki hər bir tarixi yeniləşmədə şərtlər elə dəyişir ki, bir an öncə faydalı olan liderlik nümunəsi uğur qazanmaq üçün yetərli olmur. Deməli, XXI əsrin uğurlu lideri daim yenilikçi, yaradıcı və məhz milli kontekstdə nəticəverici olmalıdır. İlham Əliyevin milli liderliyi Avrasiya məkanında bunun bariz nümunəsidir.

Aydın görünür ki, siyasi liderin milliliyi hər şeydən öncə həm də milli maraqları təmin etməsi ilə əlaqəlidir. “Milli maraqlar” ifadəsi özlüyündə göstərir ki, bu məhfum bütövlükdə toplumun və dövlətin inkişafına xidmət edən və kollektiv şüurda mövcud olan dəyərlər sistemini ifadə edir. Həmin maraqlar ona görə “milli” adlanır ki, cəmiyyətin, xalqın, dövlətin mövcudluğu və inkişafına uyğundur. Bunlara görə, siyasi liderin milliliyi geniş məzmun kəsb edən fenomendir və hər bir tarixi mərhələdə xüsusi məzmun alır.

Burada liderin milli maraqlarla regional maraqları konkret praktiki müstəvidə uyğunlaşdıra bilmə qabiliyyətinin əhəmiyyəti önə çıxır. Çünki nəzəri yanaşma nə qədər səmərəli olsa da, liderin fəaliyyəti praktiki nəticə verməlidir.

Daxili birlik və layihələrin reallaşması

2003-cü ildən başlayaraq Azərbbaycanda daxili birliyin təmini ilə enerji layihələrinin reallaşması arasında bur ahəngdarlıq özünü göstərmişdir. Multikultural dəyərlərə əsaslanan inteqrasiya modeli vüsət almışdı və bunun fonunda cəmiyyət liderin enerji siyasətini tam dəstəkləyirdi. Qısa müddətdə İlham Əliyev enerji siyasətini ən mürəkkəb şəraitdə belə yeni səmərəlilik səviyyəsinə yüksəltdi. Bu, xüsusilə Gürcüstan və Ukrayna istiqamətində özünü qabarıq göstərdi. Azərbaycan Prezidenti enerji layihələrinin reallaşmasında Gürcüstanın iştirakını tam təmin etdi. Ukrayna ilə Rusiya arasında 2013–2014-cü illərdə enerji məsələsində yaranmış böhranda da praqmatik və sülhpərvər mövqe tutdu.

Bunlar artıq İlham Əliyevin liderlik nümunəsinin vacib aspektlərindən xəbər verirdi. Konkret olaraq, İlham Əliyev milli maraqları regional maraqlarla uyğunlaşdırmaq səviyyəsindən regionlararası miqyasda səmərəli əməkdaşlıq müstəvisinə keçid edirdi. Bu keyfiyyət fəlsəfi baxımdan əhəmiyyətli bir özəlliyi ifadə edirdi.

Dövlətin regional və qlobal statusunun yeniləşməsi

Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr və atdığı siyasi-diplomatik addımalr sosial-iqtisadi və mədəni inkişafla yanaşı, Azərbaycanın müstəqil dövlət kimi regional və qlobal miqyaslarda statusuna ciddi təsirlər etdi. Bunun əlamətləri Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri digər postsovet dövlətlərindən fərqli müstəvidə qurması və BMT TŞ-də müvəqqəti sədrliyə seçilməsində özünü göstərirdi. Bunlardan başqa, Azərbaycan regional və beynəlxalq təşkilatlarda maraqlarını intensiv şəkildə təmin edirdi və dünyanın daha çox dövləti Azərbaycan həqiqətlərini görməyə başlamışdılar.

Bütün bunlar tədricən və davamlı olaraq Azərbaycan Respublikasının həm regional, həm də qlobal miqyaslarda statusunu yüksəltməyə xidmət etdi.

Şuşa Bəyannaməsi: yeni mərhələnin təməlləri

Hər iki hadisə Azərbaycanın müstəqil dövlətçilik tarixinin möhtəşəmliyini ifadə edir. Onların uğurlu olmasının memarı isə Prezident İlham Əliyevdir. Vətən müharibəsində qələbə Azərbaycan Prezidentinin çoxillik dövlət və ordu quruculuğunun birbaşa məntiqi nəticəsi və bəhrəsidir. Şuşa Bəyannaməsi isə Azərbaycanın Türk Dünyasının inteqrasiyasında aparıcı rol oynaması şərti ilə təhlükəsizliyinin qarantıdır. Şuşa Bəyannaməsi faktiki olaraq Azərbaycanı Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində regional miqyasda liderlikdən regionlararası miqyasda aparıcılığa yüksəlməsinin hüquqi şərtlərini müəyyən etdi. Bu prosesə Prezident İlham Əliyevin siyasi-diplomatik məharəti konkret yön və məzmun verdi.

Vətən savaşında Qələbənin də regional miqyasda mənzərəni yeniləşdirməsi Cənubi Qafqazın hüdudlarını aşan tarixi hadisədir. Azərbaycan bununla geosiyasi aspektdə regionlararası miqyasda təsir gücünə malik dövlət olduğunu isbatladı. Postsovet məkanının digər dövlətlərinin indiki geosiyai vəziyyətinə baxsaq, İlham Əliyevin bu uğurunun miqyasını daha yaxşı görə bilərik!

Qarabağ Bəyannaməsi: Daha yüksək status

Qarabağ Bəyannaməsi Şuşa Bəyannaməsindən cəmi 3 il sonra imzalandı. Həmin 3 il müddətində Azərbaycan o dərəcədə səmərəli siyasi-diplomatik kurs həyata keçirmişdir ki, 2024-cü il Qarabağ Bəyannaməsində artıq yazılırdı: “2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar” və “3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər”.

Bu o deməkdir ki, Türk Dövlətləri Təşkilatının regionlararası miqyasda real fəaliyyət göstərməsi yolu Azərbaycandan başlayır. Bu, həm də, daha yüksək səviyyədə birləşdirici, qurucu, əməkdaşlığı və təhlükəsizliyi təminedici dövlət səviyyəsinə yüksəlmək deməkdir. Bu prosesdə çox mühüm bir məqam da Azərbaycanın müstəqil dövlət kimi özəlliyini ifadə edir.

Məsələ onunla bağlıdır ki, TDT daxilində Azərbaycanın bu cür sürətli yüksəlişi onu qətiyyən etnik məhdud çərçivədə fəaliyyət göstərən dövlət halına salmamışdır. Əksinə, Azərbaycan Prezidenti indi regionlararası miqyasda təşkilatlar arasında səmərəli əməkdaşlıq yaradan lider kimi qəbul edilir. Belə ki, MDB dövlətlərinin Laçını bu təşkilatın 2025-ci ildə mədəniyyət paytaxtı elan etməsi mühüm tarixi hadisədir. Azərbaycan həm də son Moskva sammitində MDB-nin inkişafının əsas fəlsəfi, geosiyasi və siyasi prinsiplərini lakonik ifadə etməsi olduqca əlamətdardır. İndi Azərbaycan yalnız TDT-nin deyil, həm də MDB-nin əsas təşəbbüskar dövlətidir! Bu, tarixi və geosiyasi baxımdan çox maraqlı harmoniyadır və ayrıca araşdırılmalıdır! Çünki Azərbaycan geniş bir geosiyasi məkanda hər iki təşkilatın yeniləşməsi və inkişafına yön verir. Bu uğurun memarı isə, əlbəttə, Prezident İlham Əliyevdir!

Bir qəzet məqaləsində Prezident İlham Əliyevin əldə etdiyi nailiyyətləri vurğulamaq imkansızdır. Ancaq həmin uğurlar deməyə əsas verir ki, son 21 ildə Azərbaycan XXI əsrdə heç bir müstəqil dövlətin nail ola bilmədiyi uğurlara imza atmışdır! Buna görə də bütün Azərbaycan öz liderinin bundan sonra da fəal, yaradıcı və uğurlu olacağına tam inanır!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət