Milli Məclisin sədri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxış edib.
Sahibə Qafarova deyib ki, elm, texnologiya və innovasiya hər zaman cəmiyyətin inkişaf meyillərinin mərkəzində yer alıb. Bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların vacib rolu hamılıqla qəbul edilib. O təəssüflə bildirib ki, 2030-cu ilin Davamlı İnkişaf Gündəliyində nəzərdə tutulmuş vaxtın bitməsinə 5 il qaldığı bir dövrdə həmin gündəliyin və 17 davamlı inkişaf məqsədinin yalnız 17 faizi vaxtında həyata keçirilməkdədir. Bu da kifayət qədər narahatedici məqamdır.
Parlamentin spikeri vurğulayıb ki, bəzi ölkələrin vaksin ehtiyaclarını qarşılamaq məqsədilə öz peyvənd tələblərini prioritetləşdirmək üçün texnoloji üstünlüklərindən istifadə etdikləri COVID-19 pandemiyasının dərsləri unudulmamalıdır. Qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.
Bakıda keçiriləcək COP29 tədbiri barədə məlumat verən spiker deyib ki, tədbirə hazırlıq intensiv şəkildə həyata keçirilir. Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür.
Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib, onları görüşdə fəal iştirak etməyə çağırıb.
***
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.
XQ