İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Yeni tarixi dövr: Milli ideya və tam suverenlik
IV HİSSƏ
XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qazandırmış cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz həm də Zəfərdən Zəfərlərə doğru yeni və etibarlı təminat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin növbədənkənar Prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş etdirən yeni tarixi dövrə qədəm qoymuşdur.
Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən yeni tipli lider olduğunu da təsdiqləmişdir.
Azərbaycan tarixində xüsusi mərhələ olan 2003–2023-cü illər Prezident İlham Əliyevin siyasi hakimiyyətinin birinci dövrünün epopeyası, 7 fevral 2024-cü il seçkilərində qazanılmış tarixi qələbə isə Ali Baş Komandanın daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev, baş qəhrəmanı və mahir sükançısı isə Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin inkişafının möhtəşəm yekunu, yeni tarixi epoxanın böyük başlanğıcı və paroludur. Dünyanın gözü qarşısında 7 fevral 2024-cü il seçkilərində Azərbaycan xalqı böyük qürur hissi ilə İlham Əliyevə səs verməklə özünün yeni tarixi dövrü üçün də möhtəşəm zəfərlər vəd edən daha parlaq gələcəyinə mandat almışdır.
Daşıdığı dərin mənaya və zərurətə görə 7 fevral 2024-cü il prezident seçkilərini Azərbaycan tarixində yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 3 oktyabr 1993-cü il seçkiləri ilə müqayisə etmək olar. Azərbaycanda dərin böhranların yaşandığı, müstəqilliyin itirilmək təhlükəsinin meydanda olduğu həmin məsuliyyətli sınaq dövründə xalqımız birmənalı şəkildə zəngin təcrübəyə malik olan, dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizi xilas edəcəyinə böyük ümid və inam bəsləmişdir. Bu baxımdan 3 oktyabr 1993-cü il seçkilərində xalqımız Heydər Əliyevin simasında öz taleyinə, sabahına, xlaskarına səs vermişdi. Tarix Heydər Əliyevin xilaskarlıq missiyasının timsalında xalqımızın nə qədər müdrik olduğunu sübut etmişdir. Heydər Əliyev dövlət müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etmək və inkişafın növbəti mərhələsinin möhkəm təməllərini yaratmaqla tarixin gedişatını dəyişdirmək bacarığını ortaya qoymuşdur.
Məlum olduğu kimi, hazırkı 7 fevral 2024-cü il seçkiləri müstəqil dövlətimizin böyük sürətlə inkişaf etdiyi, ölkəmizin Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsdiq olunduğu bir şəraitdə keçirilmişdir. Xalqımız 3 oktyabr 1993-cü il seçkilərində dövlət müstəqilliyimizi itirməmək və möhkəmləndirmək üçün Heydər Əliyevlə müqayisə oluna bilən digər bir lider görmədiyi kimi, 7 fevral 2024-cü il seçkilərində də ölkəmizi gəlib çatdığı zirvədə qoruyub saxlamaq və yeni tarixi mərhələyə doğru aparmaq məharətində də İlham Əliyevə alternativ namizəd haqqında fikirləşməli olmamışdır. Bu mənada Azərbaycan xalqı 3 oktyabr 1993-cü ildə hansı böyük inamla prezident seçkilərinə getmişdisə, bu seçkilərdə də həmin qətiyyət və eyni qürur hissi ilə öz sözünü demişdir. Ona görə də xalqımız 7 fevral 2024-cü il seçkilərində cənab İlham Əliyevə mandat verməklə müstəqil dövlətimizin yeni zəfərlərə doğru inkişaf edəcəyinə böyük inamının real təntənəsini yaşamışdır. Bu cəhətdən dövlətçilik baxımından Heydər Əliyevin dəmir iradəsi ilə İlham Əliyevin “dəmir yumruğ”u bir-birini tamamlayır və daha da gücləndirir, inkişaf etdirir. Bütün bunlar isə Heydər Əliyev – İlham Əliyev epoxasının Azərbaycan çoxəsrlik tarixində yeni bir tarixi dövr olduğunu əyani şəkildə nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrin dünya liderlərindən biridir. Müstəqillik dövründə yaranmış yeni dövlətlərdən heç biri Prezidenti İlham Əliyev qədər öz xalqına böyük tarixi zəfərlər qazandıra bilməmişdir. Belə ki, bəzi ölkələrdə iqtisadiyyat, digərlərində turizm və nəqliyyat, başqa birində aqrar sahə, yüngül sənaye sahələrindən bir neçəsi üstünlük qazandığı halda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında cəmiyyət həyatının bütün sahələrinin yüksək templərlə inkişafı davam edir. Qədim neft ölkəsi olan Azərbaycanda bu gün dövlət büdcəsinin formalaşmasında qeyri-neft sahələri: aqrar sektor, nəqliyyat-logistika, turizm, xidmət sahələri xüsusi çəkiyə malikdir. Həm də ölkəmizdə bütün sahələr dəqiq proqnozlaşdırılmış dövlət proqramları və özəl sektorun birgə iştirakı ilə məqsədyönlü şəkildə inkişaf etdirilir.
Prezident İlham Əliyev uzaqgörən rəhbər kimi bu günün reallıqlarını obyektiv şəkildə qiymətləndirdiyi kimi, sabahın üfüqlərini də doğru-düzgün proqnozlaşdıran liderdir. Ona görə də Azərbaycan Respublikasında bütün sahələr üzrə davamlı və etibarlı inkişaf təmin olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin irəliyə doğru inkişafının əsasında Prezident İlham Əliyevin yüksək idarəetmə bacarığı dayanır. Çoxillik uğurlu dövlətçilik təcrübəsi ilə, o, sözün əsl mənasında, böyük siyasətdə olduğu kimi, böyük idarəetmə sahəsində də məharətli bir qrossmeyster olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirən müstəqil dövlətin qüdrətli lideridir. “Sözümüz imzamızdır” – deyən İlham Əliyevin bu tezis sözü ilə özünün, ideyası ilə iradəsinin möhkəm bir vəhdət təşkil etməsinin təsdiqidir. Dövlət başçısının möhkəm daxili-mənəvi zənginliyi onun siyasi müstəqilliyinin möhkəm bünövrəsidir. Bu mənada Prezident İlham Əliyevin müstəqil siyasət həyata keçirməsi Azərbaycan Respublikasının suverenliyinin əsas təminatıdır. Müstəqil Azərbaycan dünyanın heç bir blokundan və ya dövlətindən asılı deyildir. Prezident İlham Əliyevin hesabat verdiyi yalnız bir ünvan vardır ki, o da dərin sədaqətlə və böyük bacarıqla xidmət etdiyi Azərbaycan xalqıdır. Xalqın dönməz dəstəyini qazanmaq İlham Əliyevin müstəqil dövlətçilik siyasətinin əsasını təşkil edir.
Ölkədaxili siyasətlə xarici siyasəti üzvü surətdə əlaqələndirmək baxımından da İlham Əliyev mahir dövlət xadimidir. Çünki Prezident İlham Əliyevin xarici siyasətdə də, daxili siyasi gedişatda da müqəddəs hesab etdiyi yalnız bir istəyi vardır ki, o da Azərbaycan xalqının milli maraqlarından və müstəqil ölkəmizin dövlətçilik mənafeyindən ibarətdir. Ölkəmizin daxili və xarici siyasəti bir yerdə, bütövlükdə, Azərbaycan idealına həsr olunmuşdur. Prezident İlham Əliyev Azərbaycan idealının şərəfini Birləşmiş Millətlər Təşkilatının mötəbər xitabət kür-süsü, Qoşulmama Hərəkatı platforması, beynəlxalq təşkilatların tribunaları, dünya dövlətləri liderlərinin danışıqlar masası səviyyəsinə qaldırmışdır. İlham Əliyevin daxili və xarici siyasətinin əsas strategiyası Azərbaycan idealından yoğrulmuşdur.
Prezident İlham Əliyev xalqımızın gözündə ən uca məqam olan müzəffər Ali Baş Komandandır. Məlum olduğu kimi, müzəffər Ali Baş Komandan statusunu, o, 44 günlük Vətən müharibəsindəki, sözün əsl mənasında, təkrarsız qəhrəmanlığı ilə qazanmışdır. Sərkərdəsi olduğu Azərbaycan Ordusunu hərbi cəhətdən düzgün istiqamətləndirən Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində təkbaşına apardığı “müharibə”nin də yenilməz qəhrəmanıdır. Bu mənada “dəmir yumruq” Ali Baş Komandanın həm müharibə cəbhəsindəki və həm də informasiya müharibəsindəki dəmir iradəsinin simvoludur. İlham Əliyev hər iki cəbhənin – real döyüş cəbhəsinin və həm də informasiya müharibəsinin qalibidir. Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə də, ölkədaxili siyasətdə də qalibdir. Bu vaxta qədər ki, çoxcəhətli fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, 7 fevral 2024-cü il seçkilərində də İlham Əliyev, sözün əsl mənasında, qalibiyyət nümunəsi göstərmişdir. Bu isə artıq Azərbaycan Respublikasının bütün ərazisində dalğalanmaqda olan Zəfər bayraqlarının əbədiyyət qazanmasının təntənəsidir.
Dünya şöhrətli görkəmli qırğız yazıçısı Çingiz Aytmatov hələ XXI əsrin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə yüksək liderlik xüsusiyyətlərinin olduğunu aşağıdakı kimi ifadə etmişdir: “İlham Əliyev XXI əsrin lider etalonudur”.
Doğrudan da, İlham Əliyev özünün çoxcəhətli uğurlu fəaliyyəti, ölkəsinə və xalqına qazandırdığı böyük qələbələri, xarakterindəki müstəqil mövqeyə malik olmaq xüsusiyyəti, möhkəm siyasi iradəsi etibarilə yeni tarixi epoxanın liderlik missiyasına nümunədir. Bu cəhətdən 7 fevral 2024-cü ildə Azərbaycan xalqının dünyaya nümayiş etdirdiyi birlik və mütəşəkkillik qalib liderə bəslənilən möhkəm inamın canlı təntənəsidir. Bütün bunlara görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı çox əsrlik tariximizə “dəmir yumruq”lu və Zəfər bayraqlı Azərbaycan lideri olaraq həkk olunmuşdur.
Artıq Azərbaycan Respublikası yeni tarixi dövrə qədəm qoymuşdur. Müstəqil Azərbaycan Respublikasının yeni tarixi mərhələsinin ümummilli ideyası “Hərtərəfli inkişaf etmiş daha güclü Azərbaycan uğrunda!” devizi ilə ifadə edilə bilən siyasi-
ideoloji və iqtisadi-mədəni strategiyadan ibarətdir. Müstəqil Azərbaycan dövlətinin inkişaf etməkdə olan ölkələrin sırasından inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması 7 fevral 2024-cü il seçkilərindən sonrakı dövr üçün “Daha güclü Azərbaycanın” əsas hədəfidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycan Respublikasının həmin hədəflərə doğru inamla irəlilədiyinin əyani şəkildə nümayiş etdirir. Dövlət rəhbərinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nin daha aktual şəkildə meydana qoyduğu yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl texnologiyalar, yaşıl artım kimi inkişaf iqtiqamətləri Azərbaycan Respublikasında yeni bir inkişaf dalğası yaratmışdır. Artıq ölkə üzrə yaşıl iqtisadi zonaların yaradılması, alternativ enerji mənbələri əsasında dövlət proqramlarının həyata keçirilməsi yaşıl artımın ilkin nəticələrini meydana çıxarmışdır.
“Yaşıl dünya naminə həmrəylik ili” XX əsrin yetmiş-səksəninci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci tarixi mərhələdə təbiəti mühafizənin gücləndirilməsi, yaşıllaşdırma hərəkatı, şoranlaşmaya qarşı mübarizə, Xəzər dənizinin biosferası ilə əlaqədar həyata keçirilmiş genişmiqyaslı tədbirlərin yeni dünyanın müasir reallıqlarına uyğun olaraq yeni inkişaf səviyyəsinə qaldırılmasına imkan yaratmışdır. Prezident İlham Əliyev müasir dövrün meydana çıxardığı çağırışların işığında yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl transformasiyalar, yaşıl artım, yaşıl layihələr, yaşıl bacarıqlar kimi yeni anlayışların gətirdiyi fərqli reallıqları və inkişaf ritmlərini cəmiyyət həyatına daxil etmişdir. Dövlət səviyyəsində Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzurun Yaşıl İqtisadi Zona elan olunması və inkişaf etdirilməsi bu hərəkata Azərbaycanın töhfəsidir. Azərbaycan elmində meydana çıxmış yaşıl energetika, ekolinqvistika, iqlim leksikası, arxeoloji turizm, ekoturizm, landşaftşünaslıq, yaşıl iqtisadiyyat və sair kimi yeni istiqamətlər müasir dünyanın və Azərbaycan reallıqlarının tədqiq edilməsinə bu ilin açdığı imkanlardır.
Ölkəmizdə son illərdə alternativ yaşıl enerji mənbələrdən istifadə, yaşıl iqtisadi zonaların inkişaf etdirilməsi, ekoloji və arxeoloji turizmin formalaşdırılması və sair istiqamətlərdə aparılan genişmiqyaslı tədbirlər Beynəlxalq COP29 Konfransının çağırışlarının həyata keçirilməsində Azərbaycan Respublikasının dünyanın nümunəvi ölkələri sırasında olduğunu və bu mötəbər tədbirin ölkəmizdə uğurla keçiriləcəyini əyani şəkildə nümayiş etdirir.
Birləşmiş Millətlər Təşkilatının qlobal iqlim dəyişikliklərinə həsr edilən COP29 Beynəlxalq Konfransının Azərbaycanda keçirilməsinə dair qəbul edilmiş qərar və bu istiqamətdə respublikamızda gerçəkləşdirilməkdə davam edən genişmiqyaslı tədbirlər ölkəmizin siyasi-ictimai və iqtisadi mühitində, elmi fikrində fərqli bir mənzərənin yaranmasına səbəb olmuşdur. Yaşıl dünya naminə həmrəylik hərəkatı 7 fevral 2024-cü il seçkilərindən sonrakı yeni tarixi dövrün reallığıdır. COP29 Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda söz sahibi olan dünya liderlərindən biri səviyyəsində qazandığı yüksək nüfuzun əyani göstəricisidir. Azərbaycan COP29 Konfransının keçirildiyi günlərdə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin paytaxtında və regionlarda, xüsusən Qarabağda və Şərqi Zəngəzurda uğurla genişləndirilməkdə olan Böyük Qayıdış hərəkatının möhtəşəm nailiyyətlərini dünya ictimaiyyətinə təqdim edəcəkdir.
Prezident seçkilərindən sonra Azərbaycan beynəlxalq miqyasda da böyük uğurlara imza atmaqla dünya birliyindəki mövqelərini daha da möhkəmləndirir. Bu cəhətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 iyun 2024-cü il tarixdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak və çıxış etməsi, dünya liderləri ilə görüşlər keçirməsi və danışıqlar aparması beynəlxalq əhəmiyyətə malik olan mühüm hadisədir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşü zamanı müzakirə edilən məsələlər və əldə olunan razılaşmalar Azərbaycan Respublikasının daha sürətli və hərtərəfli şəkildə inkişaf etdirilməsinə təminat verir. Xüsusən, 3 iyul 2024-cü il tarixdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin hər iki dövlətin liderləri tərəfindən imzalanması müstəqil dövlətimizi yeni inkişaf mərhələsinə çatdırmağa təminat verən əhəmiyyətli siyasi gedişdir. Bu, ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməlləri yaradılmış Azərbaycan – Çin əlaqələrinin və əməkdaşlığının yeni inkişaf mərhələsinə çatdırılmasına təminat verən, taleyüklü əsas istiqamətlərdə birgə fəaliyyət göstərməyə meydan açan dövlət əhəmiyyətli strateji inkişaf proqramıdır.
Ümumiyyətlə, 7 fevral 2024-cü il Prezident seçkiləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisə olmuşdur. Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixindəki andiçmə nitqində dediyi aşağıdakı sözlər növbədənkənar seçkinin xalqımızın və müstəqil dövlətimizin növbəti uğuru olduğunu nümayiş etdirir: “Bununla da Azərbaycan ərazisində seperatizmin kökü kəsilmişdir. Bununla Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazisində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim... Orada verdiyim səs, o qutuya saldığım bulleten, sadəcə olaraq, bulleten deyildi. Bu, erməni seperatçılarının tabutuna vurulan son mismar idi.”
Artıq Azərbaycan Respublikasının həyatında yeni tarixi dövr başlamışdır. “Daha Güclü Azərbaycan uğrunda!” hərəkat ölkəmizə və xalqımıza böyük ümidlər vəd edir. Xalqımız möhkəm surətdə inanır ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi dövr ölkəmizin inkişafında daha böyük inkişaf və yüksəliş mərhələsi olacaqdır. Azərbaycan xalqının özünün qüdrətli lideri İlham Əliyevə bəslədiyi böyük ümid və inam ölkəmizi daha xoşbəxt gələcəyə çatdıracaqdır. Prezident İlham Əliyevin andiçmə zamanı dediyi sözlər xalqımızın işıqlı və uğurlu sabahlara doğru addımlamaqda olmasının yalnız nikbin anonsu deyildir, yeni tarixi dövrün dövlət başçısı səviyyəsində bəyan edilmiş gerçəkliyidir: “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaqdır. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm surən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Mən hər dəfə deyirdim ki, Azərbaycan bayrağı ərazimizin hər bir yerində dalğalanacaqdır.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi yeni tarixi dövr çoxtərəfli və çoxcəhətli olub, özündə ən mühüm strateji hədəfləri birləşdirir. Daha güclü Azərbaycan, Türk dünyasının birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq uğrunda mübarizə hərəkatı yeni tarixi dövrün ana xətlərini, əsas istiqamətlərini müəyyən edə bilər. Dünya birliyində çoxtərəfli strateji əməkdaşlıq prinsipinə əsaslanmağa üstünlük verən Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi-siyasi, iqtisadi-mədəni, elmi-texniki sahələrdə yeni nailiyyətlər qazanmaqla, milli-mənəvi dəyərləri inkişaf etdirib möhkəmləndirməklə daha güclü Azərbaycanı qurmağa doğru qətiyyətlə addımlamaqdadır. IV Sənaye inqilabının çağırışlarının Azərbaycan cəmiyyətində gedən inkişaf prosesləri ilə uzlaşdırılması, süni intellektin və rəqəmsal transformasiyaların geniş tətbiq edilməsinə nail olunması da daha müasir və daha güclü Azərbaycanın qurulmasına xidmət edir.
Prezident İlham Əliyevin “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi haqqındakı 20 sentyabr 2024-cü il tarixli sərəncamı Azərbaycanın dövlətçilik tarixinin nadir səhifəsidir. Bu, Azərbaycanın dövlətçilik tarixində 28 may 1918-ci ildə imzalanmış “İstiqlal Bəyannaməsi”, 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” kimi ölkəmizin tarixi müqəddəratını müəyyən edən, mühüm siyasi əhəmiyyətə malik olan sənədlərin meydana qoyduğu, lakin tam həyata keçirilməmiş ümummilli və dövlətçilik ideallarının başa çatdırıldığını, yerinə yetirildiyini təsdiq edən dövlət doktrinasıdır.
Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan “Milli Qurtuluş Günü” müstəqil dövlətimizin lideri İlham Əliyevin imzaladığı “Dövlət Suverenliyi Günü”nün möhkəm təməli və strateji əsasıdır. “Dövlət Suverenliyi Günü” mahiyyəti və əhəmiyyəti etibarilə “Milli Qurtuluş Günü”nün təntənəsidir. Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmiz və xalqımız qarşısındakı böyük tarixi xidməti, dünyanın gözü qarşısında nümayiş etdirilən liderlik missiyasını təsdiqidir. Bu, Prezident İlham Əliyevin siyasi varislikdən liderliyədək keçdiyi şərəfli yolun, apardığı qətiyyətli və ədalətli mübarizənin rəmzidir.
“Dövlət Suverenliyi Günü”nün İlham Əliyevin iştirakı ilə yeni yaradılmış Qarabağ Universitetində qeyd olunması Azərbaycanın müstəqil dövlətçilik ideallarının yeni nəsillər tərəfindən qorunub yaşadılacağına və uğurla davam etdiriləcəyinə dövlət səviyyəsində nəzərə çatdırılan mesajdır. Qarabağ Universitetinin Xankəndi şəhərində açılması Azərbaycanın bugünkü və sabahkı nəsilləri Qarabağ torpaqlarının əsl sahibidir mənasını ifadə edir. Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetini təsis etməklə, fəaliyyətini uğurla davam etdirməsinə dövlət səviyyəsində böyük dəstək verməklə regionda genişmiqyaslı məskunlaşmaya və müasir inkişafa yaşıl işıq yandırmışdır.
Hazırda müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin, xalqının və dövlətinin qüdrətli liderinin qətiyyətli və uzaqgörən müdrik siyasətinin işığında böyük addımlarla yeni tarixi dövrün vəzifələrini uğurla həyata keçirərək, daha parlaq gələcəyə doğru inamla yol getməkdə davam edir.