Norveç iqlim dəyişikliyi ilə mübarizədən yayınır

post-img

Fransa hakimiyyəti Azərbaycana qarşı xəbis niyyətlərindən əl çəkmir. Rəsmi Paris əlinin çatdığı, ününün yetdiyi hər yerdə ölkəmizə zərbə vurmağa çalışır. Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Fransa üçün fürsətə çevrilib.

Sirr deyil ki, Azərbaycanı sevməyən müəyyən dairələr COP29-un iflasa uğramasını istəyir və bu məqsədləri həyata keçirmək üçün ciddi şəkildə çalışırlar. Onlar COP29-da mühüm, tarixi qərarların qəbul edilməsini istəmirlər.

Bugünlərdə media orqanlarında prezident Emmanuel Makronun bəzi ölkələrə təzyiq göstərərək, onları Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirakdan imtina etməyə çağırdığına dair məlumat yayıldı. Qeyd edildi ki, xüsusilə, belə bir tələb Nigeriyaya göndərilib. Lakin Nigeriya Prezidenti Bola Tinubu Makronun hədələrinə məhəl qoymayaraq, tədbirə qatılacağını bildirib. Güman etmək olar ki, Makron təsir edə bildiyi digər ölkələrin rəhbərlərinə də oxşar məzmunda təkliflər çatdırıb.

Fransa paytaxtının meri Ann İdalqo da COP29-u gözdən salmağa çalışanların önündə gedənlərdəndir. Bu həmin İdalqodur ki, ötən ilin avqustunda “120 min Artsax sakini blokadadadır” deyərək dünyaya car çəkirdi. Hətta, Paris böyüklükdə şəhərin meri işini-gücünü ataraq Qarabağ ermənilərinə “yardıma yetişməyə” tələsmişdi. Onun başçılığı ilə Fransanın 20-yə yaxın regionu Qarabağa “humanitar yardım” aparan TIR-ları hazırlamış, karvan İrəvandan yola çıxmış, amma Azərbaycan tərəfi qətiyyət nümayiş etdirərək nə apardıqları bilinməyən karvanı şərti sərhəddə saxlamış, bu şounun baş tutmasına imkan verməmişdi.

Ann İdalqo başının dəstəsi ilə birgə Gorus rayonunun sərhədyanı Kornidzor hissəsində keçmiş Laçın dəhlizini müşahidə etmiş, iradəmizin sarsılmazlığını görərək kor-peşman geri qayıtmışdı. İndi isə xanım İdalqo sanki həmin günlərin heyfini almaq məqsədilə COP29-a qatılmayacağını bəyan edib. Səbəb kimi 2023-cü ilin sentyabrında baş verən lokal xarakterli antiterror tədbirlərini göstərib. Paris meri, onun təbirincə desək, “etnik təmizləməyə etiraz əlaməti olaraq” iqlim konfransında iştirak etməyəcək.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, məhz A.İdalqo kimilərinin üzündən Qarabağ erməniləri bölgəni tərk etməli oldular. Onlar bu yolla ölkəmizə qarşı sanksiyalar qəbul etdirmək, sonra isə ermənilərin beynəlxalq mandat altında Qarabağa qaytarılmasını təşkil etmək istəyirdilər. Amma, necə deyərlər, sən saydığını say, görək fələk nə sayır. Azərbaycan özünün ərazi bütövlüyünü, suverenliyini öz gücü hesabına bərpa etdi. Bizə qarşı sanksiya tətbiqini tələb edənlərin çağırışları isə havadan asılı qaldı.

Buna baxmayaraq, Norveçin baş naziri Yonas Qar Störenin COP29-da iştirakdan imtina etməsinə dair məlumatı anti-Azərbaycançı cəbhənin səylərinin nəticəsi saymaq olar. Rəsmi Oslonun bu qərarı həmin qüvvələrin təsiri altında verdiyi şübhə doğurmur. Çünki Avropa Siyasi Birliyinin 2024-cü il iyulun 18-də Böyük Britaniyanın paytaxtı London yaxınlığında – Oksforddakı “Blenheym” sarayında keçirilən IV Sammiti zamanı jurnalistlərlə söhbətində Norveçin baş naziri Yonas Qar Störe COP29-un Azərbaycanda keçirilməsini “ekoloji gündəliyin çox mühüm davamı” kimi təqdim etmişdi. “Biz hamımız texnologiya və enerji resursları üzrə həyata keçirdiyimiz fəaliyyətdə öhdəliklərimizə sadiq olmalı və bunun yekunlarını təqdim etməliyik. Norveç bu işdə çox fəal iştirak edəcək”, – deyə baş nazir bildirmişdi.

Bir müddət öncə ciddi media resursu olan “Businessnorway.com” saytı “Norveç biznes nümayəndə heyəti BMT-nin iqlim dəyişikliyi konfransı COP29-da” sərlövhəli məlumat yaymışdı. Məlumatda “Innovation Norway” şirkətinin COP29-a qatılacaq işgüzar nümayəndə heyətini formalaşdırdığı elan edilmişdi. Daha sonra bildirilmişdi ki, maraqlı şəxslər və strukturlar Norveç biznes nümayəndə heyətinin sırasına qoşulmaq istəyirlərsə, tələblərlə tanış ola bilərlər. Üstəlik, seçim ciddi səviyyədə olmalı, işgüzar nümayəndə heyətinin tərkibinə daxil ediləcək namizədlərin elan edilən istiqamətdə konkret fəaliyyət prizmasından iştirakını əsaslandırması məcburi idi.

Cəmi bir həftə əvvəl – oktyabrın 9-da isə həmin saytda Cənubi Afrika Respublikası və Norveç hökumət üzvləri arasında COP29-dan əvvəl və konfrans ərzində qeyri-rəsmi məsləhətləşmələr çərçivəsində iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına dair danışıqların aparılması haqqında məlumat var idi. Qeyd edilirdi ki, Cənubi Afrikanın meşə, balıqçılıq və ətraf mühit naziri Dion Corc və Norveçin iqlim və ətraf mühit naziri Tore Onsxus Sandvik xüsusi aspektlər üzrə qeyri-rəsmi məsləhətləşmələr aparmaq üçün tərəflər və bütün danışıqlar qrupları ilə məşğul olacaqlar.

Bu mənada Norveç hökumətinin mövqeyini necə deyərlər, 180 dərəcə dəyişərək belə bir qərar verməsi Fransanın təsirinin nəticəsi kimi qiymətləndirilə bilər. Görünür, bir sıra ölkələri Bakıda keçiriləcək COP29 sammitində iştirakdan çəkindirməyə çalışan Makronun toruna, deyəsən, Norveç də düşüb. Oslonun bu demarşı isə iqlim dəyişikliyi ilə bağlı mübarizədə onun yaxasını kənara çəkməsi anlamına gəlir.

Digər tərəfdən Qərbi Avropa ölkələri arasında Norveç ən böyük təbii qaz və neft ehtiyatlarına malikdir. Ekspertlərin bildirdikləri kimi, neft-qaz sənayesinin ölkənin ümimi daxili məhsulunda payı 20 faizdən çox, ixracda isə təxminən 50 faizə bərabərdir. Ona görə də Norveçin bugünkü və sabahkı rifahı enerji resurslarının mövcudluğuna əsaslanır. Yeri gəlmişkən, bir neçə il əvvəl Norveç Barents dənizində qazma işləri üçün 125 yeni sahənin açılmasını təklif etmişdi. Bakıya gəlməkdən imtina edən həmin baş nazir Störe 2023-cü ildə Oslonun “yaşıl iqtisadiyyat” və mineral ehtiyatların inkişafı arasındakı tarazlığa uyğunluğundan bəhs edərkən, ekoloqların etirazlarından asılı olmayaraq, Norveç sularında “qara qızıl” çıxarılmasını inamla davam etdirəcəyini faktiki olaraq etiraf etmişdi.

Oslo, həmçinin ətraf mühit şirkətlərinin etirazlarına məhəl qoymayaraq, enerji şirkətlərini Arktikada neft və qaz kəşfiyyatını gücləndirməyə çağırmışdı. Lakin Norveçin Arktika yaxınlığında yerləşdiyini nəzərə alsaq, məhz bu ölkə heç bir halda ətraf mühitin təmizliyi uğrunda mübarizədən kənarda qalmamalıdır. Krallıq dəniz səviyyəsinin qalxmasına səbəb olan buzlaqların əriməsi, Arktika sularının neft tərkibli məhsullarla çirklənməsi və s. kimi problemlərin həlli kontekstində səylər göstərilməlidir. Biz isə bu gün bunun əksini müşahidə etməkdəyik.

Qərbi Kaspi Universitetinin professoru, politoloq–diplomat Fikrət Sadıxov XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycan, əslində, bir sıra ölkələrin, yəni Fransanın, Niderlandın, Norveçin ideoloji təxribatlarına bir zərbə vurdu. Onun sözlərinə görə, zərbə də Bakıya 80 min nəfər konfrans iştirakçısının gəlişinin gözlənilməsidir. Onların sırasında 50-yə yaxın dövlət və hökumət başçısı, nazirlər, tanınmış ekspertlər var. Bu, onları təbii ki, qıcıqlandırır: “Yəni, onlar bizə qarşı uzunmüddətli fəaliyyət göstərərək, konfransı faktiki olaraq, şübhə altına almaq istəyirdilər. Qarşıya qoyulan əsas məqsədlərdən biri digər dövlətlərin tədbirdə iştirak etməməsi idi. Bu məqsəd puça çıxdı. Deməli, nə etmək lazımdır?! Bura gəlməmək, konfransda iştirak etməmək, bizi ittiham etmək lazımdır. Əslində, onları ən çox narahat edən Azərbaycanın lokal xarakterli antiterror tədbirlərindən sonra daha da güclənməsidir. Hesab edirlər ki, Cənubi Qafqazda belə bir gücün olması onların maraqlarına ziddir”.

F.Sadıxovun sözlərinə görə, bəzi Qərb dövlətlərinin bizi tamamilə əsassız məsələlərdə ittiham etdiklərini də görürük. Guya, biz separatçı başçılarla qeyri-insani şəkildə rəftar edirik. Halbuki, bunu heç kim etmir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları vaxtaşırı onlara baş çəkirlər. Ailələri ilə telefon əlaqəsi saxlamalarına imkan yaradılır: “Onların əksəriyyəti heç hərbçi deyil, mülki şəxslərdir və bu səbəbdən “hərbi əsir” adlandırıla da bilməzlər. Onlar bir sıra cinayətlərdə ittiham olunan keçmiş rejimin rəhbərləridir. Azərbaycan ərazisində separatçı rejim yaratmaqda, terrorçuluğun maliyyələşdirilməsi və sair əməllərdə ittiham edilirlər. Onlar Azərbaycan vətəndaşlarına qarşı bir sıra cinayətlərə imza atıblar. Əsirlikdə saxlanılan soydaşlarımıza işgəncələr veriblər, mülki insanları qətlə yetiriblər, Gəncəni, Bərdəni, Tərtəri bombalayıblar. Bu əməllərə görə kim cavab verməlidir? Təbii ki, bu əməllərin törədilməsinə göstəriş verən şəxslər!”

Müsahibimiz qeyd etdi ki, əslində, hansısa qərəzli ölkənin konfransa qatılıb-qatılmaması heç nəyi dəyişməyəcək. COP29 bütün hallarda keçiriləcək. Onun işində kifayət qədər insan – dövlət xadimləri, ekspertlər iştirak edəcəklər. Onların bu qərəzli mövqeyi bizim gücümüzü azaltmayacaq, ölkəmizin yüksək nüfuzuna heç bir zərbə vurmayacaq.

Politoloq Ramiyə Məmmədova isə bildirdi ki, Azərbaycanın nüfuzunun artması Qərb dövlətləri, ümumiyyətlə, dünya gücləri tərəfindən birmənalı qarşılanmır. Dövlət müstəqilliyini cəmi 33 il əvvəl bərpa etmiş ölkənin belə bir səviyyəyə gəlib çıxması onlarda çaşqınlıq və həsəd yaradır. Onlar görürlər ki, Azərbaycan heç bir Qərb ölkəsinin dəstəyi olmadan yüksək nəticələr əldə edib: “Özlərinə sual verirlər ki, bu necə ola bilər?! Digər tərəfdən Azərbaycan müstəqil siyasət yürüdür və dünyada gedən proseslərdə fəal rol oynayır. Qərb dövlətlərinin dəstəyi olmadan buna nail olmaq hər ölkənin işi deyil. Azərbaycan COP29-un keçirilməsində də müstəqil siyasət yürüdür. Özünün gündəliyini təqdim edib”.

R.Məmmədova qeyd etdi ki, Fransanın prezident Makronun simasında Azərbaycana qarşı düşmənçilik siyasəti özünü hər addımda göstərir: “Makron COP29-da iştirak etməməklə bağlı çağırış etsə də, Afrika ölkələrindən heç biri onun səsinə səs vermədi. Çünki Parisin siyasətinin gerçək mahiyyətini anlayırlar. Onların müstəqil mövqeyi var və Bakıya gəlməklə bağlı qərar veriblər”.

Oslonun atdığı addıma gəldikdə isə R.Məmmədova qeyd etdi ki, Norveç neft-qaz ölkəsi olaraq təbiətə daha çox karbon emissiyaları atır. Bu baxımdan Norveç iqlim dəyişikliyi ilə mübarizədə “pioner” dövlətlərdən biri olmalıdır. Planetin çirkləndirilməsində Norveçin rolu böyükdür: “Məlumdur ki, Norveç dünyanın ən böyük neft və qaz hasil edən ölkələrindən biridir. Enerji ixracı bu şimal ölkəsinin iqtisadiyyatının mühüm elementidir. Norveç özünü ətraf mühitin əsas müdafiəçilərindən biri kimi göstərir, lakin onun imicinə zidd addım atır. Norveç baş nazirinin COP29-da iştirakdan imtina etməsi, ilk növbədə, Skandinaviya ölkəsinin özünün imicinə xələl gətirəcək. Əgər rəsmi Oslo bu addımın Azərbaycanın beynəlxalq imicinə xələl gətirəcəyinə inanırsa, deməli, dərindən yanılır. Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir”.

Səxavət HƏMİD
XQ





Siyasət