Vətən müharibəsinin xronikası: 14–15 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

14 oktyabr

• Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tvitter səhifəsində paylaşım edib.

• Prezident İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı jurnalistin – “Humanitar atəşkəs kimi nəzərdə tutulan atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə davam edib. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?” – sualına cavabında bildirib: “Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir”.

Prezident İlham Əliyev sözlərinə əlavə edərək vurğulayıb ki, hər zaman Azərbaycanın mövqeyi olub. Ermənistan tərəfi isə həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışıb. İşğalçının mövqeyi Azərbaycan və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilib.

Dövlətimizin başçısı daha sonra deyib: “Biz atəşkəs rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak olub”.

• Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd “Elbrus” raket qurğusunu raketlərlə birlikdə məhv edib.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.

• Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.

• Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

15 oktyabr

• Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına və Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

Azərbaycan lideri Türkiyənin NTV televiziyasına televiziyasına müsahibəsində qardaş ölkə barədə bəhs edərək deyib: “Biz bir daha gördük ki, atamın məşhur kəlamı “Bir millət, iki dövlət”, sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu reallığı biz yaratdıq... Mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir”.

• Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında düşmən ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edərək dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğ malarına baş sağ lığ ı verib.

• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksini, 4 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub.

• Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutub. Bu xain hücum zamanı 3 nəfər həlak olub, beş nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-ə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

XQ



Siyasət