BRICS ölkələri ilə ticarət genişlənir

post-img

Bu göstərici keçən il 9,8 milyard manata çatıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı araşdırmaya əsasən, 2020-ci ildən 2023-cü ilədək Azərbaycanın BRICS ölkələri ilə xarici ticarət dövriyyəsi sürətlə çoxalıb. Azalma yalnız COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə qeydə alınıb.

BRICS ölkələri ilə xarici ticarət dövriyyəsi keçən il 9,78 milyard dollar, yəni 2022-ci illə müqayisədə 13,5 faiz və ya 1,16 milyard dollar çox olub. Cari ilin birinci yarısında isə həmin göstərici 4,96 milyard dollara yüksəlib. Bu rəqəmin ilin sonunadək 6 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılıb.

Azərbaycanın BRICS ölkələri ilə xarici ticarət əlaqələrinə diqqət etsək, bu ölkələr ilə ticarət tərəfdaşlığının daha çox idxal məhsulları üzrə olduğunu görərik. Başqa sözlə, 2023-cü ildə respublikamıza BRICS ölkələrindən 7,17 milyard dollar dəyərində məhsul idxal olunub ki, bu da 2022-ci illə müqayisədə 24,1 faiz və ya 1,4 milyard manat çoxdur. İdxal həcmində azalma yalnız 2020-ci ildə qeydə alınıb ki, həmin ilin göstəricisi 560 milyon dollara bərabər olub. 2024-cü ilin birinci yarısında isə BRICS ölkələrindən idxal məhsullarının həcmi 3,78 milyard dollar təşkil edib.

Onu da xatırladaq ki, 2021-ci və 2022-ci illərdə Azərbaycanın BRICS ölkələrinə ixrac məhsullarının həcmində artım qeydə alınıb. Cari ilin birinci yarısında isə ixracın həcmi 1,18 milyard dollara yüksəlib. Ümumilikdə, son 5 il 6 ayda ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 217,3 milyard dollar olub və bunun da 19,49 faizi və ya 42,3 milyard dolları BRICS ölkələri ilə xarici ticarətin payına düşüb. Digər ölkələr ilə xarici ticarət dövriyyəsi isə 175 milyard dollara çatıb.

Son 5 ildə BRICS ölkələri arasında respublikamızın əsas ticarət tərəfdaşı Rusiya olub. 2019-cu ildən cari ilin iyul ayınadək bu ölkə ilə xarici ticarət dövriyyəsi 18,9 milyard təşkil edib ki, bu da BRICS ölkələri ilə ümumi xarici ticarət dövriyyəsinin 44,7 faizinə bərabərdir. Həmin göstərici üzrə 2-ci sırada 12,7 milyard dollar ilə Çin dayanır. Bu ölkə ilə xarici ticarət dövriyyəsi BRICS üzvləri ilə ticarət dövriyyəsinin 30 faizini təşkil edir. 15,14 faiz göstərici ilə 3-cü sırada Hindistan yer alır.

Bu dövrdə Hindistan ilə xarici ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Cənub qonşumuz İran isə 2,56 milyard dollar (6 faiz) xarici ticarət dövriyyəsi ilə 4-cü sırada qərarlaşıb. Qalan 4,1 faizlik hissə, yəni 1,73 milyard dollar isə digər BRICS ölkələrinin payına düşüb.

Yeri gəlmişkən, Azərbaycanın BRICS ölkələri sırasında yer alan Hindistan və Misirlə ticarət dövriyyəsində ixrac həcmi üstünlük təşkil edir. Başqa sözlə, respublikamızın Hindistanla ticarət dövriyyəsinin 85,39 faizi, Misirlə isə 52,02 faizi ixrac əməliyyatlarının payına düşür. Digər ölkələrlə olan ticarət əlaqələrində isə idxal həcmi ixracı üstələyir. Qeyd edək ki, BRICS üzvləri arasında əsas xarici ticarət tərəfdaşımız olan Rusiya ilə ticarət dövriyyəsinin 73,1 faizini idxal, 26,9 faizini isə ixrac əməliyyatları təşkil edir.

Xatırladaq ki, BRICS təşkilatı 2009-cu ildə Rusiyanın təşəbbüsü ilə Braziliya, Hindistan və Çinin birgə yaratdığı hökumətlərarası qurumdur. 2010-cu ildə bu təşkilata Cənubi Afrika Respublikası da qoşulub. 2023-cü ildə isə Argentina, Misir, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri quruma qoşulmaq üçün müraciət edib və Argentinadan başqa bütün namizədlər 2024-cü il yanvarın 1-dən BRICS üzvü qəbul ediliblər. Argentinanın təşkilata üzv olmamasının səbəbi isə 2023-cü ilin sonunda bu ölkədə hakimiyyət dəyişikliyi və yeni hakimiyyətin BRICS liderlərinə məktub ünvanlayaraq üzvlükdən imtina etməsi olub.

Azərbaycanın da qoşulmaq istədiyi bu təşkilata daha 27 ölkə üzv olmaq istəyir ki, bunlar Belarus, Türkiyə, Əlcəzair, Banqladeş, Bəhreyn, Boliviya, Venesuela, Vyetnam, Honduras, Pakistan, Seneqal, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Çad, Şri-Lanka, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Suriya, Tailand, Uqanda, Ekvatorial Qvineya və Cənubi Sudandır.

İqtisadiyyat