Bu ilin yanvar-sentyabr aylarında ölkədə 47,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatında daha sonra bildirilir ki, son 1 ildə məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faizartıb. Sənaye məhsulunun 64 faizi mədənçıxarma, 30,2 faizi emal, 4,8 faizi elektrik enerjisi, 1 faizi isə su təchizatı sektorlarında istehsal olunub.
Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bu cür əlverişli mühitin məhsuludur. Bu istehsal sahələrində iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkarlara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.
Qeyri-neft sənaye sahələrində, məsələn, sənaye parklarında rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılan müasir infrastruktur iş adamlarına öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır. Bütün bunlarla yanaşı, sənaye parklarında iş adamlarına müasir infrastrukturla təmin edilən torpaq sahələri, həmçinin hazır tiklilər isə uzunmüddətli icarəyə verilir.