Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti toplantı keçirilib.
Məclisdə Ailə, Qadın və şaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin 4 ildən bəri reallaşdırıldığını xatırladaraq bildirib ki, hər bir xalqın inkişafı üçün sivil amil və mötəbər təməl təhsillə bağlıdır: “Təhsilin dövlətin və cəmiyyətin inkişafında rolunu heç nə ilə müqayisə etmək olmaz. Bu gün uğurlara və ümumi yüksəlişə görə təhsilə borcluyuq. Qızların təhsili isə xüsusilə önəmlidir. Təhsilli analar ailələrdə uşaqları bilik və bacarıqlar qazanmağa hazırlamaqla təhsilin uğuruna önəmli təminat yaradırlar”.
Komitə sədri əlavə edib: “Hər il ictimaiyyətə müraciət edirik ki, hər kəs gənc qızların təhsilinə bacardığı dəstəyi versin. İndiyədək 265 qız “Hənifə Məlikova–Zərdabi təqaüd proqramı”nı qazanıb. Onların 5 nəfəri şəhid xanımıdır. Artıq bu layihə 58 rayonu əhatə edir. Həyata keçirilən proqramlarda iştirak edən qızlardan bir neçəsi artıq işlə təmin edilib. mumilikdə, 4 belə proqram həyata keçirilib”.
Elm və təhsil naziri Emin Əmrullayev 4 il əvvəl bir neçə sahibkar qadının və tələbənin təşəbbüsü ilə həyata keçirilən bu hərəkatın artıq yüzlərlə tələbəni əhatə etməsinin təhsilə önəmli dəstək olduğunu qeyd edib. O bildirib ki, bu təqaüddən faydalanan xanımlar sabah müxtəlif sahələrdə mütəxəssis olacaqlar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Gənc qızların təhsilinə dəstək” layihəsində benefisiar sayının 315 nəfərə çatdırılacağını qeyd edib: “Qızlar təkcə təqaüd deyil, eyni zamanda, təcrübə və təlim proqramlarından faydalanmaq imkanı da qazanırlar. “Layihə çərçivəsində “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilib və 1800-ə yaxın müraciət daxil olub. “Zərif mühəndislər” təqaüd proqramına isə 215 qız cəlb edilib. “Maya Hacıyeva adına İKT bacarıqları” və “Hənifə Məlikova – Zərdabi təqaüd proqramı” layihələri də uğurlu təşəbbüs olub. Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan aztəminatlı ailələrdən olan 131 tələbə qıza təqaüd verilib”.
Sonda “Hənifə Məlikova–Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılıblar.