Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bu ilin yanvar–sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunduğu barədə paylaşım edib. Məlumata görə, hesabat dövrü ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac olunub. Nazirin sözlərinə görə, bu dövrdə Trans–Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql edilib.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya ixracı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.
Bolqarıstana “mavi yanacağ”ın nəqli TAP-a birləşdirilən Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın ixracı üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3–5 milyard kubmetr olacağı gözlənilir.