Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Avropa və ABŞ-də “mənzillənən”, özünü beynəlxalq statuslu “hüquq müdafiəçisi” elan edən təşkilatların Azərbaycan əleyhinə çıxışları intensivləşib. “Human Rights Watch”, “Amnesty international”, “Freedon House” və digərləri ABŞ Dövlət Departamentindən, Avropa İttifaqı Şurasından verilən siyasi direktivlərə uyğun olaraq, hər gün bir bəyanat verir, Azərbaycanda təşkil ediləcək COP29 konfransını pozmağa çalışırlar.
Onlar zamana və şəraitə uyğun olaraq, kampaniya tezislərini dəyişirlər. COP29 ərəfəsində də “yeni ideyalar”la gündəmə gəliblər. Azərbaycanı indi də “siyasi məhbus” amilinə görə qınayırlar. Tezisləri budur ki, guya, Azərbaycanda “siyasi məhbusların” sayı çoxdur, “demokratik mühit yoxdur”, “belə ölkədə COP29-un keçirilməsi yolverilməzdir”.
Oktyabrın 4-də Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası çərçivəsində “Azərbaycanda insan haqları üzrə “dinləmələr keçirildi. Bu kontekstdə “siyasi məhbus” problemi xüsusi qabardıldı. Oktyabrın 3-də isə 58 nəfər qanunverici ABŞ-nin Dövlət katibi Antoni Blinkenə məktub yazaraq, COP29 sammiti ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırdılar. AŞPA və ABŞ Konqresində hazırlanan müraciətlərdə “Human Rights Watch”, “Amnesty international”, “Freedom House” kimi təşkilatların hesabatlarında yer tutmuş detallar görünür. “300 siyasi məhbus” mövzusu beynəlxalq platformalara məhz bu təşkilatlar vasitəsilə çıxarılıb. Nümunə üçün deyək ki, “Human Rights Watch” təşkilatı cəmi bir ay ərzində– sentyabrın 9-dan oktyabrın 9-na qədər olan müddətdə öz saytında Azərbaycanın adını 15 dəfə neqativ tonda çəkib. Sentyabrın 25-də isə Avropa Şurasına müraciət edərək, “Azərbaycanda insan haqları, siyasi məhbus məsələrini müzakirəyə çıxarmağa” çağırıb.
Belə çıxır ki, AŞPA-da bu müraciəti gözləyirlərmiş. Sentyabrın 25-də HRW və digər 10 partnyor təşkilat müraciət ünvanlayıb, AŞPA da operativ şəkildə reaksiya verib, oktyabr 4-də məsələni müzakirəyə çıxarıb. Amma təcrübə göstərir ki, proses əksinə baş verib. Kampaniyanın sifarişi ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Şurasından gəlib. Onlar təzyiq göstərib Azərbaycanı öz maraqlarına tabe etdirmək üçün qondarma “hüquq müdafiə təşkilatları” adından müraciət hazırlayıb və ona istinadən hərəkətə keçiblər. Yəni, beynəlxalq ictimai rəyə “hüquq müdafiəçiləri” kimi sırınan bu təşkilatlardan siyasi məqsədlər üçün istifadə edirlər.
“Human Rights Watch”, “Amnesty international”, “Freedom House” kimi təşkilatlar ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Şurasından verilən siyasi tapşırıqları icra etdiklərini gizlətmək üçün fəaliyyətlərini “insan haqlarının müdafiəsi” kontekstində qələmə verirlər. Reallıqda isə ABŞ-nin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri “söz və ifadə azadlığını məhdudlaşdırdığına”, “siyasi fəaliyyət, sərbəst toplaşmaq hüququnu pozduğuna görə” hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər. ABŞ-nin, Avropa İttifaqı Şurasının bu dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar.
Digər bir nüans odur ki, bu təşkilatlar “siyasi məhbus” məfhumunu qondarma arqumentlərlə gündəmə gətirirlər. Hansısa əməlinə görə həbsə düşmüş şəxslərin ailələrinə müraciət edirlər, adlarını “siyasi məhbus” siyahısına yazdırmaq üçün təkliflər göndərirlər. Məqsədi anlayanlar onlara rədd cavabı verirlər. Anlamayanlar isə tora düşür, adlarını “siyasi məhbus” siyahısına yazdırıb, işi qəlizləşdirirlər. Məsələn, sabiq deputat Nazim Bəydəmirlinin özünün məhkəmə prosesində səsləndirdiyi bəyanat bu mövzuda yaxşı nümunədir. O, 2024-cü il aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı açıq tekstlə dedi ki, “hansısa mərkəzlər” onun razılığı olmadan, adını “siyasi məhbus” siyahısına yazıblar. Bəydəmirli özünü siyasi məhbus hesab etmədiyini qeyd etdi. “Siyasi məhbus” siyahısı hazırlayan mərkəzlərə də mesaj göndərdi ki, maxinasiyanı dayandırsınlar: “Mən siyasi məhbus deyiləm, siyasi fəaliyyətimə görə həbs edilməmişəm. Adımdan istifadə olunmasını istəmirəm”.
Beynəlxalq “hüquq müdafiə təşkilatları” indiki kampaniyanın təsirini artırmaq üçün qeyri-ənənəvi metodlara əl atıblar. Bu dəfə həm də Azərbaycanda siyasi separatizmi körükləməyə çalışıblar. Onlar hazırladıqları siyahıda bəzi şəxslərin adlarını etnik mənsubiyyətinə görə təsnifatlaşdırıblar. Şübhə yoxdur ki, bu tezis “erməni şəbəkəsindən” gəlir. Onlar insanların Azərbaycanda etnik mənsubiyyətinə görə təqib edildiyini gündəmə gətirməklə, Bakıda həbsdə saxlanılan “Qarabağ separatçıları” mövzusunu aktuallaşdırırlar. Zatən “erməni məsələsi” AŞPA və ABŞ Konqresi adından yayılan müraciətlərdə qırmızı xətt kimi keçir.
Məlumat üçün qeyd edək ki, “erməni şəbəkəsi” üzvlərinin beynəlxalq “hüquq müdafiə təşkilatları”nın sıralarına daxil olaraq, orada öz siyasətlərini yeritmələri barədə faktlar çoxdan yayılıb. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada bilinən faktdır. Məsələn, 2020-ci il yanvarın 14-də "The Wall Street Journal" nəşrində yayımlanan məqalədə “Human Rights Watch" təşkilatının “erməni məsələsinə” yanaşmada yol verdiyi maxinasiyalardan da bəhs edilir. Məqalənin müəllifi, Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviç yazır ki, “Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika sektorunun direktoru Sara Li Uitson Azərbaycana məxsus olan Dağlıq Qarabağ torpaqlarında Ermənistan tərəfindən aparılan işğalçılıq və məskunlaşma prosesini qətiyyətlə dəstəkləyir”. Yevgeni Kontoroviç öz məqaləsində Uitsonun belə qanunsuz davranışlarını onun erməni mənşəli ailədə anadan olması, 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən ələ alınması ilə izah edir.
“Human Rights Watch" qismində təşkilatların idarəçiliyində Saraya bənzər şəxslər az deyil. Bu baxımdan onların ermənipərəst tezisləri canla-başla tirajlamalarının səbəbləri aydındır.