Avropa İttifaqı üzvlüyünə namizəd olan Monteneqro “Xarici agentlər haqqında” qanun layihəsini qəbul etməyi planlaşdırır. ABŞ artıq qanunun mümkün qəbulu ilə bağlı narahatlığını bildirib və regional ekspertlər proqnoz verirlər ki, qanun layihəsi qəbul edilərsə, NATO üzvü olan Monteneqronun Aİ-ə daxil olmasının qarşısı alınacaq.
Ötən həftə Monteneqroda parlamentin “Xarici agentlər haqqında” qanun layihəsini qəbul etmək planı barədə məlumatın açıqlanması Balkan yarımadasında bomba effekti yaradıb. Qanun layihəsi parlamentin spikeri, “Demokratik Cəbhə”nin liderlərindən biri, respublikada hakim koalisiyada əsas fiqur olan Andrija Mandiç tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi “QHT adı altında daxili və xarici siyasətə təsir göstərməyə çalışan xarici agentlərin fəaliyyətini” nizamlamaq məqsədini daşıyır: “Biz, hakimiyyət olaraq, Monteneqro siyasətini xarici müştərilərin maraqlarına uyğun yalan kampaniyalar həyata keçirən agentlərin çirkli fəaliyyətindən ayırmağa çalışmalıyıq”.
Andrija Mandiçin bu təşəbbüsü QHT icması və müxalifət tərəfindən sərt tənqid olundu və onlar xarici agentlər haqqında qanun layihəsini “demokratiya üçün ciddi təhlükə və Monteneqronun Avropaya inteqrasiyası üçün təhdid” adlandırdılar. Hətta hakim koalisiyanın bəzi üzvləri spikerin planından məmnun olmadıqlarını bildirdilər, Avropa işləri naziri Maida Qorceviç isə vurğuladı ki, hökumət qanunu dəstəkləməyəcək.
Bununla belə, bir çox Monteneqro ekspertləri əmindirlər ki, “Demokratik Cəbhə”nin liderləri elan edilmiş qanun layihəsini parlamentdən keçirəcəklər. Monteneqro Monitorinq və Tədqiqat Mərkəzinin rəhbəri Zlatko Vujoviç düşünür ki, Monteneqroda bu prosesə artıq start verilib. Monteneqronun “M Portal” nəşrinin rəhbəri Danica Nikoliç isə deyir ki, əvvəllər də hakimiyyətdə olan “Demokratik Cəbhə”nin tərəfdaşları partiyanın bəzi təşəbbüslərinə qarşı çıxıblar, lakin sonradan fikirlərini dəyişiblər.
Ekspertlərin proqnozlarını o da təsdiqləyir ki, Andrija Mandiç hazırda respublikada hakim koalisiyada əsas fiqur hesab olunur. Buna görə də, spikerin təşəbbüsü iqtidar tərəfindən dəstəklənməzsə, o zaman hazırkı hökumət ən güclü tərəfdaşını itirəcək. Bu da hökumətin istefası ilə nəticələnəcək. Koalisiya tərəfdaşlarının mənfi reaksiyasına təəccüblənən spiker bildirib ki, yeni qanunun hazırlamasında nümunə kimi Amerika Xarici Agentliklərin Qeydiyyatı Aktı (FARA) götürüləcək. “Demokratik Cəbhə”dən verilən digər açıqlamada isə vurğulanıb ki, Qərb dünyasının əsas demokratik nailiyyətlərindən nümunə götürərək, Monteneqro cəmiyyətində şəffaflığın artırılmasına etiraz edilməsi aydın deyil.
Bununla belə, Birləşmiş Ştatlar artıq “təklif edilən qanunvericiliyin demokratiya, insan hüquqları və əsas azadlıqlar üçün mümkün nəticələri ilə bağlı dərin narahatlığını” ifadə edib. “NATO üzrə müttəfiqimiz və Avropa İttifaqına namizəd olan Monteneqroda belə bir qanun vətəndaş azadlıqlarının əhatə dairəsini məhdudlaşdıracaq”, – ABŞ Dövlət Departamenti xəbərdarlıq edib.
Mütəxəssislər daha qəti fikirlər səsləndirirlər. Məsələn, Zlatko Vujoviçin sözlərinə görə, Monteneqroda Aİ ilə danışıqların bloklanması ilə nəticələnən proses güc qazanır. Ekspert iddia edir ki, “Demokratik Cəbhə”nin təşəbbüsü ilə irəli sürülmüş qanunun əsas vəzifəsi “Monteneqronun
Aİ-yə vaxtından əvvəl qoşulmasının qarşısını almaqdır”. Bu iddianın doğru olub-olmadığını Milojko Spajic hökumətinin qəbul edəcəyi qərarlar təsdiqləyəcək.
S.ELAY
XQ