Ermənipərəstlikdə “Holland sindromu” effekti

post-img

Niderland parlamentinin aşağı palatasının qərəzli yanaşmasına sözardı

Ermənipərəstlik mərəzinə yoluxmuş Avropa ölkələrindən biri də Niderland Krallığıdır. İndiyədək də bu ölkənin anti-Azərbaycan motivli hərəkət və davranışlarını görmüşük. Bu mənada Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsinin üzərindən keçmək, bəlkə də, olardı. Amma nəzərə alaq ki, sözügedən qətnamələr yalnız Niderlandın tutduğu qərəzli mövqenin göstəricisi deyil. Məsələ, bütövlükdə, “köhnə qitə”nin və Qərbin ermənipərəstlik təəssübü ilə bağlıdır. Böyük ehtimal ki, qarşıdakı müddətdə belə qərəz nümunələrinin sayı artacaq. Çünki ermənipərəstlər özlərini Bakıda keçiriləcək COP29-a, daha doğrusu, Azərbaycanın bu nüfuzlu tədbirə evsahibliyini gözdən salmağa kökləyiblər.

Azərbaycan Milli Məclisinin açıqladığı münasibətdə bildirildiyi kimi, Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının 2024-cü il oktyabrın 10-da qəbul etdiyi iki qətnamə ölkəmizi əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlardır: “Yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur”.

Bəli, tam aydındır ki, COP29-a hesablanmış anti-Azərbaycan gedişlər Ermənistanın sülhdən yayınmasının, dövlət miqyasında revanşist mövqe tutmasının nəticəsidir. Ona dəstək verən xarici qüvvələr var ki, həmin qüvvələrin Niderlandda da lövbər saldıqlarını söyləmək mümkündür. Nəzərə alaq ki, bu ölkənin parlament palatası bütövlükdə ermənipərəst ritorikanın zay təbliğat formaları üzərində dayanır. O formaların ki, onları son zamanlar rəsmi İrəvanın təmsilçiləri də qabardırlar. Daha dəqiq desək, həmin məqamları Azərbaycana sülh məsələsində təzyiq predmeti kimi götürürlər. Söhbət “erməni hərbi əsirlər”lə bağlı məsələdən gedir. Milli Məclisin açıqlamasında bildirilir: “Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır”.

Erməni mədəni irsinin, guya, talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi də ənənəvi ermənipərəst ritorikadan, həyasızlıqdan qaynaqlanır. Çox təəssüf ki, belə həyasızlığa züy tutanlar beynəlxalq hüquq anlayışını heçə sayacaq qədər zombiləşiblər. Əminlikə deyə bilərik ki, Niderland Parlamenti də əsl zombilər yığınıdır. Onlar üçün bəşəri dəyər və prinsiplər heç nədir. Ona görə də otuz il müddətində işğalçı Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını görməzdən gəlib. Bu səbəbdən Azərbaycan Milli Məclisi açıqlamasında Niderland Parlamentinin Nümayəndələr Palatasının qətnamələrini xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamı sayıb və diqqətə çatdırıb: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamentinin Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur”.

Əlbəttə, təəssüf sözü çox yumşaq ifadədir. Həm də ona görə ki, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp haqqında bəhs etdiyimiz qətnamələri rəğbətlə qarşılayıb. Deməli, ölkənin parlamenti kimi, Niderland dövlətinin özü də aşkar ermənipərəst yol tutur ki, əslində, bu, o qədər təəccüblü deyil. Çünki əvvəllər də rəsmi Amsterdamın belə davranışları olub: “Azərbaycan Respublikasının Milli Məclisi bunu da bildirməyi zəruri sayır ki, sözügedən qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində ikili standarta əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə, Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən və bu iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir daha aşkara çıxarır”.

Heç şübhəsiz, yalnız insani dəyərlərdən uzaq dəst-xətt seçmiş bir ölkə və onun ali qanunverici orqanı eyni yanaşmasını Azərbaycan üzərinə gətirməkdə israrlı ola bilər. Axı Niderlandın tarixi elə müstəmləkəçilik tarixinin özüdür. Əslində, bu məmləkətin də keçmişi Fransa kimi, bəşəriyyət üçün utanc səhnələri ilə “zəngindir”. Bu baxımdan Azərbaycan Milli Məclisinin açıqlamasındakı “Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutmuşdur. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olmuşdur” kimi ifadələri reallıqdan xəbər verir.

Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismarı, onlara qarşı törədilən cinayət faktları ilə ad çıxarmış Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Ona görə: “Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi qiymətləndirilməlidir”.

Bəli, əvvəldə də vurğuladığımız kimi, Niderlandın, ümumilikdə ABŞ və Fransa başda olmaqla, kollektiv Qərbin bəzi dairələrinin, müxtəlif şəxslərin nümayiş etdirdirdikləri ermənipərəst yanaşma Cənubi Qafqazda sülh və sabitliyin yaradılması səylərinə maneçilik törədir. Bu, mövqe erməni avantürizmini körükləyir, Ermənistanın illüziya bataqlığındakı yerini daha da möhkəmləndirir. Belə bir səbəbdən Azərbaycan Milli Məclisi çağırış səsləndirir: “Biz Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəkləyirik, lakin bu cür dialoq və əməkdaşlıq qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalıdır”.

Məlumdur ki, Niderlandın başqa bir adı da Hollandiyadır. O da məlumdur ki, “Holland sindromu” deyilən bir ifadə var və bu termin iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım ilə digər sektorlarda baş verən azalma arasındakı əlaqəni göstərmək üçün istifadə edilir. Müasir iqtisadi elmdə “Holland sindromu” dedikdə xammal ixracının artması ilə ölkə iqtisadiyyatının səmərəliliyinin azalması nəzərdə tutulur. Belə görünür, erməni təəssübü Niderlanda o qədər böyük təsir göstərir ki, ölkənin ədalətli yanaşma tərzində nəinki azalma, ümumən iflas yaşanır. Ən acınacaqlısı isə budur ki, oxşar iflas məntiqi, bütövlükdə, Qərb aləmi üçün xarakterikdir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət