I MƏQALƏ
Yeganə əhəmiyyəti olan məqam mübarizəni davam etdirmək kişiliyidir.
Uinston ÇÖRÇİLL
Siyasətin fəlsəfəsi
Siyasətin və diplomatiyanın öz fəlsəfəsi vardır. Dünya təcrübəsi göstərir ki, bu, olduqca mürəkkəb fenomendir. Görünür, siyasi-diplomatik fəaliyyət birbaşa insan faktoru ilə bağlı olduğundan burada daimi dinamika və ritm müəyyən etmək mümkün deyildir. Buna görə də siyasətin fəlsəfəsi müntəzəm dəyişən və yeniləşən şərtlər daxilində mümkündür.
Böyük siyasi liderlər siyasətdə söz bütövlüyünü, səmimiliyi, yüksək zəkanı, fəallığı, cəsarəti yüksək qiymətləndirirlər. Lakin bu yüksək keyfiyyətlər müdrikliklə qarşılıqlı əlaqədə özünü göstərməsə, nəticənin uğurlu olduğunu gözləmək imkansızdır. Özü də söhbət qalıcı və yeniləyici uğurdan gedir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin fəlsəfi və politoloji xüsusiyyətlərinə sistemli baxanda onun qalıcı və yeniləyici mahiyyətini aydın görə bilərik. Xarici siyasətin bütün istiqamətlərində - Avropa, Asiya, MDB, TDT, region ölkələri istiqamətində davamlı və qalıcı uğurlar göz qabağındadır. İlham Əliyev Avropa və Uzaq Şərq, Afrika və Okeaniya istiqamətlərində nə dərəcədə uğurludursa, Türk dünyası və MDB məkanında da o dərəcədə qəbul ediləndir. Son nümunə Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu hadisənin dövlətçilik baxımından tarixi əhəmiyyətini aydın dərk etməmiz gərəkdir. Bunun üçün də hadisənin fəlsəfi və siyasi-nəzəri aspektini anlamamız lazımdır.
Niyə məhz Laçın?
Tale elə gətirmişdir ki, əsrlərlə Azərbaycan dövlətinin coğrafi olaraq ortasında olan Laçın indi sərhəd şəhəridir. Özü də adi sərhəd şəhəri-məntəqəsi deyildir. Qarabağ savaşında Laçının adı çox müxtəlif proseslərdə intensiv hallandırıldı. Ermənistan və havadarlarının “Laçın dəhlizi” deyibən yaxalarını cırmaları da unudulmamışdır. Onlar məhz Laçın ərazisindən istifadə edərək Azərbaycanın dərinliklərinə erməniləri və “erməniliyi” yaymağa çox çalışdılar.
Unudulmamışdır ki, Laçınla sərhəddə Ermənistan və havadarları dəfələrlə müxtəlif xarakterli təxribatlar törətdilər. Azərbaycanın qətiyyəti ilə elə cavab aldılar ki, indi “Laçın” deyəndə tükləri biz-biz olur. Lakin xislət dəyişmir.
İndi Qərbin özünü güclü sayan dövlətləri Laçın və Kəlbəcər tərəfdən “durbin” Azərbaycanı müşahidə edirlər. Laçında Azərbaycanın inşa etdiyi sərhəd məntəqəsi onlar üçün təxribat törətməkdə böyük maneədir. Bundan başqa, Laçın sürətlə inşa edilir və artıq beynəlxalq statuslu hava limanına malikdir. Laçın, sözün həqiqi mənasında, bütün sferalarda dünyaya Azərbaycanın gözəl şəhərlərindən biri kimi açılır! Ora çoxlu sayda rəsmi qonaqlar və turistlər gəlirlər. Onlar bir həqiqətə əmin olurlar: Laçın tam mənası ilə Azərbaycan şəhəridir!
Buradan Laçının indiki tarixi dönəmdə Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətinin fəlsəfi və siyasi-nəzəri özəlliyini aydınlaşdırmaq olar.
Sərhədin fəlsəfi və geosiyasi mənası
Müasir fəlsəfi və sinergetik tədqiqatlarda “sərhəd zonası” anlayışı prinsipial əhəmiyyət kəsb edir. Tədqiqatçılar müəyyən etmişlər ki, yeni mənalar məhz sərhəd zonasında yaranır. Bura siyasi və geosiyasi mənalar da daxildir. Məsələnin nəzəri tərəfi xeyli mürəkkəb, abstrakt və qəlizdir. Ona görə də sadə məqamlar üzərində dayanaq.
Fəlsəfi və sinergetik araşdırmalar göstərir ki, sərhəd müxtəlif istiqamətli və xarakterli (siyasi, iqtisadi, geosiyasi, mədəni, kommunikativ, informasiya və s.) proseslərin qarşılıqlı təsir sahəsidir. Bu qarşılıqlı təsirlər faktiki olaraq həmin sərhəd zonasının taleyini həll edirlər. Siyasi-diplomatik aspekt üçün bu, hansı tərəfin üstün yeni mənalar yaratmasının əhəmiyyətini göstərir. Yəni həqiqi qalib müasir və yeni “siyasi-diplomatik mənalar” yarada biləndir. Azərbaycan Prezidenti davamlı, düşünülmüş və qətiyyətli siyasi-diplomatik fəaliyyəti ilə məhz real yeni mənalar yarada bilmişdir. Onun təzahürünün bir neçə aspektini vurğulaya bilərik.
Birincisi, Laçın hərbi əməliyyatlar vasitəsilə azad edilmişdir.
İkincisi, Laçın II Qarabağ savaşından sonra intensiv şəkildə Ermənistan və havadarları tərəfindən siyasi-diplomatik avantüralar, spekulyasiyalar müstəvisinə çəkilməyə çalışılmışdır. Bunun qarşısı Azərbaycan tərəfindən alınmışdır.
Üçüncüsü, Laçın sərhəd şəhəri kimi sürətlə inşa edilmişdir.
Deməli, sərhədlərin fəlsəfəsində elə özəl anlam mövcuddur ki, bütövlükdə dövlətin müstəqil və suveren olmasının konkret cəhətlərini özündə ehtiva edir. Yəni müəyyən mənada dövlətin suverenliyi və müstəqilliyi onun sərhəddəki nüfuzundan başlayır. Bu, sərhədlərin fəlsəfəsində başlıca məqamdır. Çünki müstəqil dövlət üçün sərhəd dövlətçiliyin rəmzi kimi qəbul edilir. Sərhədi pozulan dövləti indiki dövlətçilik nəzəriyyələrində real və gerçək dövlət hesab etmirlər.
Buradan sərhədlərin geosiyasi anlamı və əhəmiyyəti alınır. Konkret ifadə edə bilərik: sərhəd zonası ərazinin coğrafi aspekti ilə siyasi aspektini sintez edən geosiyasi faktordur. Sərhəddə dövlətin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının geosiyasi şərtləri birləşir. O şərtlərin sintezi dövlətin ərazisinin coğrafi aspekti ilə siyasi tərəfini geosiyasi müstəvidə rəmzə və mənaya çevirir.
İndi ümumfəlsəfi təsvirin fonunda bir informasiyanın məzmununa nəzər salaq.
MDB dövlət başçılarınnı Moskva toplantısından sonra müxtəlif KİV-də yayılmış bir informasiya oxucuları həyəcanlandırdı. Ermənisatn media vasitələri adəti üzrə təşviş və birtərəfli şovinist ruhda həmin informasiyanı tirajladı. Azərbaycan mediası isə təmkinli, qürurlu və obyektiv olaraq informasiyanı təqdim etdi. Görünür, zaman-zaman başqa ölkələrin KİV-i də reaksiya verəcəkdir. Bunu həmin informasiyanın məzmunundan görmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin son Moskva sammitində bəyan etmişdir: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”!
Bu cəmi dörd cümlədə İlham Əliyev çox mənalar ifadə etmişdir. Hər şeydən öncə, Azərbaycan Prezidentinin qürurlu duruşu ilə lider təmkini diqqəti çəkmişdir. Bu, yeni psixoloji və diplomatik qələbənin əlamətidir. İkinci məna ondan ibarətdir ki, Laçını MDB-nin mədəniyyət paytaxtı kimi MDB-nin “Humanitar Əməkdaşlıq Şurası” adlı altqurumu elan etmişdir. Və onu “Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri” kimi təqdim etmişdir.
Humanitarlıq aspekti
Laçını MDB-nin məhz humanitarlığa bağlı qurumunun mədəniyyət paytaxtı elan etməsinin humanitarlığın birbaşa mədəniyyətlə bağlı olması anlamı ilə yanaşı, özəl mənası da vardır. Məsələ onunla bağlıdır ki, Ermənistan və havadarları bir müddət məhz humanitarlıq kontesktində Laçın məsələsini spekulyativ və manipulyativ hallandırmağa çalışdılar. Onlar Azərbaycanı Laçın məsələsində birbaşa humanitar böhran yaratmaqda ittiham edirdilər. Hətta fransız siyasilər avtomobil karvanı ilə Qarabağdakı erməniləri “humanitar fəlakətdən” xilas etmək üçün “Laçın dəhlizi”nə gəldilər. Həm “Laçın dəhlizi”, həm də “humanitar fəlakət” qondarma olduğundan başları daşa dəydi və geri qayıtdılar.
Bununla “Laçının humanitarsızlığı” sona çatmadı. Meydana ABŞ və Almaniya daxil oldular. Yenə eyni saxta bayatı: “Qarabağda ermənilər Laçın tərəfdən ciddi humanitarsızlığa düçar olurlar”. Bu oyun da Azərbaycan Prezidentinin məharətli siyasəti ilə boşa çıxdı.
Sonrası ermənilər və havadarları üçün əsl humanitarlıq dərsi oldu. Onu iki istiqamətdə görə bildik.
Birincisi, Azərbaycan tərəfi “Laçın yolu” anlamını qəbul etmək istəməyənlərə alternativ yol təklif etdi – Ağdam tərəfdən “humanitar yardımları”nızı “zavallı ermənilərə” çatdıra bilərsiniz. Lakin nə Ermənistanın, nə də havadarlarının nə vicdanları, nə siyasi yetkinliyi, nə də obyektvlikləri çatmadı ki, Bakının bu yüksk humanitar təklifinə müsbət yanaşsınlar. Lakin Rusiya həmin marşrutla Xankəndiyə humanitar yardım göndərdi. Onu da erməni separatçıları boykot etdilər.
Bununla aydın oldu ki, Ermənistan və havadarları bilirlər ki, Xankəndindəki ermənilər üçün heç bir humanitar fəlakət yoxdur. Həmin səbəbdən vurğulanan istiqamətdə humanitar fəlakət oyunundan əl çəkdilər. Bu, rəsmi Bakının böyük qələbəsi idi. İkinci aspekt də çox önəmlidir .
Ekoloji fəlakətin keçilməz “qala”sı
Azərbaycan rəhbərliyinin çox səmərəli siyasi-diplomatik fəaliyyəti ilə Laçın sözün həqiqi mənasında ciddi ekoloji fəlakətin qarşısında keçilməz və yıxılmaz səddə, “qalaya” çevrildi. Azərbaycan Qarabağın təbii sərvətlərinin qanunsuz istismar edilməsini və bunun regiona vurduğu ciddi ekoloji ziyanın miqyasını konkret faktlarla davamlı və təmkinli surətdə dünya ictimaiyyətinə anlatdı. Minlərlə gənc fəal yuxusuz gecələr keçirdi, lakin mövqeyi tərk etmədi. Bu sivil dirəniş dünya üzrə ekoloji fəlakətlərə qarşı aparılan mübarizələr sırasında xüsusi yer tutur. Çünki, birincisi, mübarizə qeyri-bərabər qüvvələr nisbəti şəraitində aparılırdı, ikincisi, iqlim çox əlverişsiz idi və kənar təsirlər də az deyildi.
Məsələ belə idi ki, etirazçılara, hətta, Qırmızı Xaç da təsir göstərməyə çalışırdı. Bunlarla yanaşı, böyük dövlətlərin siyasi-diplomatik dairələri özlərini həlak edirdilər. Ancaq Azərbaycan ekoloji fəlakətə yol verməmək üçün sona qədər dayandı və qalib gəldi. Bu da Azərbaycan Prezidentinin ciddi siyasi-diplomatik uğuru idi.
Laçın amili burada iki mənada həlledici rol oynadı. Birinci məna onunla bağlıdır ki, Azərbaycanın siyasəti və dinc fəallar hər kəsə sübut etdilər ki, Laçın dəhliz deyildir, sadəcə Azərbaycan ərazisinə daxil olmaq üçün istifadə oluna bilən yoldur! İkinci məna isə Qarabağın ekoloji durumunun müəyyənedicisinin Azərbaycan olduğunu sübut etdi. Həmin dövrdə ermənilər Laşın yolundakı sərhəd məntəqəsində Azərbaycan qanunları çərçivəsində ölkəni tərk edə və ya geri qayıda bildilər. Bir diplomat belə Bakının icazəsi omadan Laçından Azərbaycan ərazisinə daxil ola bilmədi.
Eyni zamanda, məhz Laçında Qarabağ separatçıları bir-bir aşkarlandılar və qolu qandallı Bakıya gətirildilər. Bu hadisənin də iki cəhəti çox əhəmiyyətlidir. Onlardan birincisi ondan ibarət idi ki, məhz Laçında bir müddət Azərbaycan ərazisində separatçılıq və ekoloj mühiti korlamaqla məşğul olan quldurlar həbs edildilər. Xatırlayırsınızsa, Azərbaycan KİV-də erməni separatçıların Qarabağda çayları necə zibillədikləri, nüvə tullantıları ilə çirkləndirdikləri, azərbaycanlıların yaşadıqları istiqamətdə xüsusi olaraq antiekoloji addımlar atdıqları ilə bağlı xeyli informasiyalar gedirdi. Onların sırasında separatçı və terrorçuların nüvə və narkotik qaçaqmalçılıqları ayrıca yer tuturdu.
Digər cəhət isə Azərbaycan dövləçiliyinin Laçından başladığı mesajı verilməsi ilə bağlıdır. Separatçılar orada aşkarlanır və həbs edilirdilər. Bu prosesə isə kimsə mane ola bilmirdi, çünki qəbul etdilər ki, Laçın Azərbaycan dövlətinin sərhədidir. Yeri gəlmişkən, bu həqiqəti zorla qəbul edənlər sırasında Tehran rejimi də vardı. Onlar qəsdən azəbaycanlı sürücüləri Ermənistana yardım aparmağa göndərirdilər və Azərbaycanın ərazi bütövlüyünə qarşı danışdırırdılar. Rəsmi Bakı bunun da qarşısını aldı və sübut etdi ki, Laçın Azərbaycan dövlətinə aiddir, məhz Azərbaycan sərhədidir.
Bütün bunlar birbaşa Azərbaycan Prezidentinin məharətli siyasəti nəticəsində Laçının humnitarlığın yıxılmaz, keçilməz “qalası” olmasının dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini təsdiqləyir. Prezidentin yuxarıdakı fikrində ifadə olunan digər üç yeni məna da bu əsasda məntiqi şəkildə aydın olur.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru