Vaşinqton bununla Moskva ilə özünün fərqini göstərməyə çalışır
“Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır”. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu günlərdə baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında deyilir.
Artıq xeyli müddətdir ki, Vaşinqtonun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh danışıqlarının müsbət sonluğa çatması ilə bağlı açıqlamaları “alqışlardan” o tərəfə keçmir. Ağ Ev xarici diplomatiya idarəsinin timsalında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlamaqla, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında əsasnaməyə dair razılaşmaların vacibliyini önə çəkməklə kifayətlənir.
Elə Dövlət Departamenti sözçüsü M.Millerin jurnalistlər üçün keçirdiyi həftəlik ənənəvi brifinqlərdə bölgə ilə bağlı söylədikləri “Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyirik” məzmunlu açıqlamalardan uzağa getmir. Oxuculara xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, A.Blinken və N.Paşinyan ikitərəfli gündəliyi və Ermənistan–Azərbaycan sülh prosesini müzakirə ediblər.
Dövlət katibi ilə baş nazir gündəlikdəki hansı mövzuları, sülh prosesini ləngidən hansı məsələləri müzakirə ediblər? Onlar Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində irəliləyişə nail olmaqdan ötrü konkret nədən danışıblar? Ümumiyyətlə, bu telefon danışıqlarının mövzusu doğrudanmı bölgənin sülh gündəliyidir, yoxsa tamamilə başqa, bundan tam fərqli motivlərdir?
“ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayan yazılı bəyanat yaymasının iki səbəbi var”.
Mövzu ilə bağlı “XQ”yə açıqlamasını bu fikirlərlə başlayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş telefon danışığının bəzi təfərrüatlarını şərh edərkən deyib. Politoloq bu qənaətdədir ki, belə bir açıqlama yaymaqla Vaşinqton sülhün dəstəkçisi kimi, Moskva ilə aralarındakı fərqi nümayiş etdirməyə çalışıb: “Birincisi, Vaşinqton bununla bir daha onu göstərib ki, Azərbaycanla Ermənistan arasında “tet-a-tet” dialoqu, vasitəçi olmadan sülh danışıqlarında əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla problemin həllinə Kremldən fərqli yanaşdığını göstərməyə çalışıb. Misal üçün, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları birmənalı dəstəkləyən bəyanat yoxdur. Kremlin eşitdiyimiz yeganə mesajı ondan ibarətdir ki, bu işin içində biz də olmalıyıq. Son vaxtlar Vaşinqtondan oxşar iddiaları eşitmirik”.
Məsələnin maraqlı tərəfi həm də odur ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından yazılı açıqlaması hadisənin üstündən bir neçə gün keçəndən sonra yayılıb. Ağ Ev Administrasiyası əvvəllər bu “praktikadan” istifadə etmirdi.
Yəni, buradan belə bir məntiqi nəticə hasil olur ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması məsələsi artıq Vaşinqton üçün arxa plana keçib. Seçkiqabağı “qızdırma” vəziyyətində olan ABŞ siyasi isteblişmentinin indiki məqamda Cənubi Qafqazda sülh kimi “xırda məsələlərə” diqqət ayırmağa vaxtı yoxdur. Bu səbəbdən Metyu Millerin “gurultulu alqışlarla” müşayiət olunan açıqlamalarının yazıldığı “sınıq valı” təkrar fırlatmaqla saxta təəssübkeşliyi nümayiş etdirmək daha məqbul variant sayılır.
Azərbaycan xalqı Birləşmiş Ştatların demokratiya və ədalət barədə bəyan etdikləri tezislərin mifdən savayı heç nə olmadığını 1992-ci ildə müstəqilliyini yeni bərpa edən, sivil inkişaf yolunu tutan və işğala məruz qalmış dövlətimizə qarşı “Azadlığı müdafiə aktı”na 907-ci əlavəni qəbul edəndə görüb. O zaman ABŞ-nin ermənipərəst sanksiyalarına öz torpağımızda Xocalı soyqırımını törədən təcavüzkar və cinayətkar Ermənistan deyil, Azərbaycan məruz qalmışdı. Ötən 32 ildə doğrudanmı heç nə dəyişməyib?
İmran BƏDİRXANLI
XQ