Ya şvabeləri ayaqlarına bağlasınlar, ya da...
“Korrupsion Seele” (korrupsiya ruhu) ləqəbi ilə tanınan Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ermənipərəst Frank Şvabenin son günlərdəki “aktivliyi” fonunda bir məqamın vurğulanmasına ehtiyac var.
Əvvəla ondan başlayaq ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri Avropada böyük rezonans doğurdu. “Köhnə qitə”nin mediası dövlətimizin başçısının çıxışlarına, görüşlərinə geniş yer verdi. Görünür, bu, xaricdəki bəzi dairələrin kürklərinə birə saldı. İkinci bir amil kimi bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) üzərində dayanılmalıdır. Mötəbər tədbirlər öncəsi anti-Azərbaycan ritorikasının güclənməsinə də öyrəncəliyik. Vurğulamaq istədiyimiz məqam isə sırf Avropa Şurası müstəvisindədir. Daha doğrusu, AŞPA müstəvisində.
Məlumdur ki, bu il yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığnı bildirib. Nümayəndə heyətimizin üzvləri həmin gün Strasburqda bəyanat yayaraq özlərinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı təşəbbüsün ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu vurğulayıblar.
Bəyanatda bildirilmişdi ki, Azərbaycan tarixi qələbəsindən və ərazi bütövlüyünün bərpasından sonra qarayaxma kampaniyası ilə üz-üzədir. Məqsəd ölkəmizi ləkələmək və xalqımıza qarşı inkar edilmiş ədalətin bərpası istiqamətindəki nailiyyətlərimizə kölgə salmaqdır və AŞPA-dan bunun üçün platforma kimi istifadə olunur: “Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”.
Bəyanatda, eyni zamanda, bildirilmişdi ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu qurumda səlahiyyətlərinə etiraz etmək təşəbbüsü ölkəmizdəki mövcud seçki prosesinə müdaxilə cəhdi və demokratik təsisatları sarsıdan, qurumun nüfuzuna və qərəzsizliyinə ciddi zərbə olacaq addımdır, habelə AŞPA-dakı dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiyanın göstəricisidir. Buna görə də ölkəmiz onunla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb.
Qeyd edək ki, azərbaycanlı deputatların səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüsün müəllifi haqqında söz açdığımız F.Şvabe olub. Əlbəttə, alman deputatın gətirdiyi arqumentlər gülünc və absurddur. Tam aydındır ki, bu şəxs sifariş yerinə yetirir. Onun indi anti-Azərbaycan yönümlü fikirlər səsləndirməsi də, bir müddət əvvəlki oxşar mülahizələri də həmin sifarişin nəticəsidir. Belə bir durumda sual yaranır: Avropa Şurası Azərbaycanla yollarını ayırmaq istəyir? Məgər qurumda anlamırlar ki, Şvabe kimi keçmişi və bu günü qaranlıq adamların ortaya salınması bütün körpülərin yandırılması deməkdir?
O da məlumdur ki, AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı qərarı ölkəmizin assambleyadan bir il müddətinə kənarlaşdırılmasıdır. Qarşıda üç ay var. Belə görünür, Şvabenin ortaya atılması ilə bir illik müddətin artırılması üçün zəmin hazırlanır. Şübhə yoxdur ki, qarşıdakı aylarda alman deputat daha fərqli həyasızlıqlara əl atacaq. Daha doğrusu, Qərbin anti-Azərbaycan fəaliyyətinin yeni təzahür formalarını nümayiş etdirəcək.
Ümumən, şvabelərin ortaya atılmasının məqsədləri sırasında bir çox amillər dayanır. Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına göz yummuş Avropa Şurası kollektiv Qərbin təmsilçisi kimi Ermənistanı qorumaq siyasətini həyata keçirir. Mövcud siyasət Cənubi Qafqazda sülhün yaranma imkanlarını aradan qaldırmağa hesablanıb. Ona görə də Azərbaycanın gözdən salınması prosesi gedir. Ölkəmizə qarşı total antipatiya mühiti formalaşdırılır ki, ölkəmiz qeyri-adekvat sülh şərtləri ilə razılaşsın. Nəticə etibarilə Qərbin erməni avantürizmi davamını tapsın.
Ancaq məlumdur ki, Azərbaycan şvabelərin və onları kukla kimi oynadanların qarşısından geri çəkilməyəcək. Ölkəmiz daim öz prinsiplərinə sadiq qalacaq. Bunun alternativi yoxdur. Əgər Avropa Şurasında buna dəyər verən yoxdursa, Azərbaycana da belə bir qurumda təmsilçilik lazım deyil. Yəni, düşünmək növbəsi AŞ-dəki rəhbər şəxslərindir. Ya şvabelərini dartıb ayaqlarına bağlasınlar, ölkəmizlə normal münasibət saxlasınlar, ya da təşkilatı tamamilə tərk edirik. Qarşıda çox yox, cəmi üç ayları var.
Ə.RÜSTƏMOV
XQ