Dinc qonşuluğa Azərbaycanın ilkin töhfəsi

post-img

Prezident İlham Əliyevin humanist jesti hər iki ölkənin maraqlarına xidmət edir

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 8-də Vaşinqtonda keçirilən sammitin yekunları üzrə Qazaxıstana dövlət səfəri zamanı verdiyi bəyanat Cənubi Qafqazda sülhün bərqərar olması, iki ölkə arasında etimad mühitinin qurulması istiqamətində atılmış tarixi addım oldu. Bu qərar həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində böyük rezonans doğurmuş, xüsusilə İrəvan siyasi isteblişmenti tərəfindən məmnunluqla qarşılanmışdır.

Xəbər verildiyi kimi, dövlət başçımız Astanada Azərbaycandan Ermənistana yüklərin tranzitinə otuz ildən artıqdır tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırıldığını bəyan edib. Bu qərarın məhz Qazaxıstan paytaxtında elan olunmasının simvolik əhəmiyyəti var. Məhdudiyyətlər götürüldükdən sonra Ermənistana göndərilən ilk tranzit yük Qazaxıstan buğdası olub. Taxıl yüklənmiş qatar Aktaudan Bakıya yola düşüb, buradan dəmir yolu ilə Gürcüstana, burdan isə Ermənistana gedəcək. Beləliklə, rəsmi Bakı Cənubi Qafqazda hərtərəfli sülhün, əsl mehriban qonşuluğun və davamlı inkişafın bərqərar olmasına sadiqliyini bir daha təsdiqlədi. Ermənistan–Azərbaycan münaqişəsinin tarixinə bələd olanlar bu qərarın əhəmiyyətini və simvolikasını yaxşı başa düşürlər.

Otuz ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, şəhər və kəndləri dağıdan, yüz minlərlə insanı yurdundan didərgin salan, Xocalıda etnik təmizləmə və soyqırımı törədən Ermənistan olub. Amma bütün bu çətinliklərə və ağrılara baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü və suverünliyini tam bərpa etdikdən dərhal sonra qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sülh təklifini verdi. Bu kontekstdə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması Bakının sözü ilə əməlinin daim üst-üstə düşməsinin daha bir sübutudur.

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırması qərarına görə təşəkkür edib. O, Gürcüstanda keçirilən 5-ci Tbilisi Beynəlxalq İpək Yolu Forumundakı çıxışında həmçinin bildirib ki, Ermənistan ərazisi Türkiyədən Azərbaycana və geriyə gedən tranzit yüklərə açıqdır. Əlbəttə ki, bu, açıq-aydın simvolik jestdir, çünki Azərbaycan və Türkiyə arasında Ermənistan ərazisindən keçən yüklərin tranziti üçün zəruri infrastruktur hələ yaradılmayıb. Buna nail olmaq üçün “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinin inşası tamamlanmalıdır.

Oxucuların nəzərinə çatdıraq ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması istiqamətində atılan ilk addım qarşılıqlı razılıq əsasında hava məkanından istifadə şəraitinin yaradılması olub. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin bu ilin yanvarında verdiyi məlumatında deyilir ki, son 5 il ərzində İrəvandan Bakıya və əks istiqamətdə beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün 66 dövlət reysi həyata keçirilib. İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysləri də baş tutub. Nazirlik bu reyslərin ilk və son olmadığını da vurğulamağı unutmayıb. Eyni zamanda, İrəvan–Bakı–İrəvan marşrutu üzrə avialaynerlər iki trayektoriya üzrə uçurlar. Bu faktın özü Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının yalnız siyasi müstəvidə deyil, eləcə də ictimai səviyyədə dəstəklənməsinin, ümumilikdə etimad quruculuğu yönündə atılan addımların bariz nümunəsi sayıla bilər.

***

İlham Əliyevin Astanada elan etdiyi qərarın tarixi əhəmiyyətini və Ermənistan üçün faydasını tam dərk etməkdən ötrü yaxın keçmişə nəzər salmaq lazımdır. Sovet dövründə Ermənistanın ticarət əlaqələri coğrafi mövqeyinə görə daha çox Azərbaycandan asılı idi. Rusiyadan və Mərkəzi Asiya respublikalarından Ermənistana yüklər, o cümlədən neft məhsulları, taxıl, tikinti materialları kimi strateji əhəmiyyətli yüklər, ilk növbədə, Azərbaycan dəmir yolları ilə daşınırdı. 1990-cı illərin əvvəllərində Qarabağda separatçı münaqişə başlananda, bunun ardınca Ermənistanın Azərbaycana birbaşa hərbi təcavüzünə cavab olaraq Bakı ərazimizdən tranzitin qarşısını kəsdi. Eyni zamanda, Gürcüstanın Abxaziya bölgəsində separatizmin alovlanması Rusiya ilə Ermənistan arasında alternativ dəmir yolu xəttinin də kəsilməsinə səbəb oldu. 1993-cü ilin aprelində isə Türkiyə Kəlbəcərin Ermənistan tərəfindən işğalına cavab olaraq Ermənistanla hava və quru sərhədlərini tamamilə bağladı. Ermənistan məhz işğalçılıq siyasəti, hərbi təcavüzü nəticəsində faktiki olaraq blokada vəziyyətinə düşdü və Birinci Qarabağ müharibəsinin ən ağır dövründə ciddi ərzaq və yanacaq çatışmazlığı ilə üzləşdi.

Həmin dövrdə Ermənistan böyük dərəcədə İranın köməyi sayəsində tam iqtisadi çöküşdən yayına bildi. Qarabağ müharibəsi zamanı İran İslam Respublikasının Ermənistanı yanacaq və ərzaqla təmin etməsi Azərbaycanın ictimai yaddaşında dərin iz buraxıb. Cəmiyyətdə İran hakimiyyətinə qarşı mənfi münasibətin hələ də aradan qalxmamasının səbəblərindən biri də məhz budur.

Sülh danışıqlarının müxtəlif məqamlarında beynəlxalq vasitəçilər Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına dair təkliflər irəli sürürdülər. Ermənipərəst Qərb dövlətləri, institutları tərəfindən bu prosesə müdaxilə cəhdləri edilirdi. Amma rəsmi Bakı bu cür təşəbbüsləri haqlı olaraq qəti şəkildə rədd edirdi. Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunana qədər Ermənistanla heç bir kommunikasiyanın açılmasından söhbət gedə bilməzdi. Bölgədə öz maraqlarını güdən Fransa regionda təşəbbüsü əlində saxlamağa, Bakıya öz iradəsini diktə etməyə çalışsa da, heç nəyə nail ola bilmədi. Sülh danışıqlarına “həmsədrlik” edənlərin münaqişəni dondurmaq planları da alınmadı. İndi Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirirlər.

***

Bölgədə vəziyyət dəyişib: Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan və Ermənistan yekun sülh sazişini paraflayıb və onun imzalanmasına bir addım qalıb. Azərbaycanın hərbi qələbəsindən irəli gələn real və ədalətli şəraitdə Cənubi Qafqaz regionunda sülh bərqərar olur. Bu şərtlər Ermənistan üçün də məqbuldur. Baş nazir Nikol Paşinyanın dəfələrlə qeyd etdiyi kimi, müharibədəki məğlubiyyət onun ölkəsinə iqtisadi cəhətdən inkişaf etmək, müstəqil və suveren dövlət qurmaq üçün unikal imkanlar açıb.

Nəticədə Azərbaycan Ermənistana qarşı nəqliyyat blokadasını aradan qaldırdı və yüklər artıq bu ölkəyə daha qısa və sərfəli marşrutla çatdırılacaq. Prezident İlham Əliyevin bu qərarı hər iki ölkənin, eləcə də bölgəətrafı dövlətlərin ümumi strateji maraqlarına xidmət edir. Yəni kommunikasiyaların açılması hamıya fayda verəcək. Üstəlik, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və ticarət əlaqələri yeni təkan alacaq və hər iki regionun ölkələri ticarət yollarını şaxələndirməklə öz iqtisadi suverenliklərini gücləndirəcəklər. Azərbaycan Dəmir Yolları üçün bu, əlavə tranzit gəlirləri deməkdir. Azərbaycan ərazisindən tranzit yolunun açılması Ermənistanın Mərkəzi Asiya və Çinlə ticarətində mühüm üstünlüklər yaradır. Bu da öz növbəsində Ermənistanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsinə və Rusiyadan asılılığının azalmasına töhfə verəcək.

Beləliklə, Azərbaycanla Ermənistan arasında hələlik dolayı yolla da olsa, iqtisadi əlaqələrin bərpasına start verildi. İqtisadiyyat isə, məlum olduğu kimi, davamlı sülhün bərqərar olmasında həmişə əsas rol oynayıb. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpası bütün tərəflərə iqtisadi fayda vəd edir. Nəzərə alsaq ki, ikitərəfli münasibətlərin nizamlanması həm də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına gətirib çıxaracaq, bu o deməkdir ki, heç bir fövqəldövlət və ya regional oyunçu bölgədə təsir üzərində monopoliya iddiasına düşə bilməyəcək.

Regionda etimadın və sülhün möhkəmləndirilməsi üçün rəsmi Bakının atdığı addımın əhəmiyyətini Ermənistan hökumətinin nümayəndələri də qeyd edirlər. Baş nazirin müavini Mqer Qriqoryan bəyan edib ki, “Azərbaycan Prezidentinin Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətlərin aradan qaldırılması, regional kommunikasiyaları açmaq, qarşılıqlı etimadı gücləndirmək və sülh gündəmini irəli aparmaqla bağlı qərarının böyük əhəmiyyəti var”. İqtisadiyyat naziri Gevorq Papoyan isə “Facebook” səhifəsində belə yazıb: “Qazaxıstan buğdasının ilk partiyası tezliklə Aktau–Bakı marşrutu ilə, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gələcək. Sülh bərqərar olur”.

Amma Hayastandakı daşnak-revanşist tör-töküntüləri Bakının İrəvana verdiyi bu şansı heç cür qəbul etmək istəmir, sülhə aparan bütün səylərə qarşı çıxırlar. Azərbaycandan Ermənistana nəqliyyat dəhlizinin verilməsi faktı daşnak deputat Qeqam Manukyanın onsuz da xəstəhal psixikasını daha dərindən sarsıdıb. Onun radikallığının miqyasını qiymətləndirmək üçün Ermənistan parlamentindəki çıxışından sitat gətiririk: “Ermənistanın iqtisadiyyat nazirinin kim olması sualı yaranır: bu, Gevorq Papoyandır, yoxsa Azərbaycan Prezidenti İlham Əliyev? Qazaxıstanda Tokayevlə görüşəndən sonra İlham Əliyev Qazaxıstan buğdasının ilk dəfə olaraq Azərbaycan üzərindən Ermənistana daşınacağını açıqlayıb. Bundan sonra Papoyan Əliyevin sözlərini olduğu kimi təkrarlayıb”.

Yəni daşnak deputatın gəldiyi qənaətin “məntiqinə” görə, Ermənistanın iqtisadiyyat naziri reallığı, aşkar həqiqəti təkzib etməli imiş. Az qalıb. Manukyanların dövrü də başa çatacaq. Hayastanda südün ağ deyil, qara olduğunu sübut etməyə çalışanların hamısı Azərbaycanın irəli sürdüyü etimad quruculuğu ilə yaranacaq möhkəm sülhün qarşısında geri çəkilməyə, siyasət meydanını birdəfəlik tərk etməyə məcbur olacaqlar.

İmran BƏDİRXANLI
XQ

Siyasət