Sülhə ictimai təməllər də atılır

post-img

Vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvan dialoqu etimad aksiyasıdır

Hərb meydanında poladın və barıtın səsi susduqdan sonra yeni “döyüş” başlayır: Psixoloji səngərlərin sökülməsi, nifrətin donmuş torpağında etimad toxumlarının əkilməsi və onilliklər boyu düşmən obrazı ilə formalaşdırılmış şüurlarda sülhün memarlığı.

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi ilə Cənubi Qafqazda yeni hərbi-siyasi reallıq yaratması tarixin bir fəslini qapatdı. Lakin indi həm Bakı, həm də İrəvan daha incə və müdriklik tələb edən prosesin astanasındadırlar. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü və parlament sədrlərinin dialoqu Vaşinqtonda start verilmiş sülh prosesinin, sadəcə, kağız üzərindəki bəndlərdən ibarət olmadığını, onun ən dərin qatlara – cəmiyyətlərin necə deyərlər, qəlbinə enmək niyyətini ortaya qoyur. Bu, uzun bir yolun başlanğıcıdır.

İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında baş tutan görüş onilliklər boyu davam edən münaqişədən sonra iki xalq arasında etimadın bərpası istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Bu yolda atılan ilk və əhəmiyyətli addımlardan biri 2025-ci il oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” oldu. Bu görüş ekspertlər və ictimai fəalların təşəbbüsü, hər iki ölkənin rəsmi qurumlarının dəstəyi ilə təşkil olunub. “Dəyirmi masa”da Azərbaycanı Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova və hüquq müdafiəçisi Dilarə Əfəndiyeva təmsil ediblər. Ermənistan tərəfindən isə görüşün iştirakçıları Areg Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan olub.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədovun sözlərinə görə, görüşün birbaşa iki ölkə hökumətlərinin iştirakı ilə təşkil olunması onun əhəmiyyətini artırır. O, bu dialoqun ilk dəfə olaraq ikitərəfli formatda, vasitəçilərsiz aparıldığını vurğuladı.

Hüquq müdafiəçisi Dilarə Əfəndiyeva görüşün səmimi və isti atmosferdə keçdiyini, erməni tərəfinin dialoqa marağının aydın şəkildə hiss olunduğunu bildirdi. Onun sözlərinə görə, tərəflər gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər və bu səfər uzunmüddətli dialoqun başlanğıcı kimi dəyərləndirilir.

***

Otuzillik münaqişənin yaratdığı dərin uçurumun üzərindən atılan ilk kövrək körpü hələlik ağır siyasi yükləri daşımaq iqtidarında olmasa da, vacib funksiyanı yerinə yetirir. O, insanlara digər tərəfdə də danışa biləcəkləri, dinləyə biləcəkləri və bəlkə də gələcəkdə anlaya biləcəkləri insanların olduğunu göstərir. Siyasətçilərin və diplomatların soyuq və rəsmi mətnlərindən fərqli olaraq vətəndaş cəmiyyəti dialoqu birbaşa emosiyalara, fərdi talelərə və insani dəyərlərə toxunmaq potensialına malikdir. Bu, “düşmən” obrazının depersonallaşdırılması, onun yerinə konkret insanların – anaların, ataların, övladların simasının gətirilməsi prosesidir. Nəzərə alınmalıdır ki, hələ başlanğıcdır və qarşıda hər iki xalqı uzun, maneələrlə dolu, lakin keçilməsi vacib olan mərhələ gözləyir. Gedişin uğuru cəmiyyətlərin özlərinin dəyişikliyə nə dərəcədə hazır olmasından asılıdır.

Bu yeni eranın memarlığında vətəndaş cəmiyyəti ilə yanaşı, qanunverici orqanların da rolu əvəzsizdir. Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü prosesin artıq ictimai diplomatiya səviyyəsindən rəsmi siyasi dialoq səviyyəsinə qalxdığını göstərən son dərəcə mühüm hadisədir. Görüş təkcə iki siyasətçinin protokol görüşü deyildi. Bu, sülh sazişi imzalandıqdan sonra iki ölkənin parlamentlərinin üzərinə düşəcək böyük məsuliyyətin – sərhədlərin delimitasiyası haqqında müqavilələrin ratifikasiyası, kommunikasiyaların açılması üçün qanunvericilik bazasının yaradılması, humanitar məsələlərin həllinin indidən müzakirəyə çıxarılması deməkdir. Parlamentlər xalqların iradəsini təmsil edən qurumlardır və onların dialoqu, həm də xalqların seçimi olduğunu simvolizə edir. Cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayışın hüquqi-siyasi əsaslarının yaradılması və qarşılıqlı addımlar istiqamətində müzakirələrin aparılması dialoqun əsas mahiyyətini təşkil edir.

Bu dilemma qarşısında Azərbaycan cəmiyyətinin mövqeyi bir qədər fərqli müstəvidədir. Unutmaq olmaz ki, Azərbaycanda böyük bir nəsil işğal və müharibə şəraitində yaşayıb. Yurd həsrəti, şəhidlərin acısı, məcburi köçkünlərin taleyi hər bir azərbaycanlının yaddaşına həkk olunub. Lakin 44 günlük Vətən müharibəsi ilə tarixi ədalətin bərpa edilməsi Azərbaycan cəmiyyətində quruculuğa və sülhə yönəlik psixoloji zəmin yaratdı. Azərbaycanlılar müharibənin nə olduğunu və sülhün dəyərini çox yaxşı bilirlər. Məhz bu səbəbdən cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında birbaşa ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi təşəbbüsü Bakının strateji sülh gündəminin ayrılmaz hissəsidir. Azərbaycan qalib tərəf olaraq sülhün də təşəbbüskarı olmaqla, regionda yeni eranın memarı rolunu öz üzərinə götürür.

Məhz bu nöqtədə sülh prosesinin qarşısındakı ən böyük əngəllər və Ermənistan cəmiyyətinin üzləşdiyi tarixi dilemma bütün mahiyyəti ilə ortaya çıxır. Sülhün memarlığına qarşı revanşizmin və keçmişin xarabalıqları üzərində öz siyasi varlığını quran qüvvələrin dağıdıcı fəaliyyəti dayanır. Bu qüvvələr çoxşaxəli və bir-biri ilə sıx bağlı olan şəbəkə təşkil edir. Bu şəbəkənin başında bütün siyasi karyeralarını və sərvətlərini Qarabağ münaqişəsinə borclu olan Koçaryan–Sarkisyan cütlüyünün rəhbərlik etdiyi “Qarabağ klanı” dayanır.

Onlar üçün sülh, sadəcə, ərazilərin itirilməsi mənasını daşımır. Bu, həm də onların siyasi mövcudluğunun, Ermənistan siyasətindəki nüfuzlarının və onilliklər boyu formalaşdırdıqları mifin sonu deməkdir. Müharibə onların yeganə siyasi kapitalıdır və onlar bu kapitaldan imtina etmək əvəzinə, bütün Ermənistan xalqını yeni fəlakətə sürükləməyə hazırdırlar. Klanın ən böyük maliyyə və informasiya dəstəkçisi əsasən xaricdəki erməni əsilli oliqarxlardır. Bu qrup Ermənistanın real iqtisadiyyatından və xalqın gündəlik qayğılarından uzaq, öz biznes maraqlarını və geosiyasi oyunlarını hər şeydən üstün tutan bir təbəqədir. Onlar üçün Ermənistanın Cənubi Qafqazda qapalı, xaricdən tam asılı və daimi münaqişə ocağı kimi qalması təsir imkanlarını və sərvətlərini qorumaq üçün ən əlverişli şəraitdir.

Sülh, kommunikasiyaların açılması, Qərbə inteqrasiya və şəffaf iqtisadi münasibətlər onların regiondakı kölgəli sxemlərini darmadağın edə bilər. Bu səbəbdən onlar öz media resursları və maliyyə imkanları ilə Ermənistandakı revanşist qüvvələri hərtərəfli dəstəkləyirlər.

Dağıdıcı şəbəkənin üçüncü halqası dünyanın müxtəlif yerlərinə səpələnmiş erməni diasporudur. Çox vaxt Ermənistanda yaşayan ermənilərdən daha radikal və daha barışmaz mövqe tutan diaspor təşkilatları mövcudluğunu və fəaliyyətlərini məhz münaqişə və “soyqırımı” narrativi üzərində qurublar. Sülh onların bir çoxunun ianə toplamaq, siyasi lobbiçilik etmək və öz cəmiyyətləri daxilindəki nüfuzlarını saxlamaq üçün istifadə etdikləri əsas aləti əllərindən ala bilər. Onlar Ermənistanı öz ideologiyalarını həyata keçirmək üçün alət kimi görürlər və bu yolda erməni xalqının real maraqlarını qurban verməkdən çəkinmirlər.

Nəhayət, revanşist cəbhənin mənəvi və ideoloji dayağı rolunu erməni kilsəsi oynayır. Tarixən “millətin qoruyucusu” funksiyasını yerinə yetirən kilsə, təəssüf ki, sülh və barışıq təbliğ etmək əvəzinə, çox vaxt nifrət və tarixi ədavət ritorikasının əsas ruporuna çevrilib. Sülh sazişini “xəyanət”, qonşularla normal münasibətləri isə “milli dəyərlərdən imtina” kimi təqdim edən kilsə cəmiyyətin ən mühafizəkar təbəqələrinə təsir edərək sülh prosesinə qarşı sədd yaradır. Bu dördlü ittifaq – Qarabağ klanı, oliqarxiya, diaspor və kilsə – Ermənistanın gələcəyini keçmişin girovuna çevirməyə çalışır. Lakin Ermənistan xalqı artıq seçim qarşısındadır: ya bu qüvvələrin təhriki ilə yeni müharibə və fəlakət yolunu seçmək, ya da nəhayət, öz gələcəyini, sosial-iqtisadi inkişafını, rifahını və dünyaya inteqrasiyasını düşünmək.

Bütün bu çoxşaxəli və çoxqatlı proseslər Vaşinqton görüşündə start verilmiş sülh prosesinin daha praqmatik və birbaşa təmaslara əsaslanan mərhələyə qədəm qoyduğunu göstərir. Vətəndaş cəmiyyəti, parlamentlər və liderlər səviyyəsində aparılan dialoqlar bir-birini tamamlayan və vahid bir məqsədə – Cənubi Qafqazda dayanıqlı və ədalətli sülhün bərqərar olmasına xidmət edir. Bu yol asan olmayacaq. Həm Ermənistan daxilindəki revanşist qüvvələrin təxribatları, həm də bəzi kənar güclərin pozucu fəaliyyəti kimi ciddi maneələr gözlənilir. Lakin otuzillik münaqişənin verdiyi ən böyük dərs ondan ibarətdir ki, sülhün alternativi yoxdur. Azərbaycan öz tarixi qələbəsi ilə sülhün memarı olmaq üçün siyasi iradə və güc nümayiş etdirir. İndi seçim növbəsi Ermənistan cəmiyyətinindir: ya keçmişin xarabalıqları arasında ilişib qalmaq, ya da sülhün açacağı yeni üfüqlərə doğru cəsarətli addım atmaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət