Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Azərbaycanın nümayəndə heyəti 2024-cü ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyasında öz fəaliyyətini dayandırıb. Səbəblərini də çox aydın şəkildə izah ediblər. AŞPA-dan Azərbaycana qarşı ikili standartlara, qərəzli yanaşmalara son verməsi, Ermənistanın əsassız müdafiə edilməsindən əl çəkilməsi tələb edilib. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi üçün atılan addımlara hörmət göstərməsi istənilib.
Təəssüf ki, AŞPA fərqli bəhanələr gətirərək, bu tələbləri yerinə yetirməkdən yayınır. Amma Azərbaycanla əlaqələrinin tamamilə üzülməsi ilə də barışmaq istəmir. AŞPA rəsmiləri bir müddət əvvəl parlament seçkilərini müşahidə etmək, indi isə COP29 tədbirlərinə qatılmaq üçün Bakıya gəlmək istəklərini ifadə ediblər. Bu təklifləri qəbul edilməyəndə isə böhtan dolu bəyanatlar səsləndirirlər.
AŞPA-dan səsləndirilən təkliflərə Azərbaycan Prezidenti İlham Əliyevin çox aydın şəkildə cavab verib. Dövlətimizin başçısı sentyabrın 6-da İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bəzi AŞPA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi mövzusuna toxunub. Qeyd edib ki, AŞPA üzvlərinin səfərinə qadağa Azərbaycanın təşkilata qayıdışından sonra aradan qaldırılacaq. Yəni AŞPA-ya təkrarən xatırladılır ki, o, öz səhvlərini aradan qaldırsın, ikili standartlara son qoysun və təşkilatda bundan sonra qarşılıqlı hörmət əsasında münasibətlər bərpa edilsin.
Ədalət naminə qeyd edək ki, AŞPA-da Azərbaycanın bu çağırışına adekvat reaksiya verən çoxlu sayda deputat var. Həmin deputatlar AŞPA rəhbərliyinə müraciət edərək, Azərbaycana qarşı ədalətsiz qərarların aradan qaldırılmasını istəyiblər. Bununla yanaşı, ortada pozuculuq edən, münasibətlərin bərpasına deyil, daha da pisləşməsinə çalışan deputatlar da az deyil.
Bu qrupun önündə Almaniya deputatı Frank Şvabe gəlir. O, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmasından sonra da ölkəmiz əleyhinə çıxışlar edir. Bu çıxışlardan belə nəticə çıxır ki, F.Şvabe AŞPA-nın deputatı kimi deyil, “erməni şəbəkəsi” tərəfindən ələ alınmış lobbi qruplarının üzvü kimi davranır.
Sirr deyil ki, Avropa məkanında “erməni şəbəkəsi” tərəfindən ələ alınmış və Azərbaycana qarşı fəaliyyətə cəlb edilmiş xüsusi missioner qruplar mövcuddur. Onların sırasında həm rəsmi vəzifə daşıyanlar, həm media və QHT nümayəndələri, həm də biznes aləminin təmsilçiləri yer alırlar. Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin və digərlərinin fəaliyyəti bu sahədə danılmaz nümunədir.
Frank Şvabe də məhz bu qrupda yer tutur. Yeri gəlmişkən, Frank Şvabenin karyerası qara biznes, korrupsiya və rüşvət qalmaqalları, islamofob çıxışlarla zəngindir. F.Şvabe 2016-cı ildə Almaniya parlamentində qondarma erməni soyqırımının tanınması üçün kampaniya aparan siyasətçilərdən biridir. Mediada bununla bağlı kifayət qədər yazılar vardır.