Yaxud “Artsax” sarsaqlığı ilə bağlı elegiya əvəzi
Ermənistanda qondarma “Artsax” mövzusu yenə gündəmdədir. Ancaq nisbətən fərqli formada. Məlum olduğu kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “Artsax respublikası”, yəni Qarabağdakı keçmiş separatçı rejim özünün rəhbər şəxslərinin qərarı ilə süqut edib. Spikerin səsləndirdiyi bu fikrə qarşı çıxanlar var.
Ancaq əvvəlcə onu deyək ki, A.Simonyanın dedikləri hələ o deyil ki, rəsmi İrəvan Qarabağ avantürasından geri çəkilib. İkincisi, parlament sədrinin mövzuya yer verməsi Ermənistan rəhbərliyi ilə separatçı rejim arasındakı keçmişdəki ziddiyyətlərin təzahür formasındakı kiçik elementdir. Böyük elementin olmamasının səbəbi isə çox sadədir: Qarabağdakı qondarma quruluş yoxdur.
Bəli, Ermənistanda A.Simonyanın dediklərini süngü ilə qarşılayanlar var. Bu baxımdan Tavuş arxiyepiskopu, “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öndədir. Çoxdandı yoxa çıxmış Qalstanyan erməni spikeri “Artsaxın öldüyünü” dediyinə görə təhqir edib: “Artsax barədə heç bir mənəvi dəyərləri olmayan, insanların üzünə tüpürən və parlamentin spikeri postunu tutan şəxs danışıb. Görünür, son günlərin “Artsax ab-havası ona və ağalarına çox pis təsir göstərib və onlar bu istiqamətdə hücuma keçmək əmri alıblar. Mən onun nə demək istədiyinə şərh vermək istəmirəm. Ancaq aydındır ki, zaman keçdikcə, bu adamların qorxu ilə yoğrulmuş sinizmi və özündənrazılıqları daha azğın xarakter alır”.
Qeyd edək ki, B.Qalstanyandan başqa da A.Simonyanı “topa tutanlar” var. Onlardan biri də “Artsax”ın qondarma parlamenti sədrinin vəzifələrini yerinə yetirən Qaqik Bahunçdur. O, yazıçı Mark Tvenin məşhur “Mənim ölümümlə bağlı xəbərlər şişirdilib” deyimini gündəmə gətirib. Guya ki, “Artsax”ın “ölümü” ilə əlaqədar deyilənlər şişirdilir.
Məsələ burasındadır ki, otuz ilə yaxın müddətdə həmin o “Artsax”ın sağ olduğuna dair sərsəmləmələr sabun köpüyünə bənzəyirdi. Əslində, haylar kimlərinsə uydurduqları yalanlara inanmışdılar. Özünü “prezident”, “baş nazir”, “nazir” kimi görənlər və bu xəstəliyi digər simptomlarla daşıyanlar meydana atılmışdılar.
İndi Bahunç da o ab-havadan çıxmayıb və bildirir ki, guya, “Artsax”ın qondarma parlamenti Qarabağ ermənilərinin bölgəyə qayıtmaları istiqamətində iş aparır. Necə aparır? Sən demə, “parlamentin” üzvləri Fransaya, Belçikaya, Yunanıstana səfərlər edir, görüşlər keçirirlər. Həqiqətən də, ortada reallıq hissini itirmişlərin tragikomik durumu var. Ən dəhşətlisi isə budur ki, ümumən Ermənistan bahunçların günündədir.
Əslində, böyük ölçüdə yanaşsaq, Simonyanın Bahunçdan, Qalstanyandan fərqi çox deyil. Əvvəldə də bildirdik ki, erməni spikerin dilə gətirdikləri heç də rəsmi İrəvanın Qarabağ avantürasından daşınmasının, ümumən işğalçılıq mahiyyətindən uzaqlaşmasının təzahürü deyil. Simonyan daha primitivdir. O, təmsil olunduğu komandanın “qarabağlılara” nifrətini təcəssüm etdirir. Əlinə düşən hər fürsətdə onları aşağılayır. İkincilər də bunun fərqindədirlər.
Nifrətdən söz düşmüşkən, Qarabağdakı sabiq separatçı rejimin təmsilçiləri ilə bağlı ən aşağılayıcı ifadələrin müəllifi baş nazir Nikol Paşinyanın özüdür. Həm Paşinyan, həm Simonyan, eləcə də hakim komandanın ayrı-ayrı rəsmiləri erməni cəmiyyətində belə bir fikir aşılayırlar: əgər separatçı rejimdə təmsil olunanlar, həqiqətən qorxmaz idilərsə, niyə bölgəni tərk etdilər. Nə üçün Azərbaycana qarşı döyüşüb ölmədilər?
Ölkə iqtidarı bu sayaq fikirləri Qarabağdakı sabiq separatçı rejimlə arasındakı uçurum səbəbindən qabardır. Çünki rejim 2020-ci ildən sonra, faktiki olaraq, ona qarşı çıxırdı. Eyni zamanda, Paşinyan hakimiyyətində yer alanlar psixoloji olaraq “Qarabağ kartını” kresloları üçün təhlükə sayır və bu səbəbdən həmin kartın özünü hansısa formada göstərməsi meylini qəbul etmirlər. Bu komandadakılardan olsa, separatçıların hamısının yeri Bakı həbsxanaları olmalıdır. Əlbəttə, haradasa onlara haqq qazandırmaq mümkündür.
Ə.RÜSTƏMOV
XQ