İran niyə Türk dünyasının həmrəyliyindən qorxur?

post-img

Tehran “Zəngəzur dəhlizi”ni buna görə “süngü” ilə qarşılayır

Əvvəllər haqqında söz açacağımız məsələ kluar söhbətləri kimi təsir bağışlayırdı. Yəni, bu barədə açıq fikir bildirən olmurdu. Hərçənd, həmin söhbətlərin reallıqla əlaqəli məqamlarının mövcudluğunu bilirdik. Söhbət İranın Türk dünyasına münasibətdəki tam əks mövqeyindən gedir. Daha doğrusu, İslam respublikasının Türk dünyasının bütövləşməsi ideyasını, bir növ, süngü ilə qarşılamasından. Bəli, indi İran, obrazlı desək, anti-türk süngülərini qınından çıxarıb. Yazımız bu haqdadır. Əlbəttə, başqa cəhətlərə də diqqət yetirəcəyik. 

Məlum olduğu kimi, Ermənistan 44 günlük müharibənin məğlubu kimi üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ölkə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əməl etmir. İndiki halda sənədin 9-cu bən­dini yerinə yetirməkdən, yəni Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nə­zarəti olmayan yolu təmin etməkdən boyun qaçırır. “Dünyanın kəsişməsi” adlı avantüra irəli sürür və bu zaman ərazi bütövlüyünü və suverenliyini əldə bayraq edir. Tam ay­dındır ki, bu, bir oyundur və həmin oyunun sifarişçiləri var. Onların içərisində Qərbin müəyyən dairələrinin olduğunu bilirik. Ola bilər, bu dolaşıq anti-Azərbaycan və an­ti-türk dalğasında İranı görməyimiz təəc­cüb doğurmamalıdır. Hərçənd, Tehranın Qərbin Ermənistan üzərindən axıtdığı bula­nıq sularda üzməsi qəribə gəlir. 

İran Naxçıvana maneəsiz yol məntiqinə – “Zəngəzur dəhlizi” ideyasına qarşı çıxır. Türk dünyasının bütövləşməsi­ni süngü ilə qarşılamaq da elə budur. Niyə təəccüblənmirik, məsələyə aydınlıq gə­tirmək üçün çox yaxın tarixə nəzər salaq. Deyək ki, 44 günlük müharibədən sonra Tehranın bir sıra düşüncə mərkəzləri Azər­baycanın zəfərinin ölkələri üçün strateji planda böyük itki olduğunu vurğulayırdı­lar. Onlar Qarabağın əldən çıxmasını mə­yusluqla qarşılayırdılar. Çünki bölgənin Türk dünyasında açar rolu oynadığını gözəl bilirdilər. Hər halda, tarixdən xəbərləri var. Axı tarix sərt reallıqlarla zəngin səhnələri özündə birləşdirir. O reallıqlarda Ermə­nistanın bir dövlət kimi mövcud olmadığı da, ölkəni imperialist dairələrin Qafqazda “xristian pazı” formalaşdırmaq məqsədi ilə yaratdıqları da yer alır. 

Azərbaycanın tarixi torpaqları hesabına formalaşdırılmış erməni dövləti, sonra o dövlətin ərazilərinin genişləndirilməsi, nə­hayət, Qarabağın Ermənistana birləşdiril­məsi avantürası olan “miatsum” – görünür, bütün bunlar İrana sərf edirdi. Ona görə də torpaqlarımızın işğalı illərində sərhədlərin dəyişməzliyi ritorikasını qabartmırdı. Mə­gər bilmirdi ki, Ermənistanın niyyəti Azər­baycanın ərazilərinə sahiblənməkdir?! Çox yaxşı bilir, fəqət, susurdu. 

Ancaq hazırda suverenliyini tam bərpa etmiş Azərbaycan Türk dünyasının bütöv­lük faktoru kimi çıxış etməkdədir. “Zəngə­zur dəhlizi”nə qarşı istər Qərbdən, istərsə də İrandan olan təzyiqlər isə onu göstərir ki, imperializmin anti-türk mahiyyətli iki ziddiyyətli qütbü eyni cəbhədə birləşdirib. Ancaq ortada Rusiya faktoru da var. Nəzərə alaq ki, ermənilərin Qafqaza yerləşdirilmə­si çar Rusiyasının əli ilə həyata keçirilmiş proses olub və çarizmin köçürmə siyasəti həm Qərbə, həm də İrana sərf edib. 

Bəli, indi Rusiyaya sərf etməyən məsələlər meydana çıxıb. Erməni varlığı­nın öz xislətinə uyğun şəkildə Kremlə qarşı nankorluğu aysberqin görünən tərəfidir. O da görünür ki, Qərb və İrandan fərqli olaraq, Rusiya “erməni kartından” istifadəyə keç­mişin qalığı kimi baxmaqdadır. Axı hazırda bölgə ilə bağlı tamam başqa perspektivlər var və Moskva onların dəyərləndirilməsin­də maraqlıdır. Yəni, hadisə və proseslərə ənənəvi deyil, fərqli pəncərədən baxışın tərəfdarıdır. Əlbəttə, bu da Azərbaycan dip­lomatiyasının böyük uğuru, illərə söykən­miş gərgin fəaliyyətinin bəhrəsidir. Onu da bildirək ki, ölkəmizin uğurlu xarici siyasət kursu nəticəsində Qərbdə də Azərbaycana münasibətdə ciddi fikir ayrılıqları yaranıb və bu, xeyrimizə işləyən amildir. 

Əlqərəz, Qərbin bəzi dairələri və İran hazırda Rusiyanın da dövlət səviyyəsində dəstəklədiyi görünən “Zəngəzur dəhlizi”nə qarşıdır. Mövcud fonda birincilərin erməni təəssübkeşliyi missiyasını ikinciyə təhvil verdikləri hiss olunur. Bu qarışıq labirint­də belə təəssürat yaranır ki, Qərb Ukray­na məsələsi müstəvisində, İran isə Cənubi Qafqaz cəbhəsində anti-Rusiya yönümlü xətt gerçəkləşdirməkdədir. Əslində, Rusi­yaya arxadan bıçaq vurmaq da elə budur. 

Ermənistana gəldikdə, o, şahmat lövhə­sindəki piyadadır. Yəni, həmişəki “amplu­asındadır”. Mümkün təhlükə anında “peş­ka”nın qurban verilməsi qaçılmazdır. O da görünür ki, hələlik İran və Qərb Ermə­nistanı yüksəltmək niyyətlərinə köklənib. “Dünyanın kəsişməsi” fikrimizin təsdiqidir. Nəzərə alaq ki, məhz “Dünyanın kəsişmə­si” Türk dünyasının bütövləşməsi yolunda­kı maneə, əngəldir. Onu aradan qaldırmağı­mız son dərəcə mühüm şərtdir. 

Nə qədər ziddiyyətli səslənsə də demə­liyik ki, “Zəngəzur dəhlizi” Ermənistan adlı süni dövlətin də gələcək mövcudluq faktorudur. Avantüradan uzaq, heç bir təh­lükə törətməyən, qeyri-sabitlik yaratmayan mövcudluq faktoru. Ancaq bunu nə Qərbin müəyyən dairələri, nə də İran anlayır. Birin­ci Ermənistandan Rusiyanı Cənubi Qafqaz­dan sıxışdırmaq üçün istifadə edir, ikinci isə özünün ənənəvi anti-türk baxışlarının reallaşdırılması naminə. Halbuki, Qərbdən fərqli olaraq, İran daha rasional düşünmək imkanına malikdir. Ölkə, ilk növbədə, Cə­nubi Qafqazla ənənəvi bağlılıq amilini nəzərə almalıdır. Nəzərə almalıdır ki, onun varlığı Azərbaycan, Rusiya və Türkiyə tərəfindən qəbul edilir, maraq və mənafelə­ri əsas götürülür ki, bunu təsdiqləyən ən böyük müstəvi “3+3” regional platforma­sıdır. Mövcud platforma Cənubi Qafqaz­dakı bərabərtərəfli əməkdaşlığın xoş niyyət plasdarmıdır. Qərbin oyunlarında iştirak bu plasdarmın əhəmiyyətini heçə endirir. 

***

Bəli, Tehran “Zəngəzur dəhlizi”ni “sün­gü” ilə qarşılayarkən, yuxarıda sadaladıqla­rımız ətrafında ciddi düşünməlidir. Amma düşünmür və belə təəssürat var ki, İranda anti-Azərbaycan və anti-Rusiya təmayüllə­ri, sanki, bir-biri ilə çulğalaşır və proses fo­nunda hiyləgərliyə əl atılır. Məsələn, “Zən­gəzur dəhlizi” ideyasının Rusiya üçün də sərfəli olmadığına dair tezislər qabardılır. Fikrimizin sübutu baxımından əvvəlcə İra­nın ingilisdilli “Mehr News” agentliyinin “Zəngəzur dəhlizi”ndən bəhs edən məqalə­si üzərində dayanaq. 

Məqalədə bildirilib ki, Türk dünyasının birləşməsi İranın əleyhinə olduğu kimi, Ru­siyanın da mənafelərinə uyğun deyil. Guya, Moskva dəhlizin açılmasına çalışmaqla, ciddi yanlışlığa yol verir. Məqalədə açıq şəkildə o da vurğulanır ki, hazırda İsraillə ciddi problem yaşayan İran “Zəngəzur dəh­lizi” məsələsinin reallaşmaması naminə, hətta, iki cəbhədə belə vuruşmağa hazırdır. Yazının ən diqqətçəkən tərəfi oradakı siyasi spekulyasiyadır. Yəni, belə görüntü yaradı­lır ki, sanki hazırda Tehran Qərbə qarşıdır. İfadəyə diqqət yetirək: “NATO's Turani Corridor” (NATO-nun Turan dəhlizi). 

Beləliklə, iddia olunur ki, Turan dəh­lizini, yəni “Zəngəzur dəhlizi”ni NATO məhz Türkiyənin əli ilə həyata keçirmək istəyir. Bu cür yanaşma, necə deyərlər, bir güllə ilə iki dovşan vurmaqdır. Deməli, həm Rusiyanın anti-NATO kursu üzərinə fokuslanmaq, rus ictimai-siyasi fikrində qıcıq yaratmaq, həm də Moskva ilə Anka­ranın münasibətlərinə zərbə vurmaq istəyi duyulur. Ümumən isə İranın siyasi elita­sının var gücü ilə “Zəngəzur dəhlizi”nə qarşı çıxdığı ortadadır. Ötən sayımızda bu baxımdan İran parlamentinin Milli təhlükə­sizlik komissiyasının üzvü Fədəhhüseyn Malikinin ultimativ tonda bildirdiklərindən bəhs etmişdik. Yada salaq ki, o, Moskvanın “Zəngəzur dəhlizi” məsələsində paradoksal addımlardan çəkinməli olduğunu vurğula­mışdı. Komissiya sədrinin sözlərinə görə, İran diplomatiyası Rusiyanın addımları­na qarşı qəti cavaba hazırdır. “Rusiyanın “Zəngəzur dəhlizi”nə dəstəyi kürəyimizdən zərbədir”, – deyən deputat, həmçinin bil­dirmişdi ki, Kreml Fars körfəzində 3 ada məsələsinə görə Tehrandan sərt cavab alıb və eyni səhvi indi Zəngəzurda təkrarlayır.

F.Malikinin fikirlərini davam etdirən İran parlamentinin Xarici və təhlükəsizlik siyasəti komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişe özünün sosial şəbəkə hesabında yazıb ki, xəbər axınları­nın səs-küyündə Rusiyanın “Zəngəzur dəh­lizi” ilə İran sərhədini, yəni Ermənistanın İranla sərhədini bağlamaq planı unudulma­malıdır. “Əvvəlki hökumət sövdələşməni Rusiyanın Ukraynadakı maraqları naminə qurban verdi. Yeni hakimiyyət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düş­məməlidir”, – deyən H.Fəlahətpişe, ilk baxışdan, son dərəcə absurd görünəcək fikri də gündəmə gətirib. O, iddia edib ki, guya, “Zəngəzur dəhlizi” Rusiya Prezidenti Vladimir Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanalla­rının formalaşması ehtimalının qarşısını almaq məqsədi daşıyan ilkin hücumudur. Göründüyü kimi, İranın siyasi elitası başı­nı itirib. Bu elita təmsilçilərinin bir-birinə zidd baxışlar ortaya qoyması fikrimizin təs­diqidir. Yəni, ölkədə başını itirmiş fəlahət­pişelər az deyil. Mövcud xüsusda İran par­lamentinin digər üzvlərinin də fikirləri var. 

Ümumən, iranlı parlamentarilərin mövqeyinin əsas məqamlarını həmin məqamlara verdiyimiz qısa şərhlərlə bir­likdə təqdim edək: 1. “Zəngəzur dəhlizi” İranın milli təhlükəsizliyi və ərazi bütövlü­yünə təhlükə yaradır. Bu, qondarma mən­tiqdir və Tehranın ənənəvi türk xofundan başqa bir şey deyil. 2. İran regionda sər­hədlərin dəyişdirilməsinin əleyhinədir və nə olursa-olsun buna qarşı çıxacaq. Söhbət Ermənistanın müdafiəsindən gedir, halbuki konstruktiv yanaşılsa, buna heç bir ehti­yac yoxdur. 3. İran və Ermənistan arasın­da birbaşa sərhəd əlaqəsi bir neçə min illik tarixə malikdir və bütün ölkələr, o cümlə­dən, Rusiya bu sərhədlərə hörmət etməlidir. Görəsən, söhbət hansı minilliklərdən gedir? Axı ermənilərin Qafqaza köçürülmələrinin tarixi cəmi 200 ildir. Digər tərəfədən, beç bir halda, sərhədlərə hörmətsizlik kimi du­rum yoxdur. “Zəngəzur dəhlizi”nin möv­cudluğu ənənəvi İran–Ermənistan əlaqəsini inkar etmir və xoş niyyət olsa, bu istiqamət­də konsensusa gəlmək mümkündür. Belə görünür, xoş niyyətdən əsər-əlamət qalma­yıb. Haqqında söz açdığımız İrana arxadan zərbə ritorikası hakimdir. 

Bu arada İran parlamentinin Milli təh­lükəsizlik və xarici siyasət komissiyasının daha bir üzvü Həsən Kaşkavi ölkənin Ali Dini Rəhbərinin regionda sərhədlərin də­yişdirilməməsi və buna uyğun olaraq tarixə zərrə qədər də təcavüz edilməməsi ilə bağlı bəyanatını xatırladıb. Onun sözlərinə görə, bölgədə sabitlik və dostluq sərhədlərdə sa­bitliyin olmasını və heç bir dəyişikliyin baş verməməsini tələb edir. 

Kaşkavi də vurğulayıb ki, İran və Er­mənistan arasında birbaşa sərhəd əlaqəsi­nin tarixi bir neçə min il əvvələ gedib çıxır və bütün ölkələr, o cümlədən, Rusiya buna hörmətlə yanaşmalıdır: “Mən Xarici İşlər Nazirliyinin nümayəndəsi olduğum dövrdə ictimai rəyin və ya elitanın bir hissəsinin müəyyən ölkələrə qarşı mövqe tutması­nı tələb edən vəziyyətlər olub. Lakin biz həmişə dövlətlərin ərazi bütövlüklərinə hörmət prinsiplərini əsas tutmuşuq. Ümid edirik ki, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və bütün dövlətlər ərazi bütöv­lüyünə, müstəqilliyə hörmət və beynəlxalq sərhədlərin tanınması çərçivəsində təsirli addımlar atmağa çalışacaqlar”.

Türkiyə və Azərbaycanın “Zəngə­zur dəhlizi”nin açılması ideyasının İranın milli təhlükəsizliyi və ərazi bütövlüyünə ciddi təhlükə yaratdığı fikrinin daha bir dəstəkçisi İran Əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadiqidir. O bildirib ki, İranla Ermənistan arasındakı sərhəd ən qə­dim beynəlxalq sərhədlərdən biridir və bu sərhədin bağlanması geosiyasi təcrid ya­radacaq: “Zəngəzur dəhlizinin tikintisi İs­lam respublikasının maraqlarına tamamilə ziddir və regionda gərginliyi artıracaq”, – deyən Sadiqinin nəzərinə çatdıraq ki, Azərbaycanın Naxçıvana yol məsələsində tələbi yerinə yetirilməsə, Ermənistan yenə təcriddə qalacaq. Çünki minilliklərdir möv­cud olduğu iddia edilən İran – Ermənistan ənənəvi yolu həm müasir, həm də tarixi Azərbaycanın ərazisindən keçir. Yaxşı olar ki, Tehranda bunu da düşünsünlər. 

Sonda ümumiləşdirmə apararaq, onu da deyək ki, İranın bütün dairələrində “Zən­gəzur dəhlizi” barədə tam konsensusun və birliyin mövcudluğuna dair təəssürat var. O da görünür ki, Tehran regional və qeyri-re­gional güclər arasında siyasi rəqabətdə yer alır və bu, Ermənistanın mövqeyi ilə uzla­şan məqamdır. Bu məsələdə İranda nəinki anti-Rusiya, eləcə də anti-Türkiyə və an­ti-Azərbaycan demarşlarının, nəticə etiba­rilə Türk dünyasının birləşməsinə yönələn cəhdlərin şiddətlənəcəyini proqnozlaşdır­maq mümkündür. Əlbəttə, bu cəhdlərin heç bir səmərə verməyəcəyi də aydındır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət