Qərbi Azərbaycanda soydaşlarımız çoxluq təşkil edirdilər

post-img

II YAZI 

Qafqazın Rusiyadan ayrılaraq, müstəqil bir dövlət olmaq planlarını ön­ləmək məqsədiylə bolşevikler, erməni əsilli Stepan Şaumyanın Bakını zəbt etmə­sinə şərait yaratdı. Lenin tərfindən Bakıya fövqəladə komissar, rəhbər təyin olunan S.Şaumyan buranı da ermənilərin vətəni etmək üçün zorakılıqlara, qırğınlara rəvac verdi. Şaumyan Bakının hakimi olmaq niyyətilə Daşnaksütyunun quldur dəstələri ilə birləşərək, 31 mart və 1 aprel 1918-ci il tarixlərində yalnız Bakıda 25 mindən çox Azərbaycan türkünü “pantürkist və inqilab əleyhdarı” iddiaları ilə qətl etdirdi. Belə geniş miqyaslı qırğınlar yalnız Bakıda deyil, Gəncə, Şamaxı, Göyçay, Lənkəran, Quba, Zəngəzur, İrəvan, Basarkeçər və Azərbaycanın digər bölgələrində də icra edilmiş, öldürülənlərin sayı 60 min nəfərə çatmışdı.

Həmin dönəmdə İrəvan, Zəngəzur və Göyçədə yaşayan Azərbaycan türklə­ri üçün də böyük təhlükə ortaya çıxdı. 22 Aprel 1918-ci ildə “Qafqaz Müstəqil Fe­deral Dövləti” elan olundu, amma tərəflər arasında çəkişmələrin davam etməsi nəti­cəsində Ermənistan Mayın 28-də ayrıca müstəqilliyini elan etdi. 

Ermənilərin Qafqazda qonşusu olan gürcülərlə olan əlaqələrində erməni millət­çiliyinin və bu ölkəyə torpaq iddialarının izlərini tapmaq mümkündür. Erməni mil­lətçiləri gürcü torpaqlarını qədim erməni vilayətləri olaraq adlandırır və Gürcüsta­nın böyük bir hissəsi ilə birlikdə Tiflisin də qədim zamanlardan ermənilərə aid olduğu­nu iddia edirdilər. 

Gürcü yazıçısı Çavçavadze, öz tarixlə­rinin təhrif edilməsinə kəskin narahatlığı­nı “Erməni alimləri və fəryad edən daş­lar” adlı əsərlə dilə gətirmişdi. Uzun illər Qafqazda jurnalistlik edən V.L.Veliçko bölgənin siyasi və ictimai vəziyyətini araş­dıraraq ərsəyə gətirdiyi “Qafqaz” adlı əsə­rində ermənilərin “Böyük Ermənistan” və ya “Dənizdən dənizə Böyük Ermənistan” ideayasının əsassız olduğunu göstərmişdir. Bu qatı millətçi ideologiyanın başa düşül­məsi mənasında Veliçkonun kitabının ol­duqca böyük əhəmiyyəti vardır. 

Belə ki, Ermənistan deyilən ölkədən digər xalqların çıxarılması planlarının hələ o zamanlar mövcud olduğunu bu kitabla ortaya qoyan Veliçko ermənilə­rin əsil simasını açıb göstərir. O yazırdı: “Bütün qafqazlılar bilirlər ki, ermənilər burada köklü xalq kimi mövcud olma­mış, Türkiyə və İran qaçqınları kimi XIX yüzilliyin birinci yarısında görünməyə başlamışlar”. 

Veliçko sonra qeyd edir ki, buna qədər isə İrəvan xanlığı ərazilərində Azərbay­can türkləri böyük çoxluq təşkil etmişlər. Və bununla bağlı çox sayda araşdırma və tədqiqatlar vardır. Erməni araşdırmaçıları­nın özləri də bu faktları inkar edə bilmir­lər. Birinci Dünya müharibəsindən sonra bölgədə olan qeyri-sabit siyasi durum və hərbi vəziyyət erməniləri bir dövlət ya­ratmaq fikrinə gətirmişdi. Ermənilər Cə­nubi Qafqazda bir dövlət qurmaq üçün etnik qırğınlar törətmək siyasətinə üstün­lük verdilər. İrəvan xanlığı ərazilərində ədalətsizcəsinə dövlət elan edən ermənilər insanların öz dədə-baba torpaqlarından zorla çıxarılma siyasətini dövlət siyasətinə çevirdilər. 

1918-ci ildə sentyabr ayından etibarən Zəngəzur üzərinə hücumlar yenidən başla­dı. Njdenin quldur dəstələri qısa müddətdə burada 32 kənd yandırdılar. 1918 sonların­da isə Azərbaycan türklərinin yaşadığı 115 kənd dağıdıldı. Burada ümumi 7739 adam olmaq üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Andranik, Dro və Ha­mazaspın quldur silahlı dəstələri yüzlərlə kəndləri yandırmış, insanları öldürmüş və ya zorla köç etdirmişdi. 

1918-ci ilin avqustunda İğdır və Eçmi­adzində 60 kənd Dronun silahlı dəstələri tərəfindən yağmalandı. 1918-1920-ci illər ərzində daşnak iqtidarı zamanı Ermənistan­da yaşayan 575 min Azərbaycan türkünün 565 mini qətlə yetirilmiş və ya zorla köç etdirilmişdi. Bəzi erməni araşdırmaçıları da bu məlumatları təsdiq edirlər: “1920-ci ildə Sovet hökuməti zamanı Daşnakların icra etdiyi siyasət nəticəsində burada 10 min nəfərdən bir az çox türk-müsəlman qalmışdı. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra Azərbaycan türklərinin sayı 72.596 nəfər olmuşdur”. 

Türklərin toplu halında yaşadıqları 5 qəzadan – Aleksandropol, Yeni Bayazid, Eçmiədzin, İrəvan, Şərur-Dərələyəz qə­zalarından başqa, Yelizavetpol quberni­yasına daxil olan Zəngəzur qəzası (sonra­lar Qafan, Sisyan, Gorus, Meqri adlanan bölgələr), Qars elinə daxil olan Ağbaba bölgəsi (sonralar Amasiya bölgəsi), Tbili­si quberniyasına daxil olan Lori-Pembək bölgəsi (sonralar Alaverdi, Stepanavan, Kalinino, Noyamberyan bölgələri), Ye­lizavetpol quberniyası, Qazax qəzasının Dilican dərəsi (sonralar Şəmsəddin, İce­van, Dilican rayonlarının ərazisi, həmçinin Krasnoselsk bölgəsi və Akstafa (Gedikçay hövzəsinin azərbaycanlılar yaşayan kənd­ləri) birləşdirilərək Ermənistan Sovet Sosi­alist Respublikası elan edildi. 

1918–1920-ci illərdə bu bölgələrdə ya­şayan Azərbaycan türklərinin qətl edilməsi və ya zorla evlərindən çıxarılması 1905-ci il qırğınının davamı idi. Bu müddət ərzində ermənilər ciddi bir təşkilatlanma prosesinə girmiş, silahlanmış və təbliğat fəaliyyət­lərini genişləndirmişdilər. İki illik (may 1918 – noyabr 1920) daşnak hakimiyyəti zamanı burada yaşayan Azərbaycan türk­lərinin 60 faizi öldürüldü. 

Ermənistanda azərbaycanlılara qar­şı 1918–1920-ci illərdə soyqırımı və 1930–1938 illərdə sürgünün həyata keçi­rilməsinə baxmayaraq, Ermənistanın Tür­kiyə və İran, Azərbaycan və Gürcüstan sər­hədləri boyunca yenə də azərbaycanlılar yaşayırdı. İrəvan şəhərinin ətrafı, ən məh­suldar torpaqlar sayılırdı və bu rayonlarda azərbaycanlılar əksəriyyət təşkil edirdi. 1926-cı il siyahıyaalmasında göstərilmişdi ki, bu bölgədə 84,5 min nəfər azərbaycanlı əhali yaşamışdır. Bunların 60 min nəfəri 1920-ci ildən sonra əvvəlki yurdlarına geri qayıdanlar idilər. 

Ermənilərin 1918–20-ci illərdə İrəvan quberniyasında etdikləri soyqırımı Zəngə­zur qəzasından və digər bölgələrdən də yan keçməmişdi. Hayların planlı olaraq həyata keçirilən genosid siyasəti nəticəsində azər­baycanlıların itkisi 260 min nəfərdən çox olmuşdur. Göstərilən rəqəm və faktlardan aydın olur ki, həqiqətən də müasir Ermə­nistan sərhədləri içində o zaman müsəlman əhali 280 min adam azalmışdır. Bunu heç kim, hətta ermənilər də inkar etmirlər. Er­mənistan rəsmi məlumatlarında bu azalma başqa yerə yozulur, göstərilir ki, əhalinin bu qədər azalması “1918-1920-ci illərdə türk birliklərinin və başıpozuq qrupların təşkil etdikləri yeni qırğının nəticəsində meydana gəlmişdir”.

Bu, absurddur. Bu gün “Ermənistan” deyilən qədim İrəvan xanlığında bir adam belə türk-müsəlman qalmamışdırsa, bu, qatı erməni millətçiliyi siyasətinin nəti­cəsidir. Təkzibolunmaz tarixi faktlar or­tadadır, ermənilərin törətdikləri soyqırımı və qırğınların, barbarlıq və deportasiya və anti-insani hərəkətlərin nəticəsində insan­lar öz dədə-baba torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qalmışlar. İndi isə Ermənistan yalnız ermənilərin yaşadığı monoetnik dövlətə çevrilmişdir.

Qafar MEHDİYEV,
XQ-nin Türkiyə üzrə müxbiri

Siyasət