Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da çoxsaylı risklərdən qoruyur. Müxtəlif səbəblər üzündən heyvandarlığa dəymiş ziyana görə ödənilən sığorta haqqının yarısını dövlət qarşılayır.
Aqrar Sığorta Fondunun məlumatına görə, qurumun bölgələrdəki filialları və digər bölmələri əhalini aqrar sığorta, o cümlədən bitkiçilik və heyvandarlıq sığortası barədə məlumatlandırmaq üçün çoxsaylı təsərrüfatlara baş çəkir, fermerlərlə vaxtaşırı görüşlər keçirirlər. Görüşlərdə fermerlərə bitkiçilik və heyvandarlıq sığortası qaydaları, aqrar sığortanın üstünlükləri, sığorta şərtləri izah olunur, təsərrüfaların aqrar riskləri xatırladılır.
Aqrar Sığorta Fondunun Quba, Cəlilabad, Şəki, Göyçay, Göranboy və Şəmkir filiallarının əməkdaşları ilin ötən dövründə heyvandarlıq sığortasının təbliğatı məqsədilə ölkənin müxtəlif rayonlarını əhatə edən təsərrüfatlara baş çəkiblər. Sığorta ekspertləri Qubanın Vladimirovka, Qonaqkənd, Zərdabi, Vəlvələkənd və Amsarqışlaq, Şəmkirin Dəllər Cəyir və Morul, Göyçayın Çərəkə, Hüngütlü, Çaxırlı, İmişlinin Murquzalılı, Şəkinin Baltalı, Bərdənin Türkan və Qaradəmirçi, Ağcabədinin Qaravəlli, Tərtərin Bəyimsarov, Hacıqabulun Meyniman, Goranboyun Balakürd, Qusarın Köhnə Xudat və Qazmalar, Şamaxının Quşçu, Çarxan kəndlərində və digər ərazilərdə fermerlərlə çoxsaylı görüşlər keçiriblər.
Görüşlərdə fermerlərin sığorta şərtləri ilə bağlı təklifləri dinlənilib, gələcəkdə bu təkliflərin araşdırılması və növbəti islahatlar zamanı dəyərləndirilməsi nəzərdə tutulub. Həmçinin fondun əməkdaşları tərəfindən heyvandarlıq sığortasının üstünlükləri, şərtləri, sığorta haqları, təklif olunan sığorta zərfləri barədə fermerlərin sualları cavablandırılıb.
Xatırladaq ki, aqrar sığorta mal-qaraya yoluxucu xəstəliklər, zəhərlənmə, vəhşi heyvan hücumu, ilan və ya həşərat sancması, yanğın və 3-cü şəxslərin hərəkəti, qəza və s. hallarda dəyən zərəri qarşılayır. Aqrar Sığorta Fondundan bildirdilər ki, indiyədək ölkədəki sığortalı və sığortasız təsərrüfatlarda çoxsaylı belə hadisələr baş verib və fermerlərə xeyli ziyan dəyib. Heyvandarlıq sahəsində çalışan fermerlər isə cüzi məbləğ ödəməklə təsərrüfatlarını bu risklərdən sığortalaya bilərlər. Belə ki, 1000 manat dəyərində iribuynuzlu heyvana görə ödənilməli olan 52 manatlıq sığorta haqqının yarısı dövlət tərəfindən qarşılanır. Bu, o deməkdir ki, fermer cəmi 26 manat ödəməklə heyvanı sığortalaya bilər. 300 manatlıq qoyunun birillik sığortası isə 50 faiz dövlət güzəşti ilə fermerə cəmi 8 manata başa gəlir.
Beləliklə, fermer və təsərrüfatlar aqrar sığorta vasitəsilə südlük və ətlik mal-qaranı çoxsaylı risklərdən sığorta edə bilərlər. Dövlət dəstəyi sayəsində sığorta haqqının azlığı və sığorta şərtlərinin sərfəli olması səbəbindən isə heyvandarlıq sığortası üçün müraciət edənlərin sayı ildən-ilə artır. Bununla yanaşı, sığorta hadisəsi nəticəsində zərər görmüş fermerlərə ödənişlərin də məbləği getdikcə çoxalır. Müxtəlif hadisələrdən heyvanlar tələf olduqda fermerlərə dəymiş zərər isə Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.
Aqrar Sığorta Fondunun məlumatına görə, qurum ötən müddətdə fermerlərə təkcə heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödəniş həyata keçirib. 2021-ci ildə bu rəqəm 118 min manat, 2022-ci ildə 710 min manat, 2023-də isə 910 min manat təşkil edib. Cari ilin yanvar-iyul aylarında tələf olmuş heyvanlara görə fermerlərə 722 min manat ödəniş edilib. Baş vermiş sığorta hadisələri arasında yoluxucu xəstəlik, yemdən zəhərlənmə, ilansancma, vəhşi heyvan hücumu daha çox diqqət çəkib.
Məlum olduğu kimi, kənd təsərrüfatı heyvanlarının sığortalanması zamanı təsərrüfatlara baxışın keçirilməsi, eləcə də hadisə baş verdikdə onun səbəblərinin müəyyən edilməsi aqrar sığorta ekspertləri tərəfindən həyata keçirilir. Bu xidmətin müqabilində isə Aqrar Sığorta Fondu tərəfindən ekspertlərə xidmət haqqı ödənilir.
Sonda qeyd edək ki, Aqrar Sığorta Fondunda heyvandarlıq sığortası üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə başlanılıb. Fonddan verilən məlumata görə, ölkənin müxtəlif bölgələrindən olan baytar, zootexnik və başqa əlaqəli ixtisasa sahib beş namizəd təlimlər zamanı heyvandarlıq sığortası, sığortanın əhatə etdiyi predmetlər və risklər, sığorta hadisəsi baş verdikdə dəyən zərərin hesablanması və sair mövzular üzrə biliklərə yiyələnəcəklər. Təlimlər Aqrar Sığorta Fondunun heyvandarlıq sığortası ekspertləri tərəfindən keçirilir. Qaydalara əsasən, Aqrar Sığorta Fondunda təlimlərdə iştirak etmiş namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçən namizədlər müstəqil aqrar sığorta eksperti sertifikatını alaraq fəaliyyətə başlayacaqlar.