Geoloji qazma gəmisi kəşfiyyata qayıdıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.

QSC-dən qəzetimizə verilən məlumata görə, təmir müddətində gəminin baş mü­hərriki, braşpil və şpil qurğuları, su-yağ soyuducuları, müxtəlif ölçüdə boru sistem­ləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri təmir olunub, 3 ədəd yeni dizel-generator, 1 ədəd hava kompressoru və yağ seperatoru quraşdırılıb, xilasedici qayığın kran-balkasının sınaq işləri aparı­lıb, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma, gəmi üzrə işıqlandırma sistemləri təmir edilib.

Gəmidə rabitə və elektroradionaviqasi­ya sahəsi üzrə 2 ədəd müasir tipli stasio­nar VHF radiostansiya Furuno FM-8900S, Radar Koden MDC-7912, Avtomatik İden­tifikasiya Sistemi TR-8000 MKII, GPS GP-170, ümumi istifadə üçün televiziya antenası quraşdırılıb. Bütün qəza vasitələri EPİRB, SART, VHF (GMDSS) yeni nəsil avadanlıqlarla əvəzlənib. Həmçinin giro­kompas, ucadandanışan komanda – yayım qurğusu təmir edilib.

İşçi heyətin yaşayış şəraitini yaxşılaş­dırmaq üçün yeməkxana, sanitar qovşaqla­rı, istirahət otağı və kayutlarda lazımi işlər görülüb, geoloji kəşfiyyat işçiləri üçün yeni konteyner hazırlanaraq quraşdırılıb.

Tərsanə təmiri zamanı gəminin göv­dəsinin sualtı, suüstü hissələri tam olaraq abraziv qumla təmizlənib, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində, daxili bölmələrdə zə­dələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan son­ra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Bildirilib ki, “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi dənizdə 150 metr dərinlikdə kəşfiyyat işlərinin aparılması, dənizin dibindən süxurlardan nümunələr götürülməsi kimi işlərdə istis­mar olunur.

İqtisadiyyat