Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Ağsu və Zərdab rayonlarında keçirilib.
Nazirliyin məlumatına görə, yarmarkalarda Mərkəzi Aran və Dağlıq-Şirvan iqtisadi rayonlarından olan toxumçu fermerlər və toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edərək öz məhsullarının nümayiş və satışını həyata keçiriblər. Yarmarkalarda əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun önəmi barədə iştirakçılara məlumat verilib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ötən ildən fərqli olaraq Mərkəzin təşkilatçılığı ilə bu il toxum sərgi-satış yarmarkalarının 9 iqtisadi rayon üzrə 13 bölgədə keçiriləcəyini bildirib. A. Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu, ötən il 7 iqtisadi rayonu əhatə etməklə 8 toxum sərgi-satış yarmarkasının keçirildiyini vurğulayıb.
Ağsu və Zərdab rayonlarında keçirilən tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub. Fermerlərə müxtəlif kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib. Xatırladaq ki, toxum sərgi-satış yarmarkalarının müxtəlif regionlarında keçirilməsində məqsəd toxum bazarının daha da inkişafına nail olmaq, fermerlərin sertifikatlı toxumlara əlçatanlığını təmin etməkdir.