Humanitar qurum Ermənistanın sifarişi ilə yazılan hesabatlar üçün yalan məlumat ötürür
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu vaxtlarda beynəlxalq təşkilatların fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ölkəmizin ictimaiyyəti tərəfindən hər zaman tənqidinə səbəb olub. Özünün səriştəsizliyi üzündən tənqid hədəfinin əsas ünvanına, sözsüz ki, ATƏT-in Minsk qrupu çevrilmişdi.
Bunun da çox ciddi səbəbləri var idi. Məsələ ondadır ki, Minsk qrupu 1992-ci ildə məhz bu münaqişənin həllinə nail olmaq məqsədilə yaradılmışdı. Ancaq onlar 28 il ərzində heç bir nəticəyə nail ola bilmədilər. Daha doğrusu, bunu istəmədilər. Azərbaycan cəmiyyəti həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini haqlı olaraq “bölgəyə turist səfəri edən şəxslər” adlandırırdı. Həmsədrlərin təmsil etdikləri dövlətlər isə BMT Baş Assambleyasında ərazi bütövlüyümüzlə bağlı keçirilən səsvermədə hər zaman əleyhimizə səs verirdilər.
İşğalçı qoşunların zəbt etdikləri yerlərdən dərhal çıxarılmasına dair 4 məlum qətnamə qəbul etməsinə rəğmən, onların icra olunmamış qalması BMT TŞ-nin də tənqid hədəfinə çevrilməsində az rol oynamırdı. Təhlükəsizlik Şurasının dünyanın bir sıra regionlarında hərbi əməliyyatların keçirilməsi ilə bağlı qətnamələri dərhal, necə deyərlər, mürəkkəbi qurumamış icra olunurdu. Azərbaycanla bağlı 1993-cü ildə qəbul olunan qətnamələr isə yerinə yetirilməmiş qaldı. Nəhayət, dövlətimiz özü onları təkbaşına icra etdi.
Münaqişənin mövcud olduğu dövrdə haqlı tənqid olunan təşkilatlardan biri də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) idi. Heç kəsə sirr deyil ki, komitə həm Birinci Qarabağ müharibəsi zamanı, həm torpaqlarımız işğal altında olduğu dövrdə, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana münasibətdə qətiyyən obyektiv mövqe tutmayıb. Münaqişənin mövcud olduğu zamanlarda da bu təşkilatın fəaliyyəti ətrafında kifayət qədər müəmmalar dolaşırdı. Xüsusilə, azərbaycanlı əsir və girovlarla bağlı BQXK-nin sərgilədiyi mövqe həmin insanların taleyinin faciəli sonluqla bitməsində az rol oynamayıb. Keçmiş münaqişə zamanı əsir və girov götürülmüş 4 min nəfərə yaxın azərbaycanlının aqibəti Ermənistanla yanaşı, məhz BQXK-nin yarıtmaz, məsuliyyətsiz, qeyri-şəffaf fəaliyyəti nəticəsində bu günə qədər də məlum deyil. Halbuki, Ermənistanın təslimolma aktını imzalaması ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra BQXK qısa vaxt ərzində 1700 nəfər erməni hərbçisinin cəsədini toplayıb qarşı tərəfə təhvil vermişdi. Ermənilərin yolunda özünü, necə deyərlər, oda-közə vuran BQXK 1995-ci ildə 54 nəfər Azərbaycan vətəndaşının əsirlikdə saxlanıldığını müəyyənləşdirmişdi, onların məktublarını da təqdim etmişdi. Lakin təşkilat işini axıra qədər görmədi, həmin şəxslərin sonrakı taleyi ilə maraqlanmadı. BQXK bütün bu müddət ərzində Azərbaycan mərkəzi hakimiyyətinin etirazına rəğmən, ölkəmizin suverenliyini pozaraq, Qarabağdakı separatçılarla gizli əməkdaşlıq edən təşkilatlardan biri oldu.
Ancaq təşkilat özünü heç o yerə qoymur. Bugünlərdə Ermənistandakı Qarabağ klanına bağlı olan “Nyus.am” saytında dərc edilmiş “Azərbaycan Dağlıq Qarabağın blokadası zamanı “Qırmızı Xaç”ın işinə necə mane oldu?” sərlövhəli məqalədə əksini tapan fikirlər bunun göstəricisi hesab oluna bilər. Yazıda Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti mövcud olduğu ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların Laçın–Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladıqları və 138 gün davam etmiş dinc etiraz aksiyası ilə bağlı məsələlər tamamilə təhrif olunur. Həmçinin, 2023-cü il aprelin 23-də baş vermiş növbəti tarixi hadisə – Laçın rayonunda, Azərbaycan–Ermənistan şərti sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması, bununla da ölkəmizin ərazi bütövlüyünün tam bərpası prosesinin başa çatması fərqli şəkildə yozulur. Ermənistanın Laçın yolundan sui-istifadəsinə, silah və sursatların daşınmasına və digər qanunsuz əməllərinə son qoyulması bölgənin “blokadaya alınması” kimi qələmə verilir. Guya, bu “blokada” yeddi ay davam edib. Məqalə Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırma Mərkəzi) adlanan qurumun hesabatı əsasında hazırlanıb. Bildirilib ki, guya, aylar ərzində Qarabağda hər kəsin yeganə şansı BQXK-nın konvoylarından birində oturmaq və əhatəli tibbi yardım almaq olub. OCCRP-nin hesabatında iddia edilir ki, BQXK-nın işi praktikada ciddi şəkildə məhdudlaşdırılıb.
OCCRP-nin qərəzi ilə bağlı ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycandan Ermənistana gedən yeganə yol boyunca ölkəmizin müvafiq qurumları maneəsiz hərəkəti təmin ediblər. 2023-cü il aprelin 23-dən etibarən Azərbaycandan Ermənistana keçid dünyada qəbul edilmiş normalara uyğun şəkildə tənzimlənib. Sadəcə, bundan öncə ərazilərimizə qanunsuz şəkildə girib-çıxanların yolu kəsildiyi üçün onlar çığır-bağır salmağa başlayıblar. Hətta, yazıda da qeyd olunur ki, BQXK-nın konvoyları “mühasirə” adlandırılan 2023-cü ilin aprelindən sentyabr ayınadək təxminən 1500 nəfəri, o cümlədən 800-dən çox xəstəni Qarabağdan çıxarıblar. Guya, ehtiyac daha böyük imiş.
BQXK-nın keçmiş yüksək vəzifəli rəsmisi bildirib ki, Azərbaycan getdikcə daha çox maneələr yaratdığı üçün proses çətinləşib. “Hər bir karvan sərhəd nəzarət-buraxılış məntəqəsindən əvvəlkindən daha çətin keçirdi” – deyə təşkilatın əməkdaşı bildirib.
Məqalə bu cür cəfəng fikirlərlə doludur. Onların hər birinə yer ayırmaq fikrindən uzağıq. Yada salmaq yerinə düşər ki, hələ 2000-ci illərin əvvəllərində BQXK nəinki Azərbaycanla razılaşdırmadan, heç ona xəbər vermədən Xankəndidə ofisin açılması ilə bağlı keçmiş separatçı rejimlə saziş imzalamışdı. Rəsmi Bakının təkidlərinə baxmayaraq, komitə “konfidensiallıq” bəhanəsi altında sazişin mətnini heç vaxt ölkəmizlə bölüşməmişdi. Bütün bu illər ərzində Xankəndi ofisi BQXK-nın Bakı ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olmuşdu.
Vətən müharibəsindən sonra ölkəmiz dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, onlar bundan imtina etmişdilər. Bunu belə əsaslandırmağa çalışmışdılar ki, BQXK “müstəqil, qərəzsiz və bitərəf” təşkilatdır. Halbuki, BQXK heç vaxt müstəqil təşkilat ola bilməz. Komitənin qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü il fevral ayında BQXK-ya rəsmi nota ünvanlamaq məcburiyyətində qalmış, Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim olunmasını tələb etmişdi. Notaya cavab verilməsi ilə bağlı ölkəmizin təkrar sorğularından ötən təxminən iki ay yarım sonra – 2023-cü il may ayında təqdim etdiyi cavab notasında komitə aşağıdakıları bildirmişdi: “BQXK-nın Qarabağda fəaliyyətinin əsasını onun özünün hüquqi qiymətləndirməsi təşkil edir və bu mənada təşkilat hesab edir ki, Azərbaycan və Ermənistan arasında silahlı münaqişə hələ də bitməyib. BQXK işlədiyi konkret yerə “de-fakto nəzarət edənlər”lə təmas qurmalıdır. BQXK 2025-ci ildən sonra yarana biləcək yeni reallıqda bu məsələni yenidən nəzərdən keçirə bilər”.
Ancaq məlum olduğu kimi, onların bu təkəbbürlü davranışı heç bir nəticə vermədi və 2024-cü il aprelin 7-də BQXK-nın Xankəndi ofisi bağlandı. Nümayəndəlik Bərdəyə köçürüldü və komitənin Azərbaycan nümayəndəliyinin tabeliyinə verildi. Güman etmək olar ki, BQXK indi Ermənistan mediasında bu cür yazılar dərc etdirməklə həmin hadisə ilə bağlı hiddətini bildirir.
Onu da bildirək ki, BQXK-nın yarıtmaz fəaliyyəti avqustun 30-da – Beynəlxalq İtkinlər Günündə bir daha yada salındı. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” platformasında paylaşımındakı fikirlər diqqəti cəlb edir.
H.Hacıyev bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesinə böyük təkan verib: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aşkar edilmiş insan qalıqlarının DNT analizi əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və müvafiq dövlət qurumu tərəfindən indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 149 nəfərin şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək mümkün olmuşdur. 30 ildən sonra onların tapılması, milli adət-ənənələrə uyğun və hərbi təntənə ilə dəfn edilməsi Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına olan şəxsi qayğısı və diqqətinin növbəti təzahürüdür. 30 il Ermənistan–Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmirik. Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan təbliğat kampaniyasında yer alır”.
H.Hacıyev onu da qeyd edib ki, Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bununla bağlı olan ardıcıl tədbirlərini davam etdirəcəkdir.
Səxavət HƏMİD
XQ