Bu gün xalqımızın elm və təhsil tarixində, milli mədəniyyətimizin və ictimai fikir tariximizin inkişafında yeni mərhələnin başlanğıcı sayılan əlamətdar gündən – Azərbaycanda ilk sivil ali məktəbin təsis edilməsindən 105 il ötür. 1919-cu ilin 1 sentyabrında çətin və mürəkkəb bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində daha bir taleyüklü addım atılaraq Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul edilmişdir.
BDU milli hökumət dövründə çox qısa zaman ərzindəki fəaliyyəti ilə, sovet hakimiyyəti illərində bütün təqib və təzyiqlərə rəğmən xalqımızın milli şüurunun formalaşmasında, ölkəmizdə elm və təhsilin inkişafında bir məbəd kimi müstəsna rol oynamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu missiya daha böyük uğurlarla və daha böyük miqyasda davam etdirilir.
BDU-nun zəngin inkişaf tarixinə nəzər yetirdikdə doğma universitetimizin əsas uğurlarının və tərəqqi mərhələlərinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunun şahidi oluruq. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə BDU-ya xüsusi qayğı ilə yanaşmış, ölkənin ilk ali məktəbini elm və təhsilimizin bayraqdarı, eyni zamanda, milli təhsil mərkəzi kimi qiymətləndirmişdir. Bu gün 105 illik yubileyini qeyd edən BDU kollektivi Ulu öndərin bu xidmətlərini minnətdarlıqla yad edir, universitetimizin dünya şöhrətli məzunu ilə qürur duyur. 105 illik tarix zirvəsindən ötən onilliklərə nəzər saldıqda görürük ki, BDU-nun yubileylərinin ümumxalq önəmi daşıyan hadisə kimi təntənəli şəkildə qeyd olunması ənənəsinin əsasını bu ali məktəbin yetirməsi Heydər Əliyev qoymuşdur.
İlk ali təhsil ocağımızın yaradılmasının 50-ci ildönümündən başlayaraq onun yubileyləri məhz Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə keçirilmişdir. BDU-nun 50 illik yubiley mərasimində, sovet təbliğatının milli dəyərləri üstələdiyi bir dövrdə Azərbaycanın ali rəhbərliyinə yenicə gəlmiş Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək beynəlmiləl auditoriya qarşısında məhz ana dilimizdə çıxış etməsini bu gün də xalqımız böyük ehtiram və minnətdarlıqla xatırlayır.
Ulu öndər sonralar həmin tarixi hadisəni yada salaraq deymişdi: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər".
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Prezident Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. BDU kollektivi ötən il universitetimizin dünya şöhrətli məzunu, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə oxuduğu ali məktəbin adını, şöhrətini zirvələrə ucaldan, onu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandıran ulu öndər Heydər Əliyevin 100 illik yubileyini böyük hörmət və ehtiramla, müdrik rəhbərimizə sonsuz minnətdarlıqla qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə “Heydər Əliyev İli” elan olunmuş 2023-cü il boyu Ulu öndərin irsinin təbliğini, bu xəzinənin gənc nəslə çatdırılmasını özünün ali məqsədlərindən biri hesab edən BDU kollektivi bu istiqamətdə səylərini daha da artırmış, silsilə tədbirlər keçirmişdir. 2023-cü il ərzində müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı elmi-tədqiqat işləri aparılmış, beynəlxalq konfranslar, seminarlar keçirilmiş, kitablar hazırlanmış, xüsusi mühazirələr, ustad dərsləri və s. təşkil edilmişdir. BDU ailəsinin hər bir üzvü, professor-müəllim heyəti, o cümlədən tələbələrimiz bu tarixi ilin, öyünclü günlərin, sevincli anların bir hissəsi olmaq üçün səy göstərmişdir.
Bundan əvvəl isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdu. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə möhtərəm Prezidentimiz BDU-nun tarixinə xüsusi diqqətlə yanaşmış, universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi-tədqiqatların aparılmasında, milli özünüdərk prosesinin sürətləndirilməsində tarixi xidmətlərini qeyd etmişdir. BDU-nun 100 illik yubileyi Parisdə UNESCO-nun Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində və digər universitetlərdə və müxtəlif qurumlarda yüksək səviyyədə qeyd edilmişdir.
Yubiley ilində “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmiş, yubiley pul nişanı tədavülə buraxılmışdır. Universitetin 113 əməkdaşı ölkə başçısının sərəncamı ilə müstəqil dövlətimizin orden, medal və fəxri adlarına layiq görülmüşdür. Bütün bunlar BDU-nun professor-müəllim heyətini daha əzmlə, fədakarlıqla Azərbaycanda elmin və təhsilin inkişafına öz töhfələrini verməyə həvəsləndirmişdir.
100 illik yubiley mərasimində ölkə başçısının iştirakı və proqram xarakterli çıxışı universitet kollektivinin qarşısında yeni hədəflər qoymuşdur. Möhtərəm Prezidentimiz yubiley mərasimindəki tarixi çıxışında BDU-nun ölkəmizin həyatındakı müstəsna rolunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra BDU yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir”.
Bu gün 105 yaşlı ali təhsil ocağının əməkdaşları qarşıda duran hədəflərə çatmaq, ölkə başçısının etimadını ən yüksək səviyyədə doğrultmaq üçün səylər göstərir, beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, eyni zamanda, vətənpərvər ruhlu mütəxəssislər hazırlayırlar.
100 illik şərəfli yubileydən keçən 5 il ərzində BDU, hər zaman olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlarını davam etdirir. Universitetdə müasir tələblərə cavab verən idarəetmə islahatları aparılır, şərəfli keçmişi, tarixi ənənələri olan ali təhsil və elm ocağının modern dünya universitetləri siyahısında ön yerləri tutması üçün məqsədyönlü fəaliyyət həyata keçirilir.
Bu gün uğurla həyata keçirilməkdə olan “Universitet-5.0” strategiyası BDU-nun inkişafının təməl prinsiplərini təşkil edir. Strategiyada təhsil, elm, innovasiya, beynəlmiləlləşmə və sosiallaşma istiqamətləri üzrə hədəflər müəyyənləşdirilmişdir. Hazırda universitetdə tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində tədris müasir, innovativ təlim texnologiyaları əsasında qurulur. Elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir.
Beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq inkişaf etdirilir, paralel olaraq bu istiqamətdə struktur islahatları həyata keçirilir. Dövlətimizin gəncləşmə siyasətinə uyğun olaraq kadr islahatları aparılır, bacarıqlı və perspektivli gənclər önə çəkilir. Universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq əməli addımlar atılır.
105 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs missiyasını davam etdirir.
BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, priroritet istiqamətlər əsasında təhsilin inkişafı, elmi-tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır. Təhsilalanlar və akademik heyət arasında qarşılıqlı əlaqələr dərinləşdirilir. Yeni nəsil elm və təhsil proqramlarının sayı artırılır, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisas və ixtisaslaşmalara tələbə qəbulu aparılır. Tədris resursları mütəmadi olaraq təkmilləşdirilir, təlim prosesini müasir üsullarla və müasir məzmunla həyata keçirmək məqsədilə auditoriyalar müasir İKT avadanlıqları ilə təchiz olunur, elmi-tədqiqat və tədris laboratoriyalarının maddi-texniki bazası gücləndirilir.
2024-cü ildə BDU-nun 2 saylı tədris binası ən yüksək səviyyədə əsaslı təmir edilmişdir. Binanın həyətində yerləşən Şəhidlər kompleksi də yenidən qurulmuş, burada Zəfər kompleksi yaradılmış, içəridə isə “Zəfər tarixi” lektoriyası istifadəyə verilmişdir. Lektoriya Vətən müharibəsində böyük Qələbənin rəmzləri və Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarını, eləcə də hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsindən bəhs edən ədəbiyyatla zənginləşmişdir.
Aparılan islahatlar tədris prosesinin, elmi-tədqiqatların keyfiyyətini artırır, tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir. BDU tələbələrinin komandaları son illər “TEKNOFEST” festivallarında da uğurla çıxış edir, mühüm nəticələr əldə edirlər. 2023-cü ildə BDU komandaları İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurlu nəticə göstərmişdir.
Universitetin 4 komandası 6 layihə ilə "TEKNOFEST-2023"ün finalına vəsiqə qazanmışdır.
Bu il BDU tələbələri nüfuzlu robot festivalı olan “Robotex Avrasiya”da ciddi uğur əldə etmişdir. 2024-cü ilin aprel ayında keçirilən bu festivalda BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olmuş, Universitetimizin iki komandası (“85 Games Studio və “Humantek”) yarışmada birinci, 2 komandası (“Bilig” və “Bradenburg”) ikinci, 3 komandası isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) üçüncü yerə layiq görülmüşdür.
BDU tələbələri, eləcə də universitetin nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq arenada bilik və bacarıqlarını uğurla nümayiş etdirirlər. 2024-cü il avqustun 5-dən 11-dək Bolqarıstanda ali məktəb tələbələri arasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında BDU tələbələri qızıl və bürünc medala layiq görülmüşdür. Həmçinin 2024-cü ildə İbtidai, orta və yuxarı sinif şagirdləri arasında keçirilən beynəlxalq riyaziyyat müsabiqələrində “Gənc istedadlar” liseyinin şagirdləri 25 qızıl, 21 gümüş, 24 bürünc medal qazanmışdır.
Universitetdə tələbələrin təhsili, elmi-tədqiqatlara təşviq olunmaları və onların layihələrinin dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Son dövrlər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması, “Code for Future” layihəsinin həyata keçirilməsi, Xarici Dil Mərkəzinin yaradılması tələbələrimizin bilik və bacarıqlarını daha da artırır, onların fərdi istedadlarının üzə çıxarılmasına əlavə əlverişli şərait yaradır.
Hazırda universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır. 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da 76 ixtisas, 271 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavr və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılmışdır.
BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında müvafiq iş aparılır, maraqlı sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər.
Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində müasir standartlara cavab verən 216 yerlik “Tələbə evi” istifadəyə verilmişdir. Tələbələrin keyfiyyətli, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün Nəşr Evi “bp-Azərbaycan” şirkətinin dəstəyi ilə ən müasir avadanlıqlarla təchiz edilərək yenidən qurulmuşdur. BDU ilə “bp-Azərbaycan” şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Elmi Kitabxananın elektronlaşdırılmasına başlanılmışdır.
Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbulla bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda ənənəvi olaraq yüksək nəticələr göstərir, eyni zamanda, tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülürlər. Cari ildə “Yüksəliş” müsabiqəsinin qalibləri arasında BDU-nun 4 məzunu yer almışdır. 2024-cü il üzrə Gənclər üçün Prezident mükafatçılarından 3-ü, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə xaricdə təhsil almaq imkanı qazanmış tələbələrdən isə 49-u BDU-nun məzunudur. Prezident İlham Əliyevin 2023-cü il 24 iyun tarixli sərəncamına əsasən, BDU-nun 8 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüşdür.
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində yeni müsbət tendensiya formalaşır. Son illərdə BDU-da sənaye kimyası, rəqəmsal araşdırmalar, hüceyrə kulturası və genom redaktəsi, mikrobiologiya və virusologiya, biomühəndislik, kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənaye yönümlü elmi-tədqiqat laboratoriyaları, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə süni intellekt etikası kafedrası, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi və s. yaradılmışdır.
Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin QS reytinq siyahısında ilk ən yaxşı 1000 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Universitet alimlərinin nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrinin dinamikası ildən-ilə yüksəir.
“Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 67-yə yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il isə 52-yə bərabər olmuşdur. Hər bir əsərə edilən istinadların orta sayı 8.53-ə qədər yüksəlmişdir. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4436 elmi əsər nəşr etdirmişlər. Bu əsərlərə, ümumilikdə, 37 mindən çox istinad edilib – bu göstərici ötən il 29 min idi.
Ali məktəb son illər bir sıra reytinqlər üzrə göstəricilərini də artırmışdır. BDU Azərbaycanda “Times Higher Education Subject” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir. BDU-nun bu sahədə daha bir uğuru ilk dəfə olaraq "QS Sustainability 2024" reytinqində yer almasıdır. 2024-cü ildə THE qlobal reytinqinə də Azərbaycan ali təhsil müəssisələrindən yalnız BDU daxil olmuşdur.
Bütün bunlar kollektivimizin birgə, yüksək səylə çalışması nəticəsində əldə edilmiş uğurlardır. Əminik ki, bu nəticələr ildən-ilə daha da yüksələcəkdir. Universitetimiz müasir tələblərə uyğun elmi-tədqiqat mühitini inkişaf etdirir, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına şərait yaradır.
Beynəlxalq əməkdaşlığa, tələbə və müəllim mübadiləsinə xüsusi önəm verən BDU bu istiqamətdə də səylərini davam etdirir. Universitet əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə ABŞ, Çin, Almaniya, İsrail, İsveçrə, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl universitet və institutları ilə (Yerusəlim İbrani Universiteti, Holon Texnologiya İnstitutu, Anhui Universiteti, Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Linkoln Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti və s.) bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 12 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir.
Ötən tədris ilində də BDU-nun beynəlxalq əməkdaşlıq strategiyası uğurla davam etdirilmişdir. Bu dövrdə BDU ilə Türkiyənin Tokat Qaziosmanpaşa, Orta Doğu Texniki, İstanbul Texniki, Muğla Sıtkı Koçman universitetləri, Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qırğız-Türk “Manas” Universiteti arasında “Orhun” mübadilə protokolu, Türkiyənin Hacettepe, Balıkesir, Ankara Sosial Elmlər universitetləri, İspaniyanın Qranada Universiteti, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu, Qazaxıstanın Atırau Dövlət Universiteti, Yaponiyanın Kanaqava və Kumamoto Universitetləri, Çinin Pekin Xarici Dillər, Tongji, Hefei Texnologiya Universiteləri arasında əməkdaşlıq memorandumu və bu istiqamətdə bir sıra digər sənədlər imzalanmışdır. BDU hazırda 50-dən çox ölkənin 160-dan artıq universiteti ilə əməkdaşlıq edir.
BDU xarici universitetlərlə birgə beynəlxalq elmi tədbirlərin təşkilinə də üstünlük verir. Son illər bu istiqamətdə bir sıra nəticələr əldə edilmiş, o cümlədən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfranslar, BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” üzrə BMT/Azərbaycan yüksək işçi seminarı (United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere), Volkswagen Fondu ilə “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq Yay Məktəbi və s. elmi tədbirlər keçirilmişdir.
Nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı da BDU özünün prioritetlərindən hesab edir. 2022-ci ildə Avropa Universitetlər Assosiasiyasının (EUA) və İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), 2023-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının (IAF), 2024-cü ildə isə Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasının (World Association of Industrial and Technological Research Organizations - WAITRO), Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) üzvü seçilmişdir.
Beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sosial missiyasına müvafiq olaraq onun cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlər görülmüşdür. Ali məkətəbin elmi potensialının cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilmiş, birgə sosial layihələrin sayı artırılmışdır.
Dövlət və qeyri-hökumət təşkilatlarının, iri beynəlxalq və özəl şirkətlərin öz sosial layihələrini təqdim etdiyi platformaya çevrilməsi məqsədilə tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilmişdir. Universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilmişdir.
Əmək bazarının mövcud tələbatını, yeni dövrdə mütəxəssislərdən tələb olunan əsas bacarıqları öyrənmək, bu tələbatın kadr hazırlığında nəzərə alınması, eləcə də universitet – sənaye işbirliyinin yaradılması, tədris prosesinə sənayedə çalışan mütəxəssislərin cəlb olunması, tələbələrin istehsalatda yeni meyarlarla təcrübə keçməsi, həmçinin birgə layihələrin, elmi-tədqiqat işlərinin aparılması məqsədilə hazırda BDU 57 dövlət, özəl və qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.
BDU-nun 100 illik yubileyindən sonra keçən 5 il ərzində bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bunlara misal olaraq, “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ı, “Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili”, “Azərbaycan Respublikasının tarixi (1991-2021)“ 2 cildlik kitabının hazırlanması, "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" nəşrinin hazırlanması və s. göstərmək olar. Bu layihələr BDU-nun professor-müəllim heyəti tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilmiş və ictimaiyyətə təqdim edilmişdir.
Bu gün BDU kollektivi və tələbələri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu istiqamətdə öz fəaliyyət istiqamətini müəyyənləşdirmiş, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar bir sıra tədbirlər, layihələr həyata keçirməkdədir.
Qalib və qüdrətli ölkəmizin gündən-günə inkişaf etməsi, elm və təhsildə əldə olunan nailiyyətlər BDU kollektivini və tələbələrimizi doğma universitetimizin 105 illik yubileyini yüksək təntənə ilə qeyd etməyə həvəsləndirir, hər birimizdə sonsuz qürur hissləri yaradır. Əminik ki, möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə əhatələnən 105 yaşlı BDU yeni yubileyi ərəfəsində zəngin ənənələrini daha da inkişaf etdirəcək. Ali məktəb beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən faydalanaraq, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq missiyasını uğurla davam etdirəcək.
BDU-nun 105 illik yubileyi münasibətilə universitetimizin kolektivini, məzunlarımızı və çoxsaylı tələbələrimizi səmimi təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru