Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən yerli ali təhsil müəssisələri üçün Dünya İqtisadi Forumunun (DİF) “Strategic Intelligence” (strateji intellekt) platformasına dair infosessiya keçirilib. Tədbirdə Bakı Mühəndislik Universiteti (BMU) ilə yanaşı, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.
Universitetdən XQ-yə bildirilib ki, infosessiya zamanı platformanın təqdimatı olub və məzmun təchizatçısı kimi iştirak imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 4SİM-in dəstəyi ilə 2025-ci ildə BMU ilə bərabər, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də İqtisadi və Sosial İnkişaf Mərkəzi “Strategic Intelligence” platformasında məzmun təchizatçısı statusu qazanıb.
BMU “Strategic Intelligence” platformasında məzmun təminatçısı statusunu əldə edən ilk Azərbaycan universitetidir. Bu uğurlu təcrübə infosessiyada iştirakçılarla bölüşülüb və ali məktəbin qlobal bilik mübadiləsində artan rolu xüsusi qeyd olunub.
“Strategic Intelligence” platformasının hazırda qeydiyyatdan keçmiş 1 milyondan çox istifadəçisi var. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla, 400-dən çox məzmun yaradan akademik tərəfdaş fəaliyyət göstərir. Süni intellekt əsasında işləyən platformada iqtisadi və sosial inkişaf istiqamətləri, yeni texnologiyalara dair məlumatlar təqdim edilir. Platforma ali təhsil ocaqları üçün elmi yenilikləri izləmək, tədqiqatlarla tanış olmaq və yeni əməkdaşlıq imkanları yaradır.