“Missiya” səfir-kəşfiyyatçıları işə qəbul edir

post-img

Hansı mülki missiyanı yerinə yetir­məsi və bu barədə kimlərə məruzə göndərməsinin Ermənistan haki­miyyətinin özünü də “yaxından maraqlandırdığı” Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş heyətin əsl məqsədinin nədən ibarət olduğu bugünədək qaranlıq qalır.

Amma ara-sıra bu missiyanın komis­sarı Markus Ritterin əynində mavi jilet, əlində durbin təpəcikləri seyr etməsini əks etdirən fotoşəkilləri hay mediasını “bəzə­yir”. Biz onun Azərbaycana qarşı “durbinli hücumlarını” çox müşahidə etmişik və bu barədə oxucuları məlumatlandırmışıq. Av­ropa İttifaqının Ermənistandakı yarı-mülki (əslində kəşfiyyatçı – red.) missiyasının rəhbəri, səfir statuslu Markus Ritter iki ilə yaxındır ki, “Ermənistanın Azərbaycanla sərhədində gərginliyin azaldılması və sa­bitliyin bərqərar olması” üçün, guya, əlin­dən gələn hər şeyi edir. 

Erməni mediasının yazdığına görə, bölgədə fəaliyyətlərinin xarakterinə uy­ğun olaraq “binokllu diplomatlar” fəxri adına layiq görülmüş Aİ-nin heyəti ge­nişlənməkdə davam edir. Cənubi Qafqaza öz bayraqlarını sancmağa yer axtaran kol­lektiv Qərbin “mülki kəşfiyyatçılarının” cərgəsinə bölgəyə nə siyasi, nə də coğrafi yöndən dəxli olan kanadalı ekspert Alek­sandr Qruşevskidən sonra indi də Argenti­nanın İrəvandakı səfiri qoşulur. Bu günlər­də Aİ missiyasının rəhbəri Markus Ritter Argentinanın Ermənistandakı səfiri Rafael Enrike Qonzales Alemanı İrəvandakı mən­zil-qərargahında qəbul edib. Xəbərdən belə məlum olur ki, 3 ay bundan əvvəl Bu­enos-Ayresdən İrəvana uçmuş və Hayas­tanda fövqəladə və səlahiyyətli səfir sta­tusunda diplomatik missiyasının icrasına başlamış cənab Alemanın “dost və qardaş” Ermənistanda fəaliyyəti, sadəcə, səfirliklə məhdudlaşmayacaq. 

Bunu onun nəzərinə üç ay əvvəl qə­bulunda olmuş Hayastan parlamentinin spikeri Alen Simonyan çatdırmışdı. Təx­minən bu formada: “Mən şadam ki, Ermə­nistan və Argentina arasında yüksək səviy­yədə siyasi dialoq mövcuddur. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etimad mühiti formalaşıb. Ermənistan Argentina ilə bü­tün sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır”.

Bunun qarşılığında yeni səfir Rafael Enrike Qonzales Aleman iki ölkə arasında çoxillik dostluq əlaqələrinin şahidi olduğu­nu ərz etdikdən sonra, “Argentinadakı er­məni icmasının respublikanın sosial-mədə­ni həyatında böyük rol oynadığını” xüsusi vurğulamışdı. 

Bütün bunlara ironik tərzdə deyil, post­modernist mövqedən yanaşsaq, ortaya belə bir məntiqi sual çıxa bilər: “Argentinanın Kanadadan nəyi əskikdir?”. Biri Ameri­ka qitəsinin şimalında, digəri cənubunda yerləşsə də, onların ikisini də Avropadan Atlantik okean ayırır. Bu halda “kollektiv Qərbin” qucağına sığınmış İrəvan Otta­va kimi, Buenos-Ayres üçün də cəlbedici, doğma məkandır və o, buraya səfir cildin­də özünün kəşfiyyatçısını göndərməkdə tam sərbəstdir. Bu sərbəstlik özünü Alema­nın missiyanın rəhbəri və “baş kəşfiyyat­çısı” Markus Ritterlə birlikdə Ermənistan–Azərbaycan sərhədinə baş çəkməsi, hətta sərhəd bolu bölgələrdə patrul xidmətinə qoşulmasında göstərdi. 

Sözün düzünü desək, onları qınama­ğımız heç doğru deyil. Səfirlərin Aİ-nin missiyasında “yarımştat” çalışması bekar­çılığın nəticəsidir. Çılğın Cənubi amerikalı Hayastanın daş-qayalığı içində darıxma­maqdan ötrü özünə məşğuliyyət tapma­lıdır, ya yox? Bu zaman onun qabağında polkovnik Ritter peyda olur. İndi səfir Qonzales Aleman Markus Ritterin təlim­lərində iştirak etməli və sonra kanadalı Qruşevski kimi, “boss”ların tapşırıqlarını yerinə yetirməlidir. 

Görünən və anlaşılan odur ki, okeanın o tayından göndərilən emissarlardan ötrü missiyanın fəaliyyətinin faydalı iş əmsalı qətiyyən maraqlı deyil... 

İ.HƏSƏNQALA
XQ

Siyasət