Müttəfiqlik: keçmişin təməlləri, gələcəyin əməlləri

post-img

Yaxud Türk birliyindəki güc amili

Görünür, bunda da bir rəmzi məna var. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” Çal­dıran döyüşünün 510 illiyinin tamamında imzalandı. O döyüşün ki, Türk dünyasının parçalanmasının əsa­sını qoymuşdu. 

Üzərindən əsrlər keçdikdən sonra Türk dünyasında ciddi birləş­mə meyili gedir. Nəzərə alsaq ki, Çaldıran döyüşü o zamankı Qərb dairələrinin təfriqəçilik fəaliyyətlərinin məntiqi yekunu idi, bugün­kü birlik tarixin təkrarlanmaması üçün təminatdır. Təminat nə üçün lazımdır? Həm də ona görə ki, beynəlxalq birliyin tənəzzülü fonun­da Türk dünyasının güclənməsi dönməz və təbii xarakterə malik­dir. Tənəzzül psixologiyası isə zəifləri birləşdirib yeni təfriqələrə əl atmağa vadar edir. Təfriqələrə göz yummaq yolverilməzdir. 

Bəli, müttəfiqlik həm də yeni “çaldıranların” yaşanmaması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu gün türk xalqları real addımlarla həm keçmişin mənfi yaşantılarını aradan qaldırır, həm yeni əməkdaşlıq formaları yaradır, həm də perspektiv üçün etibarlı təməl müəyyənləşdirirlər. Heç şübhəsiz, bu təməldə xoş­bəxt gələcəyin, firavanlığın və asayişin də dayanıqlılığı amili var. Yəni, türk birliyi, o cümlədən, bu birliyin müttəfiqlik zirvəsi, heç bir halda, hücum və işğalçılıq mahiyyəti daşımır, əldə olunmuş na­iliyyətlərin qorunmasını hədəf seçir. Dayanıqlılıq isə inkişafın tə­minatıdır. Türk xalqları inkişafa can atma əzmlərini artırmalıdırlar.

“Bu gün biz rəsmən müttəfiqlər ol­duq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin ali səviyyədə imzalaya biləcəyi beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə, həqiqətən də, münasibətlərimizin yeni fəslini deyil, ki­tabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xa­rici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hal­larda regional siyasəti müəyyən edəcək”. Fikirlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı Özbəkistana dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında onu da bil­dirmişdi ki, regionlarımızda müsbət pro­seslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regi­onlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əmək­daşlıqdan asılıdır”.

Bəli, zaman Türk dünyasınındır. Bu baxımdan Prezident İlham Əliyevin vax­tilə Azərbaycan – Türkiyə əməkdaşlığı fonunda dilə gətirdiyi bir fikir yada dü­şür. Dövlətimizin başçısı qardaş ölkə ilə münasibətlərin yüksək səviyyəsindən söz açaraq bildirmişdi: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi ola­caq, XXI əsr türk dünyası əsri olacaq”.

Hesab edirik ki, regionumuzda yaşa­nan proseslər Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı fikir və düşüncələ­rinin reallıqla nə qədər səsləşdiyini demək üçün mühüm əsaslar verir. Bu əsaslara müxtəlif aspektlərdən diqqət yetirmək mümkündür. Onlardan yalnız birini vur­ğulayaq. Söhbət güc amilindən gedir. Yeri gəlmişkən, bu amillə bağlı da ölkəmizin liderinin özünəməxsus baxışı var. Cənab Əliyev Türk Dövlətləri Təşkilatının Döv­lət başçılarının bu il iyulun 6-da Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qurumun dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməli olduğu­nu vurğulamışdı. Türk dünyasının böyük coğrafi məkanı əhatə etdiyini, TDT-yə üzv ölkələrdə müsbət demoqrafik dina­mikanın müşahidə olunduğunu, hərbi po­tensialın döyüş meydanlarında özünü dəfələrlə göstərdiyini vurğulayan Azər­baycan Prezidenti əlavə etmişdi ki, möv­cud coğrafiyanın zəngin təbii resursları, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədə­niyyət türk xalqlarının böyük sərvətidir: “Xalqlarımızın ənənəvi dəyərlərə sadiq­liyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Bəli, dayanıqlı sistemin mükafatı inkişafdır. İnkişafı doğuran isə gücdür. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik müna­sibətləri haqqında Müqavilə” gücümüzün müştərək məramlar naminə istifadə po­tensialı, əzmi və iradəsinin birgə təcəssü­müdür. Əlbəttə, bu saziş, eyni zamanda, təminatdır. Elə bir təminat ki, inkişafımı­zı əngəlləmək, ona qarşı çıxmaq istəyən qüvvələrə qarşı birlikdə müqavimət tra­yektoriyasını müəyyənləşdirir. Türkiyə ilə müttəfiqlik sazişinin timsalında bu trayektoriyanın ilk nümunəsinin olduğu­nu bilirik. Söhbət 2021-ci il iyunun 15-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamə­si”ndən gedir. 

Qeyd edək ki, Şuşa Bəyannaməsi 9 fevral 1994-cü ilin “Azərbaycan Respub­likası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişa­fı barədə Müqavilə”sini və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu ilin “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”sini rəhbər tutur, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, ən başlıcası isə 13 oktyabr 1921-ci il tarixli Qars müqavilə­sinə sadiqlik ruhunu bir daha təsdiqləyir. Yəni, sənəd ortaq keçmişin bütün ya­şantılarının vurğulanması məntiqindən irəli gələrək, gələcək üçün daha möh­kəm bağ formalaşdırır. Artıq qətiyyətlə demək mümkündür ki, Özbəkistan da güc bağının rəsmi iştirakçısıdır. Bu ölkə ilə müqavilə ölkələrimiz arasındakı müxtəlif istiqamətli münasibətləri də mütəffiqlik səviyyəsinə qaldırır. 

Əslində, “Şuşa Bəyannaməsi”ndən sonra müttəfiqlik halqasının növbəti işti­rakçısının məhz Özbəkistan olacağı proq­nozlaşdırılırdı. Azərbaycan və Özbəkistan liderlərinin apardıqları siyasətdəki qar­şılıqlı inam və etimad mühiti bunu söy­ləməyə əsas verirdi. İnam və etimad ciddi amildir. Elə bir amil ki, Prezident İlham Əliyevin vurğuladığı tərzdə desək, özün­də regional siyasəti müəyyənləşdirmək potensialını daşıyır. 

Bəli, Türk dünyasının müttəfiqlik halqasının genişlənməsi dövrün və zama­nın qlobal siyasi çağırışlarına layiqli ca­vabdır. Hesab edirik ki, belə bir cavabın verilməsi baxımından TDT Dövlət Başçı­larının haqqında söz açdığımız Şuşa zir­vəsinin müstəsna rolu var. Söhbət konkret olaraq həmin zirvə görüşündə – iyulun 6-da imzalanmış Qarabağ Bəyannamə­sindən gedir. 31 bəndli, ümumən geniş məzmunlu bəyannamədə bildirilir ki, sənədi imzalayan dövlətlər strateji tərəf­daşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv stra­tegiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, hu­manitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadənin vacibliyini bir daha vurğulayırlar. Həmçinin, bildirilir ki, TDT-nin dövlət başçıları türk döv­lətlərinin qlobal miqyasdakı potensialı nəzərə alınmaqla, daha iddialı məqsədlə­rin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə da­yanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərə­li həyata keçirilməsi üçün müvafiq mexa­nizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər.

Göründüyü kimi, Qarabağ Bəyan­naməsində yer alanlar, əslində, müt­təfiqlik paradiqmasının vurğulanması baxımından vacibdir. Qətiyyətlə onu da deyə bilərik ki, Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi Qara­bağ Bəyannaməsi üçün mənəvi istinad nöqtəsi idisə, Qarabağ Bəyannaməsi isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik müna­sibətləri haqqında Müqavilə” üçün çıxış nöqtəsidir. Heç şübhəsiz, türk dünyasının inteqrasiya prosesi bundan sonra da uğur­la davam edəcək, Özbəkistanla imzalan­mış tarixi sənəd digər türk dövlətləri ilə də imzalanacaqdır. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət