Yunanıstan mətbuatı Azərbaycanla bağlı yalan xəbər yayıb

post-img

Yunanıstan mətbuatı Azərbaycandan Cənubi Kiprə birbaşa aviareys açıldığı barədə feyk məlumat yayıb.

XQ APA-ya istinadən xəbər verir ki, guya Bakıdan Cənubi Kiprin Larnaka şəhərinə birbaşa aviareyslərə başlanılıb və avqustun 21-də ilk uçuş yerinə yetirilib.

Lakin kiçik araşdırmadan məlum olur ki, yunan tərəfi siyasi məqsədlər, eyni zamanda Şimali Kip Türk Cümhuriyyətinin əhalisi arasında Azərbaycana qarşı narazılıq yaratmaq niyyəti ilə bilərəkdən yalan məlumat yayıb.

Belə ki, burada söhbət Bakının “Zirə” futbol komandasının Konfrans Liqasında Cənubi Kiprin “Omoniya” komandası ilə oyun üçün bu ölkəyə səfərindən gedir. “Zirə” komandası avqustun 21-də qarşılaşma üçün çarter reysi ilə Bakıdan Larnaka şəhərinə uçub. Qarşılaşma avqustun 22-də keçirilib.

Avqustun 23-də isə “Zirə” komandası çarter reysi Larnakadan Bakıya qayıdıb. Yunan tərəfi bunu bildiyi halda “Zirə”ni daşıyan təyyarənin səfərini Azərbaycanla Cənubi Kipr arasında birbaşa aviareyslərin başlanması kimi təqdim edərək, feyk məlumat yayıb.

Məlumdur ki, Azərbaycanın Cənubi Kiprlə nə diplomatik əlaqələri var, nə də bu diplomatik əlaqələri qurmağı planlaşdırır.

Əksinə, Azərbaycan son vaxtlar Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri daha da yaxınlaşdırmağa başlayıb.

Yunan tərəfinin məhz Azərbaycanla Şimali Kipr arasında münasibətlərə xələl gətirmək üçün bu cür ucuz üsullara əl atdığı şübhə doğurmur.

Son xəbərlər