Mina terroru Naxçıvandan da yan keçmir

post-img

Ölkəmiz erməni işğalını aradan qaldırsa da, hayların, necə deyərlər, nişanəsi olan mina problemini aradan qaldırmaq ciddi çətinliklər yaradır. Bu da səbəbsiz deyil. Çünki ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi gərgin zəhmət, uzun zaman və böyük maliyyə resursu tələb edir.

Bugünlərdə növbəti belə xoşagəlməz hadisə yaşanıb. Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş Kükü kəndinin “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb və zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib. Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinin şöbə müdiri Azər Məmmədov bildirib ki, 19 yaşlı gəncin vəziyyəti ağırdır: “Avqustun 11-də, saat 21:20-də Şərur rayonu Mahmudkənd kənd sakini Bəxtiyar Sultanov bədən nahiyəsinin müxtəlif nahiyələrində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub. Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu – açıq kəllə-beyin travması, qansızma, baş-beyinin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır”.

Dünən, həmçinin işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024–11.08.2024) məlumat açıqlanıb. ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10040 partlamamış hərbi sursat aşkarlanıb. Bildirilib ki, 1224,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Göründüyü kimi, mina partlayışı hadisələri təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilən ərazilərində deyil, eyni zamanda, bu ilin aprel ayında qəbul edilmiş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində və Naxçıvan MR-də də yaşanır. Bu isə mina təhlükəsinin miqyasının nə qədər böyük olduğu barədə aydın təsəvvür yaradır.

Məsələ ilə əlaqədar “XQ”-yə açıqlama verən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanov bildirdi ki, onlar ötən il Kanadanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir layihə həyata keçiriblər. Layihə çərçivəsində Naxçıvan MR-də də mina problemlərini araşdırıblar. Bu məqsədlə ötən ilin sonlarında Naxçıvana səfər ediblər.

Onun sözlərinə görə, son 20-25 il ərzində muxtar respublika ilə bağlı belə bir tədqiqat aparılmamışdı: “Biz Naxçıvan MR-in bütün ərazisində bu problemi araşdırdıq. Ermənistanla, həmçinin İran və Türkiyə ilə sərhəddə olan vəziyyəti monitorinq etdik. Babək, Sədərək, Şərur, Culfa və Ordubad rayonlarının rəhbərliyi ilə görüşdük. Ermənistanla bu və ya digər formada sərhəddə yerləşən Babək rayonunun Aşağı və Yuxarı Buzqov, Şərur rayonunun Şahbulaq, Aşağı və Yuxarı Yaycı, Sədərək rayonunun Heydərabad qəsəbəsində, Culfa rayonunun Ərəfsə, Ləkətağ kəndlərində olduq. Kəndlərin rəhbərləri, ictimaiyyət nümayəndələri ilə, müəllimlərlə görüşdük. Ətraflı məlumatlar aldıq. Birbaşa Ermənistanla həmsərhəd olan Ordubad rayonunun Kotam və Kilit kəndlərində məktəblərdə həm müəllimlər, həm də şagirdlər üçün mina əleyhinə maarifləndirici tədbirlər keçirdik”.

Müsahibimiz qeyd etdi ki, Naxçıvan ərazisindəki mina problemi birbaşa Ermənistanla uzun illər mövcud olmuş münaqişə səbəbindəndir. Onun sözlərinə görə, muxtar respublikada apardıqları monitorinqlər, yerli əhalidən alınan məlumatlar göstərib ki, İran və Türkiyə ilə sərhəddə nə insanlar, nə də ev və çöl heyvanları arasında mina partlayışlarına rast gəlinməyib: “Amma Ermənistanla sərhədlə bağlı bunu demək mümkün deyil. Ermənistanla sərhəddə ara-sıra partlayış halları olub. Həm ev, həm də çöl heyvanları minaya düşüblər. 2021-ci il yanvarın 4-də isə Şərur rayonunun Günnüt kəndi ərazisində mina partlayışı baş verib. Nəticədə bir mülki vətəndaş yaralanmışdı. Mən həmin şəxsi tapdım, onunla görüşdüm. Minaya düşmə səbəblərini öyrəndim. Bundan başqa həmin kəndin icma rəhbərləri ilə də görüşdük və onlarla da müəyyən müzakirələr apardıq. Avqustun 11-də baş verən də növbəti hadisədir və bir daha göstərir ki, Ermənistanla sərhəddə mina problemləri var. Bu da az öncə qeyd etdiyim kimi sırf Ermənistanla uzun illər mövcud olmuş münaqişə səbəbindən, birbaşa həmin münaqişə ilə əlaqədar olan məsələdir”.

H.Səfixanov Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasında qəbul edilmiş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində bir müddət öncə – avqust ayının 2-də baş vermiş mina partlayışı ilə bağlı da danışdı. Bildirdi ki, onlar layihə çərçivəsində bütün dövlət sərhədləri boyunca monitorinq aparıblar. Ermənistanla həmsərhəd olan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən rayonlarında olublar. Bu rayonlarda da yerli icmalarla görüşlər keçiriblər. Ermənistanla Azərbaycan arasında şərti sərhəd xəttinin ümumi uzunluğu təxminən 1007 kilometrdir. Hazırda Qazax rayonu istiqamətində müəyyən delimitasiya və demarkasiya işləri aparılır. Ancaq digər ərazilərdə bu hələ baş verməyib: “Adları çəkilən rayonlarda apardığımız monitorinqlər nəticəsində məlum oldu ki, şərti sərhədin hər iki tərəfi minalanıb. Sakinlərin bizə bildirdiyinə görə, vaxtaşırı hər iki tərəfdən mina partlayışları baş verir. Ev və çöl heyvanları, bəzən də insanlar partlayışlara məruz qalırlar. Biz sərhədin Azərbaycan tərəfində İkinci Qarabağ müharibəsindən sonra baş vermiş mina partlayışlarını qeydə alırıq. 2021-ci il mayın 11-də Gədəbəy rayonunun Əyridərə kəndi ərazisində iki mülki şəxs mina partlayışı nəticəsində yaralanıb. 2021-ci il 30 iyul və 29 avqust tarixlərində Daşkəsən rayonunun Alaxançallı kəndinin ərazisində baş vermiş iki mina partlayışı zamanı biri 11 yaşlı uşaq olmaqla iki nəfər yerli sakin həlak olmuş, bir nəfər yaralanmışdı. 2021-ci il sentyabrın 22-də Qazax rayonunun Bala Cəfərli kəndində yerli sakin mina partlayışı zamanı həlak olub. 2022-ci il aprelin 23-də yenə Qazax rayonunun Quşçu Ayrım kəndində 12 və 14 yaşlı bacı-qardaş partlamamış hərbi sursatın partlaması nəticəsində yaralanıblar. Mən həmin uşaqlarla onların valideynlərinin iştirakı ilə görüşmüşəm. 2023-cü il yanvarın 22-də Tovuz rayonunun Əlibəyli kənd sakinləri olan iki qadın öz həyətlərində yuxa bişirərkən partlamamış hərbi sursatın partlamasına məruz qalaraq yaralanıblar. 2023-cü il mayın 27-də yenə də Əlibəyli kəndində 75 yaşlı sakin həyətyanı sahəsində mal otararkən minaya düşmüş, bir ayağı amputasiya edilmişdi”.

Belə hadisələrin vaxtaşırı baş verdiyini qeyd edən H.Səfixanov mina və partlamamış hərbi sursat probleminin 3-5 günlük problem olmadığını, bunun uzun zamanımızı, maliyyə vəsaitimizi alacağını vurğuladı. Qeyd etdi ki, buna görə də həm həmin ərazilərdə yaşayan insanlar, həm də işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, orada işləyən insanlar maarifləndirmə tədbirlərində verilən təlimatlara ciddi əməl etməlidirlər: “Biz bunu hər kəslə görüşdə dönə-dönə bildiririk. Çünki başqa çıxış yolumuz da yoxdur. Rəsmi məlumatlarda qeyd edilir ki, mina və partlamamış hərbi sursat probleminin aradan qaldırılması üçün bizim 25 il vaxt lazımdır. Qüvvələr artırılmaqla bu müddət azaldıla bilər. Amma istənilən halda uzun müddət vaxtımızı alacaq”.

Müsahibimiz sonda bir daha bildirdi ki, buna görə də insanlar maarifləndirmə tədbirlərinə ciddi yanaşmalı və mina qurbanlarının sayını minimuma endirməliyik.

Səxavət HƏMİD 
XQ

 





Siyasət