Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Xarici KİV-lərdə Azərbaycan barədə dezinformasiya xarakterli məlumatların yayılması son həftələr ərzində intensivləşib. Dünən “Iran International” televiziya kanalı və “Kan” agentliyi xəbər yayıb ki, guya, İsrail öz hərbçilərinə Azərbaycan və Gürcüstan ərazisində qalmağı qadağan edib. Bundan 2 gün öncə isə “The Telegraph” nəşri HƏMAS-ın sabiq lideri İsmayıl Haniyənin öldürülməsinə yönəlik ehtimallar sırasında Azərbaycanın da adını hallandırıb. Prezident Məsud Pezeşkianın bu kontekstdə Azərbaycan barədə təhlükəli fikirlər səsləndirməsi barədə mənbəyi məlum olmayan “sitatlar”paylaşıb.
Medianın İnkişafı Agentliyi açıqlama yayaraq, bu faktları pisləyib. Xarici ölkələrin media resurslarında yayılmış son məlumatları həqiqəti əks etdirməyən informasiyalar kimi xarakterizə edib. “Iran International”, “The Telegraph” və “Kan” agentliyinin Azərbaycan barədə yaydıqları fikirlərin beynəlxalq jurnalistika standartları ilə bir araya sığmadığını, manipulyasiya xarakterli olduğunu, yerli və beynəlxalq ictimai rəyin çaşdırılmağa yönəldiyini elan edib.
Bəllidir ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Bu məzmunda dezinformasiyalar hələ 44 günlük Vətən müharibəsi dövründə gündəmə gətirilmiş və tutarlı faktlarla təkzib edilmişdi. Həmin tezisi mediaya gətirənlər bircə fakt, hansisa sübut tapmayaraq öz iddialarını geri götürmüşdülər. İndi isə yenidən aktivləşərək, fərqli bir formada təzahür edirlər.
Bu məqamda təbii sual yaranır: Azərbaycan barədə həqiqəti əks etdirməyən belə məlumatları kim və nə məqsədlə yayır? Sual mürəkkəb görünsə də, cavabı sadədir. Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda vurğulamışdı ki, Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri vardır. Regiona yönəlik ekspansiya siyasətini gücləndirən mərkəzlər müxtəlif üsullardan istifadə edərək hadisələrin təbii gedişatını dəyişmək istəyirlər.
Ermənistanda və Gürcüstanda baş verən son proseslər Prezidentin bu fikirlərini bir daha təsdiqləyir və onların aktuallığını göstərir. Amma dövlətimizin başçısı onu da vurğulamışdı ki, indi Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycan dövləti vardır. Bu gün Azərbaycan təkcə öz ərazisini və suverenliyini deyil, həm də, ümumilikdə, regionu kənar müdaxilələrdən qorumaq gücündədir.
2020-ci ildən etibarən Azərbaycanın gerçəkləşdirdiyi proseslər, hərbi və diplomatik müstəvidə qazandığı nailiyyətlər bu qənaəti daha da gücləndirir. Azərbaycanın regionda əsas söz sahibi olmasının göstəricilərindən biri insan resursları və iqtisadi inkişafdırsa, digəri də güclü ordusudur. Azərbaycan Ordusu Cənubu Qafqazın ən güclü ordusudur. Mərkəzi ofisi ABŞ-da yerləşən “Global Fire Power” təşkilatı qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri nəinki Cənubi Qafqazın, həm də dünyanın ən güclü orduları sırasında yer alır. Təşkilat 2024-cü il üzrə hesabatını hərbi bölmələrin sayı, maliyyə, logistika imkanları və digər 60 göstəricisi əsasında hazırlayıb. Həmin siyahıda Azərbaycan 59-cu, Gürcüstan
84-cü, Ermənistan isə 102-ci yerdə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz ordusunun gücünə görə həm Ermənistandan və Gürcüstandan, həm də dünyanın bir sıra tanınmış dövlətlərindən öndədir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu digər ölkələrlə müqayisədə təkcə müasir texniki təminatı, say və logistik imkanları ilə deyil, həm də praktiki döyüş bacarıqları ilə fərqlənir. Təsadüfi deyil ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsini ordumuz ən modern yeniliklərlə həyata keçirib. Minimal itkilər, sürətli hərəkət və böyük qələbələr Vətən müharibəsini xarakterizə edən əsas əlamətlərdir. Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərini də eyni səriştə ilə başa vurdu. Sürətli manevrlər, güclü həmlələr qarşısında separatçılar və onların havadarları cəmi bir sutka ərzində darmadağın edildilər.
Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri zamanı təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə və informasiya savaşında ciddi nailiyyətlər qazanıb. Məsələn, 44 günlük müharibə dönəmində və ondan sonra Fransa Azərbaycana qarşı diplomatik savaş açıb, təsir dairəsində olan KİV qurumlarını, transmilli media subyektlərini qarayaxma kampaniyasına cəlb edib. Bu vasitə ilə qlobal ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışıb. Fransa, təmsil olunduğu beynəlxalq platformalarda da qondarma müzakirələr açıb, ölkəmizin adına kölgə yaxmaq istəyib.
Amma Azərbaycan bu və buna bənzər bütün fitnələri iflasa uğratdı. Uzun müddət ərzində aparılan müstəqil və balanslı xarici siyasət kursu öz bəhrəsini verdi. Ölkəmiz dünyanın bütün qitələrində, fərqli qütblərdə yerləşən tərəqqipərvər dövlətlərdən dəstək alaraq haqq işini tamamlaya bildi.
Son 4 ildə baş verən proseslər Azərbaycanın adını region hüdudlarından kənara çıxan, “orta güc” kateqoriyasına daxil olan ölkə kimi tanıdıb. Çox mühüm geopolitik proseslər mövcuddur ki, Azərbaycan orada açar nöqtələrdən biridir. Geopolitik güc mərkəzlərinin Cənubi Qafqaz və ətraf regionlar üzrə layihələrinin taleyi həm də ölkəmizin iradəsindən asılıdır. Azərbaycan iqtidarı bu amilləri üstünlüyə çevirə bilir.
Görünən budur ki, bəlli mərkəzlər Azərbaycanın nailiyyətlərini hələ də həzm edə bilmirlər. Bu gün də saxta, süni informasiyalar yaymaqla, ölkəmizin adına qara yaxmağa çalışırlar. Amma yuxarıda təsvir etdiklərimiz deməyə əsas yaradır ki, onların səyləri əbəsdir, bütün planları iflasa məhkumdur.