Azərbaycan Respublikasında elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının təşəbbüsü ilə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.
Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, eləcə də bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq olub.
İşğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində nümayəndə heyəti Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub. Ərazilərin təmizlənməsi metodologiyaları, minaaxtaranın istifadə etdiyi alət və avadanlıqlar, mina və partlamamış hərbi sursatların nümunələri nümayiş olunub, mina probleminin miqyası, insanların sağlamlığına, yaşam mühitinə yaratdığı təhlükə, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə ərtaflı məlumat verilib. Bildirilib ki, minatəmizləmə prosesi Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Sonda nümayəndə heyəti aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Şuşada Cıdır Düzü, İsa bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa məscidi, eləcə də Xankəndi şəhərini ziyarət edib.
Müşfiq MİRZƏ
XQ