İranın “qırmızı xətt”i

post-img

Sobhani və Varameninin dediklərinə sözardı

Məlumdur ki, İranın Ermənistanla bağlı “qırmızı xətt” ritorikası var idi. Ötən il İslam Respublikasının müvafiq rəsmiləri, az qala, əllərinə düşən hər tribunada bildirirdilər ki, Tehran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini özü üçün həyati əhəmiyyətli sayır. İndi İran “qırmızı xətti”ni yenidən yada salıb. Görəsən, üzərindən bir il keçdikdən sonra, Tehranın sözügedən ritorikaya qayıdışı nə ilə bağlıdır? Yazımızda suala cavab tapmağa çalışacaq və bəzi məqamlara toxunacağıq. Ancaq əvvəlcə qısa arayış verək.

Deməli, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsində Ermənistanın sərhədləri nəzərə alınmalıdır. “Bizim blokadanın aradan qaldırılması ilə bağlı mövqeyimiz çox aydındır. Onun aradan qaldırılmasının tərəfdarıyıq. Amma bu, Ermənistanın suverenliyi ilə olmalıdır. Aydındır ki, blokadanın aradan qaldırılması baş versə, nəticədə nəqliyyat əlaqələri güclənəcək. Ancaq bununla bağlı qarşılıqlı anlaşma olmalıdır”.

Qeyd edək ki, M.Sobhaninin fikirlərini bir qədər fərqli formada İranın Qafandakı konsulu Morteza Abedi Varameni də təkrarlayıb. “Strategiya çox aydındır. İki-üç həftə əvvəl cənab Paşinyan İrana səfər etdi. İranın ruhani lideri ilə görüşdü və bu mövzu yenidən müzakirə olundu. İran bir daha öz strategiyasını vurğuladı və bütün sözlərimiz həmişə eynidir”, – deyən konsul da İranın Zəngəzurla bağlı “qırmızı xət”lərinin dəyişməz qaldığını bir daha təsdiqlədi.

Bəli, İran rəsmilərinin, demək olar, eyni anda oxşar bəyanatlar səsləndirmələri düşündürücüdür. Həm də ona görə düşündürücüdür ki, Azərbaycan və Ermənistan nəqliyyat kommunikasiyalarının açılmasını sülh paketindən kənarda saxlamaq barədə razılığa gəliblər. Yəni, belə qənaətə gəlmək mümkündür ki, əvvəl barış sazişi imzalanacaq, sonra tərəflər haqqında söz açılan məsələni müzakirəyə çıxaracaqlar. Xaricdəki müəyyən ekspert dairələrinin açıqlamalarından əldə olunan qənaət isə bunu deməyə əsas verir ki, kollektiv Qərb belə qoyuluşla razı deyil və razılığın olmayacağı  proqnozlaşdırılırdı. İzah edək nəyə görə?

ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bu ilin iyununda Ermənistana, ardınca Azərbaycana səfərləri kontekstində bildirmişdi ki, Bakı və İrəvan arasındakı sülh sazişi nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məntiqini əsas götürməlidir. Köməkçi məsələni Cənubi Qafqaz regionunun Rusiyadan asılılığının aradan qaldırılmasına töhfə kimi qiymətləndirmişdi. O, eyni zamanda, ölkəsinin Moskvanı bölgədən uzaqlaşdırmaq niyyətini də ortaya qoymuşdu.

C.O'Braynın fikirləri onu deməyə əsas verirdi ki, ABŞ Azərbaycan–Ermənistan sülh sazişini geosiyasi rəqabət aləti qismində təsəvvürə gətirir. Buna görə də Bakı və İrəvan nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını barış müqaviləsindən sonraya saxlamaq barədə razılığa gəldikdə, aydın idi ki, məsələ Qərb üçün sərfəli sayılmayacaq. Xaricdəki ekspert dairələrinin reaksiyası da deyimin təsdiqi idi. Həmin dairələr mövzunu gündəmdə saxlamaq üçün müxtəlif mülahizələr irəli sürdülər. Hiss olunur ki, onlar Ermənistanın ərazi bütövlüyü və suverenliyi ritorikasını, bir növ, ilahiləşdirməklə, habelə İrəvanın irəli sürdüyü “Dünyanın kəsişməsi” ideyasına dəstəklərini ifadə etməklə, Paşinyan administrasiyasının mövqeyinə təsir göstərmək niyyətindədirlər. Çalışırlar ki, nəqliyyat kommunikasiyalarının açılması gündəmdə qalsın. Daha doğrusu, mövcud xüsusda Ermənistanda müqavimət güclənsin. Beləliklə, bu istiqamətdə Bakıya beynəlxalq təzyiq də aktuallığını qorusun. İndi İran rəsmilərinin, xüsusən İrəvandakı səfir M.Sobhaninin açıqlamasından qəribə nəticə hasil olur. Yəni, İran Ermənistan məsələsində Qərblə əlbirdirmi?

Yaşadığımız Cənubi Qafqaz regionunda mürəkkəb siyasi semantikanın mövcudluğu reallığını nəzərə alsaq, Tehranın Qərblə eyni mövqeni bölüşməsində təəccüblü bir şey yoxdur. Amma ilk baxışdan. Çünki hadisələrin sonrakı axarının İran üçün əlverişli olacağı real görünmür. Axı həmin Qərb idi ki, ötən il C.O'Braynın şəxsində Azərbaycanın, Ermənistanın şərtləri qəbul etməycəyi təqdirdə, Naxçıvana yol xüsusunda İran ərazisini əsas götürməsini süngü ilə qarşılamışdı. Dövlət Departamentinin rəsmisi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında keçirilmiş dinləmələr zamanı Naxçıvana yolun mütləq qaydada Ermənistandan keçməli olduğunu vurğulamış və məsələyə anti-İran ovqatı gətirmişdi. Hiss olunmuşdi ki, Vaşinqton, heç bir halda, Tehranın qlobal nəqliyyat dəhlizində yer alaraq, mənfəət götürməsini istəmir. Görəsən, Qərbin, xüsusən də ABŞ-nin mövqeyində hansısa dəyişikliyin baş verməsinə dair təminat varmı? Ümumən, belə bir təminata etibar etmək olarmı? Kim deyə bilər ki, Qərb İranı parçalamaq niyyətindən geri duracaq? Sual ritorikdir, çünki cavabı bəllidir. Qərb dünyası İrana düşmən münasibətdədir və Rusiya ilə yanaşı, onu da məhv etmək planlarından bir an belə geri durmayacaq. 

Ermənistanın isə Qərbin mənafeləri naminə hərəkət etdiyi gün kimi aydındır. Rəsmi İrəvan İranın da dəstəklədiyi “region region ölkələri üçündür” şüarını inkar yolu tutur. Onun bütün hərəkət və davranışlarının qayəsində məhz bu istək dayanır. Ermənistan hazırda Qərbin anti-Rusiya, həm də anti-İran cəbhəsinin aktoru rolunda çıxış edir və mövcud istiqamətdəki sifarişləri canla-başla yerinə yetirir. Belə olan halda da İslam Respublikasının Ermənistanın ərazi bütövlüyü və suverenliyi klişesini əsas götürməsi anlaşılan deyil, hətta gülməlidir. Tehranın hansısa təminatı varmı ki, İrəvan gələcəkdə Qərbin təhriki ilə ona əks mövqe tutmayacaq? Görəsən, İran Ermənistan ərazisindən istifadə etdiyi ənənəvi kommunikasiya xəttini qoruyub saxlaya biləcəyinə əmindirmi?

Digər tərəfdən, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxmır. Ölkəmiz, sadəcə, İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb edir. O bəyanatı ki, 44 günlük müharibənin Ermənistan üçün acınacaqlı sayılacaq yekunlarını təsdiqləmişdi. Deməli, İrəvan müharibə məğlubu kimi davranmalıdır. O, xaricdəki havadarlarının köməyilə bundan boyun qaçırırsa, “Dünyanın kəsişməsi” və sair bu sayaq ideyalarla Azərbaycana qarşı çıxırsa, İran durumun mürəkkəbliyini nəzərə almalıdır. Nəzərə almalıdır ki, Bakı otuz ilə yaxın müddətdə Qərbin anti-İran köklənişində yer almadı. Ən çətin durumlarda İranla tarixi yaxınlığı prioritet saydı. Ermənistan bunu edərdimi? Əsla yox!

İran onu da nəzərə almalıdır ki, Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmalıdır. Yəni, yolda Ermənistanın hansısa gömrük və sərhəd nəzarəti tətbiq edilə bilməz. Çünki buna imkan vermək erməni avantürizminə dividend qazandırmaq deməkdir. O avantürizm üçün ki, qonşularına qarşı ərazi iddiası məntiqini əsas götürür və belə yanaşma regional təhlükəsizliyə ciddi təhdiddir. Bu təhdid olacağı təqdirdə, İranın bir dövlət kimi üstündə əsdiyi “qırmızı xət”lərin zərər görməyəcəyini söyləmək mümkünsüzdür. 

Deməli, rəsmi Tehran istər M.Sobhaninin, istərsə də konsul Morteza Abedi Varameninin səsləndirdiyi fikirlərin ciddilik amplitudasına aydınlıq gətirməlidir. İran hansı cəbhədə yer aldığını qəti şəkildə müəyyənləşdirməlidir. Özü də bunu nə qədər tez etsə, bir o qədər yaxşıdır. İndiki vəziyyətdə adları çəkilən şəxslərin Ermənistanı gəlişigözəl ifadələrə qonaq etmələri, Paşinyan və komandasının illüziya bataqlığındakı yerini bir qədər də möhkəmləndirir. Yəni, Ermənistan heç bir halda blokadadan qurtulmur. Üstəlik, Cənubi Qafqazda dayanıqlı və etibarlı sülh mühitinin formalaşmasına əngəl yaranır. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət