Seçki xəbərləri

post-img

Zabuxda hazırlıq prosesi tamamlanıb

“121 saylı Laçın dairə seçki komissiyasının 108 saylı seçki məntəqəsi bütün ləvazimatlarla təchiz edilib”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 121 saylı Laçın DSK-nın 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib. 

Onun sözlərinə görə, Zabuxda yerləşən məntəqədə səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri və müşahidəçilər üçün yerlər ayrılıb: “Səsvermə kabinəsinə zəruri əşyalar qoyulub. Seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə, eyni zamanda MSK-nın təqvim planına əsasən, proses uğurla davam edir. Bütün prosedurlara tam əməl edərək seçki gününü gözləyirik”.

24 saylı seçki dairəsində treninqlərə start verilib

Milli Məclisə seçkilər ilə əlaqədar avqustun 12-də 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, treninqdə çıxış edən dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov  seçkilərdə şəffaflığın və aşkarlığın təminatı üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını, onların zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır.

“Exit-poll”çuların akkreditasiyası başa çatıb

Milli Məclis seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya sənədlərinin qəbul müddəti başa çatıb. “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatların MSK-da akkreditasiya üçün sənədləri səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir. Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq, həmin prosedur 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edib.

1 saylı Şərur–Sədərək dairəsində 50 məntəqə var

“1 saylı Şərur-Sədərək seçki dairəsi 50 seçki məntəqəsini əhatə edir. Bu seçki məntəqələrinin 40-ı Şərur rayonunun, 10-u isə Sədərək rayonunun inzibati ərazisinə daxildir”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 1 saylı Şərur-Sədərək dairə seçki komissiyasının sədri Niyaz Əsgərov deyib. Seçki məntəqələrinin yerdəyişməsindən danışan komissiya sədri onlara əlavə 4 məntəqənin verildiyini deyib: “Ötən seçkilərdə məntəqələrimizin sayı 46 idisə, artıq 4 yeni məntəqə yaradılmaqla 50-yə çatdırılıb. Yeni məntəqələr Şərurun Kərimbəyli, Alışar, Mahmud və Yengicə kəndlərində yerləşir.

Namizədlərə bərabər şərait yaradılıb

“64 saylı Salyan seçki dairəsi sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinə tam hazırdır. Dairə üzrə mövcud olan 48 seçki məntəqəsi lazımi avadanlıqla ­təchiz olunub, veb-kameralar və panduslar quraşdırılıb”. Bunu Salyan DSK-nın sədri Fuad Muradov deyib. 

O bildirib ki, DSK üzvləri MSK-nın aşağı seçki komissiyaları üçün təşkil etdiyi treninqlərdə iştirak edirlər. Məntəqə seçki komissiyaları üzvlərinin də treninqlərdə iştirakı nəzərdə tutulur. “Dairədə 9 namizəd seçkidə mübarizə aparacaq. Hər bir namizədin təşviqat kampaniyasını aparması üçün bərabər şərait yaradılıb”, – DSK sədri bildirib.









Son xəbərlər