Ölkə “kül olmağa” doğru gedir
“Avropa İttifaqına və Avropa İttifaqına üzv dövlətlərə Avropa sülh aləti çərçivəsində Ermənistana yardım göstərmək qərarına görə minnətdarlığımı bildirirəm”. Bu fikirlər Ermənistanın müdafiə naziri Suren Papikyana məxsusdur. O, özünün “X” sosial şəbəkəsindəki hesabında, eyni zamanda, yazıb ki, Aİ ilə qarşılıqlı etimada və ümumi maraqlara əsaslanan əməkdaşlığın nəticəsi ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib. Nazir hazırkı yardımın gələcəkdə quruma üzv olan tərəfdaş dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini də ifadə edib.
Bəli, S.Papikyanın sevinci boş yerə deyil. Məsələ ondadır ki, Aİ ilə yanaşı, ABŞ da Ermənistanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi oyununda iştirak edir. Məlum olduğu kimi, Birləşmiş Ştatların Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda erməni hərbi birləşmələrində konsultativ dəstəyə başlamaq niyyətindədir. Qlobal Müdafiə İslahatları Proqramı üzrə Ermənistana göndəriləcək müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə yardım göstərəcəkmiş. ABŞ-ın Ermənistandakı səfirliyi məsələni belə izah edib: “Birləşmiş Ştatların Dövlət Departamentinin Qlobal Müdafiə İslahatları Proqramı strateji səviyyəli məsləhət dəstəyi ilə dünya üzrə tərəfdaş ölkələrə daha möhkəm, effektiv və hesabatlı təhlükəsizlik institutları qurmağa kömək göstərir”.
Bundan başqa, birgə erməni-amerikan təlimləri çərçivəsində mindən çox ABŞ hərbçisinin Ermənistana gəldiyi bildirilir. Hazırda məsələ ilə bağlı müxtəlif versiyalar var. Onlardan biri budur ki, Amerika hərbçiləri erməni həmkarlarına kütləvi iğtişaşlar kontekstində fəaliyyət metodlarını öyrədirlər. Yəni, bir növ, polisin görməli olduğu iş barədə təlimat verirlər. Vurğulanır ki, Ermənistan polisinin iyunun 12-dəki iğtişaşlar zamanı etdiyi hərəkətlər bu strukturun sabitsizliyi reallığını ortaya qoydu. Çünki qeyri-mütənasib güc tətbiqinə baxmayaraq, etirazçılar sıradan çıxarılmadı. Nümayişlərin vüsət alacağı təqdirdə vəziyyətin nəzarətdən çıxma ehtimalı böyükdür. Bütün bunlar isə ABŞ-da narahatlıq yaradır və Ağ ev baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş 2018-ci il inqilabının nəticələrini qorumağa çalışır.
Digər versiya da diqqətə çatdırdığımız fikrin təsdiqidir. Bəzi erməni siyasilər bildirirlər ki, ölkələrindəki iqtidar bu ilin sentyabrında etirazlara səbəb ola biləcək müəyyən addımlar atmaq niyyətindədir. Söhbət Azərbaycana güzəştlərdən və qeyri-bərabər sülh müqaviləsinin imzalanmasından gedir. Deyilənə görə, həm hakimiyyət, həm də ABŞ erməni cəmiyyətinin duruma dözməyəcəyini bilir. Bu səbəbdən vəziyyətin nəzarətdən çıxmamasına çalışır.
Əlbəttə, belə versiyaların gündəmə gətirilməsi əsl məqsədi pərdələmək niyyəti güdür. Çünki suallar var. Necə oldu ki, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə Fransadan gəlmiş və içi hərbi yardım dolu təyyarənin İrəvana enməsi üst-üstə düşdü? Üstəlik, Ermənistan son dəfə Kəlbəcər istiqamətində Azərbaycanın mövqelərini Qərbin verdiyi yeni silahlardan atəşə tutduğuna dair bilgilər var. Bununla əlaqədar məlumatı “Minval.az” saytı mötəbər mənbələrdən əldə edib.
Məsələ burasındadır ki, Ermənistan son bir ildə ilk dəfə olaraq atəşkəsi pozarkən ağır silahlardan yararlanıb. Üstəlik, bu, ABŞ, Fransa və Avropa İttifaqını təmsil edən hərbi müşavirlərin iştirakı ilə həyata keçirilib. Düşünmək mümkündür ki, onlar Ermənistana verilmiş öldürücü silahları döyüş şəraitində sınaqdan keçirmək qərarına gəliblər. Həmçinin, Azərbaycan Ordusunun atəşə necə reaksiya verəcəyini öyrənmək istəyiblər.
Bundan başqa, ABŞ və Fransanın Ermənistan silahlı qüvvələrinə təqdim etdiyi snayper tüfənglərinin Azərbaycan hərbçilərinə qarşı real döyüş şəraitində istifadəsi barədə məlumatlar var. Atəş mövqeyinin seçilməsi, atəş açdıqdan sonra geri çəkilmək, yalançı atəş nöqtələri quraşdırmaq, atəşdən dərhal sonra rabitə və digər vasitələrdən istifadə edərək kəşfiyyat aparmaq və bir çox digər tapşırıqlar – bütün bunlar NATO ölkələrinin hərbi standartlara uyğun olaraq həyata keçirilir.
Belə qənaətə gəlirik ki, Ermənistan rəsmilərinin Azərbaycanla sülh gündəliyinə sadiq olduqlarını bildirmələri mənasızdır. Bütün bunlardan sonra Qərb dairələri də Cənubi Qafqazda sülhdən danışır və bəyan edirlər ki, Bakı və İrəvan sülhə yaxındırlar və sair və ilaxır. Reallıq ondadır ki, Qərbdəki müəyyən qüvvələr ölkəmizi Ermənistana sərfəli sülhə razı salmaq niyyətindədirlər. Hər halda son günlər intensivləşən hərbi əməkdaşlıqlar fonunda Ermənistanın müdafiə qabiliyyətinin artırılması şousu başqa cür düşünməyə əsas vermir.
Deməli, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi. Əlbəttə, deyə bilməzlər ki, ölkəyə hərbi dəstək verməklə Cənubi Qafqazda qüvvələr nisbəti arasında balans yaratmağa çalışırlar. Onu da bildirməzlər ki, Ermənistanı möhkəmləndirib ondan Azərbaycana təzyiq vasitəsi kimi yararlanmaq niyyətindədirlər. Bunu heç dilə gətirməzlər ki, Cənubi Qafqazda geosiyasi münaqişə formalaşdırmaq məqsədi güdürlər və İrəvanı alət qismində ortaya atırlar.
Sonda onu da deyək ki, Ermənistana hərbi dəstək ritorikasının mövcudluğu ölkənin düşdüyü illüziya bataqlığındakı yerini bir qədər də möhkəmləndirir. Bu bataqlıq ölkənin başbilənlərinin normal düşünmələrinə imkan vermir. Rəsmi İrəvan nəzərə almalıdır ki, indiyədək Azərbaycana yönəlmiş bütün anti-sülh davranışları heç bir nəticə verməyib. Bakı mövqeyindən geri çəkilməyib.
Anti-Azərbaycan fəaliyyətinin yekununda həmişə uğursuzluqla üzləşən Ermənistan itirə-itirə gedir. Ancaq belə görünür, indi durum fərqlidir. İrəvan özünü geosiyasi qazanın içinə salıb. Elə bir qazan ki, onun altındakı alov Ermənistanı nəinki yandıra, hətta külə də çevirə bilər. Rəsmi İrəvan durumun fərqində deyil və anlamır ki, Azərbaycanla barışa gəlməkdən başqa çarəsi yoxdur.
Ə.CAHANGİROĞLU
XQ