“Yaşıl enerji”yə keçid kimi xarakterizə olunan qlobal enerji siyasəti xüsusi aktuallığı ilə diqqət çəkir. Artıq dünyanın əksər qabaqcıl ölkələrində mədən yanacağından tədricən “yaşıl enerji”yə keçid edilir.
Bu məqsədlə ən müasir texnologiyaların tətbiqi ilə mövcud potensial hərəkətə gətirilir, alternativ və bərpaolunan enerji istehsalına mühüm önəm verilir. Bərpaolunan enerji texnologiyalarının tətbiqi ilə “yaşıl enerji”yə keçid isə öz növbəsində dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəflərinə çatmağı sürətləndirir.
Elə Dünya İqtisadi Forumunun son hesabatlarında da planetimizin bu sahədəki potensialı yüksək qiymətləndirilir, günəş və külək enerjisi istehsalının həcminin karbohidrogen əsaslı elektrik enerjisi istehsalı ilə müqayisədə ilbəil artdığı vurğulanır. Xatırladaq ki, dünyada ekoloji cəhətdən təmiz “yaşıl enerji”yə keçidi sürətləndirən amillər sırasında texnologiyanın inkişafı və qiymətin ucuzlaşması mühüm yer tutur. Digər tərəfədən, son illər “yaşıl enerji” istehsalına qoyulan özəl sərmayələrdə də artım müşahidə olunur. Bu baxımdan Beynəlxalq Enerji Agentliyinin son açıqlamalarında bərpaolunan enerji mənbələri üzrə investisiyaların ilbəil artdığı qeyd edilir.
Məlum olduğu kimi, Azərbaycan da bərpaolunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Belə ki, araşdırmalara əsasən, ölkəmizin “yaşıl” mənbələri üzrə potensialı təqribən 27,5 min meqavat həcmində qiymətləndirilir. Bunun da 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Artıq bu potensialın hərəkətə gətirilməsi üçün dünyanın bir sıra dövlətləri ilə müvafiq danışıqlar aparılır, tanınmış şirkətlər ölkəmizə dəvət olunur. Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusən də bu ölkənin bərpaolunan enerji sahəsində dünyaca məşhur “Masdar” şirkəti ilə əməkdaşlıq bu baxımdan diqqət çəkir...
Azərbaycanın Şərqdə mötəbər tərəfdaşı
“Masdar” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr haqqında söhbət açmazdan əvvəl onun ölkəmizdə fəaliyyət göstərmək istəyinin təsadüfi olmadığını qeyd etmək istərdik. Bunun üçün şirkətin Bakıya ilk gəlişində, paytaxtımızda yeni ofisinin açılışı mərasimində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi nümayəndələrinin, həmçinin qurumun rəhbər şəxslərinin çıxışlarından bəzi məqamları xatırlatmaq yerinə düşərdi:
– Azərbaycanda varlığımızı genişləndirmək və burada bərpaolunan enerjinin inkişafına dəstəyimizi gücləndirmək üçün biz Bakıya gələrək burada da dünya səviyyəli layihələri davam etdirmək istəyirik;
– BƏƏ və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, sabitlik və inkişaf üçün bərpaolunan enerjiyə sərmayə qoymağın vacibliyini dərk edir, eləcə də bütün dünyada karbonsuzlaşma və davamlı inkişafı dəstəkləməyə sadiqlik nümayiş etdirməyi qarşıya mühüm məqsəd kimi qoyuruq;
– “Masdar”ın Azərbaycanda fəaliyyətə başlaması bu ölkədə bərpaolunan enerjiyə artan diqqətin və Azərbaycanın elan etdiyi enerji keçidi hədəfi – “yaşıl enerji”nin 2030-cu ildə payının 30 faizə çatdırılması öhdəliyi ilə yanaşı, şirkətin bərpaolunan enerji sahəsində qlobal portfelinin 100 qiqavata çatdırlması strategiyasıdır;
– Azərbaycanın zəngin bərpaolunan enerji potensialının inkişaf etdirilməsi strateji prioritetdir və “Masdar" kimi tərəfdaşlarla işləmək bu ölkə üçün daha parlaq, daha davamlı gələcək yaratmağa kömək edir.
Xatırladaq ki, “Masdar” bərpaolunan enerjinin istehsalı, külək və günəş elektrik stansiyalarının, geotermal, tullantıdan-enerjiyə və “yaşıl” hidrogen layihələrinin idarə edilməsi sahələrində fəaliyyət göstərən BƏƏ-nin nüfuzlu şirkətidir. Qurum son illər ərzində təmiz enerji tutumunu və CO2-nin yerdəyişməsini təxminən iki dəfə artırıb. Bununla da, 2030-cu ilə qədər dünyanın ən böyük bərpaolunan enerji şirkətlərindən biri olmaq ambisiyasını yerinə yetirmək yolunda uğurlu addımlar atıb.
“Masdar” son illərdə Azərbaycan, Özbəkistan, Misir, İordaniya, Qırğızıstan, Türkmənistan və Tanzaniya da daxil olmaqla yeni və mövcud bazarlarda bir sıra mühüm müqavilələr imzalayıb. Yaxın Şərqdə ilk kommersiya miqyaslı tullantıdan enerji əldə edilməsi layihəsi olan “Sharjah: Tullantıdan enerjiyə” təşəbbüsünü gerçəkləşdirib və dünyanın ən böyük günəş enerji mənbəyi olan “Al Dhafra” Günəş Fotovoltaik (PV) Müstəqil Enerji İstehsalçısı Layihəsi üzərində işləri davam etdirib.
“Masdar” bu dövrdə borc kapitalı bazarlarında “yaşı istiqraz”ların emitentli planları da daxil olmaqla bütün gələcək maliyyə fəaliyyətlərini istiqamətləndirmək, habelə davamlılıq və ən yaxşı maliyyə sənayesi təcrübələri ilə uyğunlaşmaya əhəmiyyətli töhfə vermək məqsədilə “Yaşıl maliyyə çərçivəsi”ni də işləyib hazırlayıb. Nəhayət, şirkət səmərəli fəaliyyəti ilə dünyanın ən böyük bərpaolunan enerji investorlarından və enerji keçidinin aparıcılarından biri kimi tanınıb.
Şirkət təmiz enerji hədəflərinə nail olmaq, həmçinin qabaqcıl texnologiyalara uyğun bərpaolunan enerji sektorunun artımını sürətləndirmək məqsədilə 2019-cü ildən etibarən Azərbaycanda hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlığa başlayıb. Qısa bir müddətdə respublikamızın təmiz enerji sektorunun inkişafına artan marağını hədəfləyən layihələrin icrasını diqqətdə saxlayıb. Təbii ki, Azərbaycan da “Masdar”ın bu fəaliyyətini dəstəkləyib. Bu, həm də onunla bağlı olub ki, ölkəmiz iqtisadiyyatını şaxələndirməsini və istixana qazı emissiyalarını azaltmağı qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, Azərbaycan hökuməti ölkədə iqtisadi inkişafı təşviq etmək və “yaşıl enerji”nin istehsalçısı və ixracatçısı kimi mövqeyini möhkəmlətmək məqsədilə strateji prioritet kimi bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verib.
Qeyd edək ki, ötən il yanvarın 15-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə “Masdar” şirkəti arasında 2 qiqavat gücündə dənizdə külək və hidrogen layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 qiqavat gücündə Günəş Fotovoltaik və 1 qiqavat gücündə quruda külək layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.
Yeri gəlmişkən, bu ilin iyun ayında Energetika Nazirliyində nazir Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. Görüşdə “Masdar” şirkəti ilə quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 1000 meqavat gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi dəyərləndirilib.
Görüşün yekununda Energetika Nazirliyi və ”AzərEnerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 meqavat gücündə Biləsuvar, 315 meqavat gücündə Neftçala günəş elektrik stansiyaları və 240 meqavat gücündə Abşeron–Qaradağ külək elektrik stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb. Müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Məhəmməd Cəmil Əl-Ramahi imzalayıb.
Qarabağ və Şərqi Zəngəzur günəşdən enerji alacaq
Xatırladaq ki, 2022-ci il martın 15-də “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb. Energetika Nazirliyi ilə “Masdar” arasında imzalanan “Dənizdə inteqrasiya edilmiş bərpaolunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunda Azərbaycanda bərpaolunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanları öz ifadəsini tapıb.
Energetika Nazirliyi ilə şirkət arasında imzalanan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunda isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanları müəyyən edilib. Sənəddə “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını adıçəkilən nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyəti qərara alınıb. Hər iki memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitənin yaradılması nəzərdə tutulub.
Şuşa şəhərində 2022-ci il iyunun 4-də imzalanan iki müqavilə isə quruda ümumi qoyuluş gücü 2 qiqavat olan külək-günəş enerjisi və dənizdə 2 qiqavat olan külək və “yaşıl” hidrogen layihələri üzrə İcra Müqavilələri çərçivəsində istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının müfəssəl araşdırılması, şəbəkənin gücləndirilməsi üzrə lazımi tədbirlərin görülməsi, həmçinin elektrik enerjisinin və “yaşıl” hidrogenin ixracı məqsədilə müvafiq araşdırmaların və tətqiqatların aparılması nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər tərəfindən AzərEnerji, SOCAR və BOEMDA mütəxəssisləri ilə birlikdə keçirilir.
Dəmir yollarında “yaşıl” əməkdaşlıq
2022-ci il martın 15-də Gülüstan sarayında keçirilən 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində BƏƏ-nin “Masdar” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında “Bərpaolunan enerji və enerji səmərələliyi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflərin dəmir yolu sektorunda bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının araşdırılması niyyətini rəsmiləşdirmək və inteqrasiya edilmiş enerji səmərəliliyi proqramını həyata keçirmək olub.
Əməkdaşlığın əsasını “Masdar” şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC ilə koordinasiya və tərəfdaşlıq əsasında Azərbaycan dəmir yolları sektorunda bərpaolunan və təmiz enerji layihələrinin (günəş və külək enerjisi) potensial inkişafının araşdırılması, texniki və kommersiya cəhətdən mümkün olan bərpaolunan enerji layihələrinin müəyyən edilməsi təşkil edəcək.
Tullantı enerji mənbəyidir…
2022-ci il martın 15-də “Masdar” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC arasında “Tullantıdan enerji” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə tullantıların utilizasiyası zamanı enerji istehsal edilməsi təşəbbüsünün gerçəkləşdirilməsi qarşıya əsas məqsəd qoyulub. “Masdar” şirkətinin AİŞ ilə apardığı ilkin təhlil əsasında tikintisi qərb regionunda (Gəncə–Şəmkir) nəzərdə tutulmuş zavodun emal gücü (tullantıların utilizasiyası) ildə 300 min ton ehtimal olunur.
Yeri gəlmişkən, iyulun 12-də Gəncə Şəhər İcra Hakimiyyətində AİŞ və dünyanın bərpaolunan enerji sahəsində ən sürətlə inkişaf edən şirkətlərindən olan Emirates to Veyst Enerji və “Masdar”ın nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə “Tullantılardan enerjiyə” layihəsi çərçivəsində Qərb bölgəsində eyniadlı zavodun tikilməsinin planlaşdırıldığı qeyd edilib. Müəssisədə 11 inzibati rayon və şəhərdən olan illik 300 min ton tullantıların utilizasiyasının həyata keçirilməsi və ildə 108 min mV/saat enerjinin istehsal edilməsi nəzərdə tutulub.
Beləliklə, “Masdar”ın Azərbaycanla birgə həyata keçirdiyi layihələr respublikamızın Avropanın enerji təminatında etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir və tərəflər arasında imzalanan anlaşma memorandumları da ölkəmizin qarşı tərəfə həm elektrik enerjisi, həm də “yaşıl” hidogen ixrac etmək məqsədini şərtləndirir...
Qaradağda GES – ilk birgə uğurlu addım
“Masdar” şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətinin nəticəsi olan “Qaradağ” Günəş Elektrik Stansiyasının iş rejimi, qurğunun ölkəmizin enerji sisteminə verdiyi töhfələrlə yaxından tanış olmaq məqsədilə əraziyə baş çəkirik. Qızmar iyul günəşinin cansıxıcı şüalarının təsirindən yer-göy sanki od tutub yanır. Buna rəğmən insan ağlının zəkası ilə bu bomboz çöllərdə yaradılmış elektrik stansiyası isti, bürkülü havanın gətirdiyi narahatlığı bir qədər unudur. Ətrafa nəzər yetirdikcə geniş bir ərazidə sıralanmış günəş panelləri göz oxşayır. Qobustan qəsəbəsindən 15–16 kilometr aralıda, bomboz təpəliklərlə əhatə olunmuş çöllərin ortasında geniş bir ərazidə inşa olunmuş bu heyrətamiz qurğu energetiklərin yaratdıqları çoxsaylı xariqələrin daha bir nümunəsidir.
Stansiyanın həyətində bizi Masdar şirkətinin Azərbaycan üzrə ölkə meneceri və “Masdar–Azərbaycan” şirkətinin direktoru Murad Sadıxov qarşılayır. O bizi ərazidə yaradılmış mərkəzi idarəetmə binasına dəvət edir. Birmərtəbəli, ən müasir texnologiyalarla təchiz olunmuş binada stansiyanın idarə olunması üçün hər cür şərait yaradılıb. Belə bir stansiyada ən azından yüzlərlə işçinin: mühəndis, texnik, opreator və digər peşə sahiblərinin çalışdığını zənn etsək də, ilk baxışdan gördüklərimiz bizi heyrətləndirir. Mərkəzi idarəetmə otağında dispetçer pultu arxasında oturan 3 nəfər operator gərgin iş rejimində çalışır. Öyrənirik ki, stansiyanın cəmi 24 nəfər işçisi var. Ümumilikdə, hazırda stansiya tam olaraq yerli mütəxəssislər tərəfindən idarə olunur. Açığı, bu qədər işçi qüvvəsi ilə belə nəhəng, iri bir ərazini əhatə edən elektrik stansiyasının idarə edilməsini təsəvvür etmək çətin olsa da, bu, reallıqdır. Çünki burada enerjinin istehsalından tutmuş, onun nəqlinədək olan bütün proseslər tam avtomatlaşdırılıb. Bu barədə bir qədər sonra.
“Masdar–Azərbaycan” şirkətinin direktoru Murad Sadıxov Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri dostluq və əməkdaşlıq münasibətlərinin təcəssümü olan “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) layihəsinin ərsəyə gəlməsi, hazırda ölkə enerjisisteminə “yaşıl” töhfəsini verən qurğunun tikintisi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verir. Deyir ki, 2018-ci ildə Azərbaycan hökuməti ölkədə bərpaolunan enerji üzrə pilot layihələr üçün tender elan edəndə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti də həvəslə prosesə qoşulub. Tender elanı əsasında təkliflərini hökumətə təqdim etmiş 14 iştirakçıdan biri də məhz “Masdar” şirkəti olub. Beləliklə, 2020-ci ilin yanvar ayında şirkət Azərbaycan Respublikasında sənaye miqyaslı günəş fotovoltaik (PV) layihəsinin inkişafı üçün icra sazişi imzalayıb. 230 meqavatlıq (MWac) Qaradağ Günəş PV stansiyası ölkənin dövlət–özəl tərəfdaşlığı kimi strukturlaşdırılmış ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı günəş layihəsidir.
Ölkə ərazisində külək və günəş enerjisi üzrə pilot layihələrin icrası üçün maraqlı təkliflərin yer aldığı tender elanında “yaşıl enerji” stansiyalarının tikintisi üçün ayrılmış iki ərazidən biri də məhz bura olub. Günəş enerjisinin istehsalı üçün seçilmiş bu ərazinin adı torpaq kadastrında 60-cı sahə kimi qeyd edilib. Onu da qeyd edək ki, bu geniş sahə hasilatın pay bölgüsü sazişinə əsasən Qobustan Əməliyyat Şirkətinə məxsus olub. Sonradan burada neftçıxarma işləri yekunlaşdıqdan sonra ərazi dövlətin balansına qaytarılıb. Beləliklə, Nazirlər Kabinetinin qərarı ilə yaşayış və kənd təsərrüfatı üçün yararsız olan bu torpaqların əvvəlki təyinatı dəyişdirilərək əraziyə bərpaolunan enerji zonası statusu verilib.
M. Sadıxovun dediyinə görə, təmsil etdiyi şirkətin təklifləri qiymət baxımından əlverişli hesab olunduğundan 2021-ci il aprelin 6-da Azərbaycan Respublikası hökuməti ilə investisiya sazişi və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alqı-satqısı və ötürülməsi üzrə müqavilələr imzalanıb. Elə həmin aydan da işlərə start verilib. Bununla belə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq işlər xeyli ləngiyib. Çünki stansiyanın inşasında istifadə ediləcək qurğu və avadanlıqların istehsal olunduğu Çin Xalq Respublikası ilə idxal-ixrac əməliyyatlarında böyük çətinlik yaranıb. Xüsusən də həmin dövrdə bu ölkədə yarımkeçiricilərin ixracı ilə bağlı, eləcə də konteyner çatışmazlığından irəli gələn logistik məhdudiyyətlər mövcud idi. Hətta Çin tərəfi günəş panellərinin göndərilməsi sahəsində yaranmış çətinliklərlə bağlı şirkətə rəsmi məlumat ünvanlayıb. Dünyada gedən pandemiya və ondan irəli gələn səbəblərə baxmayaraq, “Masdar” stansiyanın tikintisinə başlanmanın gecikdirilməsini minimuma salaraq bu çətinlikləri uğurla dəf edib.
Nəhayət, 2022-ci ilin martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhali Mazroueinin iştirakı ilə “Qaradağ” GES-in təntənəli təməlqoyma mərasimi keçirilib. İyun ayında ilkin hazırlıq işlərinin aparılması üçün Azərbaycan hökumətinə bildiriş göndərilib. Avqustun 2-də isə Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiyanın Cayka Fondu və Abu-Dabi İnkişaf Fondu ilə kredit müqavilələri imzalanıb. Direktorun dediyinə görə, ümumi dəyəri 262 milyon dollar təşkil edən layihənin maliyyələşdirilməsinə ayrılan vəsaitin 153,7 milyon dolları “Masdar” şirkətinin öz sərmayəsidir. Bu da ümumi maliyyələşmənin təqribən 55 faizi deməkdir. Yerdə qalan 108,3 milyon dollarlıq vəsait isə banklardan alınmış kreditlərin payına düşür. Yeri gəlmişkən, bu, Azərbaycanın dövlət zəmanəti ilə maliyyələşdirilməyən ilk layihəsidir. Layihənin yeganə zəmanəti “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış alqı-satqı müqaviləsidir. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, “Qaradağ” GES investisiya layihəsinin müqavilələri Azərbaycan qanunvericiliyi ilə tənzimlənən ilk layihədir. Eyni zamanda Azərbaycan hökuməti tərəfindən layihənin vergidən azad olunması üçün “Masdar” şirkətinə investisiya təşviqi sənədi verilib. Sözügedən sənədə əsasən ölkəyə gətirilən qurğu və avadanlıqların idxal rüsumlarından azad olunması üçün xüsusi mexanizmlər tətbiq olunur.
2022-ci il avqustun 9-da stansiyanın tikintisinə başlanılmasının rəsmən elan olunduğunu xatırladan direktor deyir ki, həmin vaxtdan etibarən hərtərəfli layihələndirmə və razılaşdırma işlərinə başlanılıb. İlk növbədə, Qobustan qəsəbəsindən bura 16 kilometrlik yol çəkilib, bir sıra zəruri infrastruktur yaradılıb, ərazi tikinti üçün hazır vəziyyətə gətirilib. Daha sonra stansiyanın tikintisi üçün xaricdən alınan zəruri qurğu və avadanlıqlar sahəyə daşınıb. Beləliklə, 2023-cü il mayın 16-da stansiyada ilk günəş panellərinin quraşdırılmasına başlanılıb. Energetika naziri Pərviz Şahbazov və “Masdar” şirkətinin baş direktoru Mohamed Jameel Al Ramahi tədbirdə iştirak edib, ərazidə ağaclar əkiblər.
Stansiyanın tikintisi ilə yanaşı, “AzərEneji” ASC “Cənub” stansiyasından 330 kilovoltluq təkdövrəli elektrik veriliş xəttinin tikintisinə başlayaraq 45 kilometr uzunluğunda elektrik verilişi xəttini dünya praktikasında nadir hallarda rast gəlinən sürət və keyfiyyətlə qrafikdən bir neçə ay öncə stansiyanın sahəsinə qədər çəkib.
İşlərin sürətləndirilməsi və stansiyanın nəzərdə tutulmuş vaxtda təhvil verilməsi üçün bütün imkanlar səfərbər olunub. Hətta tikintinin pik vaxtlarında işlərə 2 min nəfərdən artıq şəxs cəlb edilib ki, onların da 90 faizi yerli işçilər olub. Stansiyanın tikintisində çalışan yerli mütəxəssislərin təqribən 40 faizi vaxtilə ölkəmizin elektroenergetika sahəsində çalışanlar təşkil edib. Əcnəbi mütəxəssislərin xidmətindən isə, əsasən, müəyyən qurğu və avadanlıqların quraşdırılması zamanı istifadə olunub. Bütün bu işlərin nəticəsində bir vaxtlar çox nadir hallarda insan ayağı dəyən bomboz çöllər əsl tikinti meydançasına çevrilib. Layihənin ümumi icra müddəti 14 ay çəkib. Bura layihəndirmə, hazırlıq işləri, infrastrukturun yaradılması, yolun çəkilməsi, ərazinin hasarlanması və avadanlıqların sahəyə gətirilməsi və s. işlər daxildir.
Beləliklə, cəmi 8 ay ərzində inşaatçıların, energetiklərin və digər peşə sahiblərinin fədakar əməyi sayəsində Azərbaycan elektroenergetikasının daha bir parlaq səhifəsinə imza atılır. 2023-cü il oktyabrın 26-da ölkə energetikasının, enerjisistemin, hələlik, ən böyük “yaşıl” stansiyası istismara verilir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və xeyir-duası ilə “Qaradağ” Günəş Elektrik Stansiyasının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan dövlətinin dünyanın elan etdiyi” yaşıl keçid” platformasına mühüm töhfəsi sayılan stansiya 550 hektar ərazini əhatə edir. Enerji istehsal edən hər bir stansiyanın öz xüsusiyyətləri olduğu kimi, “Qaradağ” GES-in də fərqli iş prinsipi var. Stansiyanın direktoru Nihad Zalov deyir ki, sözügedən stansiyanın faydalı iş əmsalı günəşin təsir gücündən asılı olduğu üçün o yalnız günün işıqlı saatlarında fəaliyyət göstərir. Stansiyada quraşdırılan əsas qurğu və avadanlıqlara gəldikdə isə, onların, demək olar ki, hamısı Çinin dünyaca məşhur şirkətlərinin istehsalıdır. Burada quraşdırılmış 570 min 720 ədəd günəş paneli də məhz bu ölkədən alınıb. Həmin panellərin səmərəli iş əmsalını təmin etmək üçün onlar xüsusi dəqiqliklə yerləşdirilib. Panellərin yerləşdiyi cərgələrin arasında isə təqribən 5 metr məsafə saxlanılıb. Bu da onunla bağlıdır ki, günəş şüalarını tam qəbul etməsi üçün cərgələr bir-birinə kölgə salmasın. Panellərin ən özəl cəhətlərindən biri də ondan ibarətdir ki, onların hər iki üzü eyni vaxtda enerji istehsal etmək imkanına malikdir. Belə ki, qurğunun bir üzü günəş enerjisini birbaşa qəbul edirsə, digər üzü torpaqdan əks olunan şüaları udaraq enerjiyə çevirə bilir. Bu da onların istehsal gücünün iki dəfə artması deməkdir. Standart ölçüdə olan panellərin hər biri 2,5 kvadratmetrdir. Traker sistem tipinə malik olan panellərin əymə bucağı günəşin istiqamətinə görə dəyişir. Yəni Günəş hərəkət etdikcə panellər də ona tərəf dönür. Bunu gözlə müşahidə etmək mümkün olmasa da, ətrafa yayılan səsdən bunu aydın hiss etmək olur. Eyni zamanda küləyə davamlılığı təmin etmək məqsədilə panellər təqribən 1,5–2 metr dərinlikdə torpağa basdırılıb.
Tam avtomatik rejimdə çalışan stansiyanın müxtəlif yerlərində sensorlar və metostansiyalar quraşdırılıb. Bu da hava şəraitinə tam nəzarət etməyə imkan yaradır. Hava şəraiti dəyişdiyi təqdirdə isə stansiyanın iş rejimi avtomatik olaraq ona uyğunlaşdırılır. Gecə saatlarından fərqli olaraq tutqun hava şəraitində stansiyanın işində fasilə yaranmır. Çünki günəş şüası buludları keçərək panellərə düşür. Gün batandan sonra isə stansiya istehsalını tam dayandirir. Bütün sistem şəbəkəyə qoşulu olduğu üçün səhər erkən saatlarından başlayaraq stansiya avtomatik olaraq şəbəkə ilə sinxronlaşır və enerji istehsalına başlayır. Şəbəkəyə təsirləri azaltmaq üçün ilkin sinxronlaşmadan enerji istehsalı minimal həcmdə olur və təqribən, 5 dəqiqə ərzində proses maksimuma çatır. Onu da öyrənirik ki, yay aylarında panellər daha çox günəş şüaları qəbul etsə də, temperatur yüksək olduğundan transformatorlarda, invertorlarda və kabellərdə itkilər çox olur. Yəni sözügedən avadanlıqlar qızdığından onların faydalı iş əmsalı aşağı düşür. Stansiyada enerji istehsalının səmərəliliyi baxımından ən münasib dövr isə yaz-payız ayları hesab olunur.
Bir məqamı da qeyd edək ki, stansiyanın ərazisi vaxtaşırı olaraq əsən güclü küləklərin təsirinə məruz qaldığından panellərin səthi toz qatı ilə örtülür. Buna görə də onların həftədə ən azından iki dəfə təmizlənməsinə ehtiyac yaranır. Təmizlik işləri robot sistemi vasitəsilə həyata keçirilir. Onların sayı isə 631 ədəddir. Bu da ən son, müasir texnologiya sayılır. Həmin qurğulara quraşdırılmış günəş panelləri onları elektrik enerjisi ilə təchiz edir. Təmizləmə prosesindən öncə bütün panellər eyni səviyyəyə gətirilir. Mərkəzi idarəetmə otağından panellərin təmizlənməsi ilə bağlı siqnal daxil olan kimi robotlar avtomatik olaraq işə düşür. Beləcə, cərgə boyu hərəkət edən robotlar panelləri toz təbəqəsindən təmizlədikdən sonra əvvəlki yerinə qayıdaraq növbəti proses üçün enerji toplamağa başlayır. Təmizləmə prosesi, adətən, günün sonunda, istehsal prosesi başa çatdıqdan sonra həyata keçirilir.
Yeri gəlmişkən, günəş panellərinin hər birinin gücü 545–550 vatt təşkil edir ki, bu da stansiyanın tikintisi dövrü üçün ən müasir panellər hesab olunurdu. İstehsalçı şirkətin verdiyi yazılı zəmanətə əsasən, həmin panellər hər hansı fiziki təsirə məruz qalmayacağı təqdirdə 25–30 il ərzində istismar oluna bilər. Yəni “Masdar” şirkəti panelləri alanda, sadəcə, qiyməti deyil, həm də keyfiyyəti nəzərə alıb. Bu da təsadüfi deyil. Çünki günəş panelləri stansiyanın əsas enerji və fayda mənbəyidir.
Panellərin yerləşdiyi sahədə 28 blok transformator və 820 ədəd invertor quraşdırılıb. Blokların girişi və invertorların çıxışı 0,8 kilovolt təşkil edir. İnvertorların da əsas funksiyası Günəşdən əldə olunan sabit cərəyanı dəyişən cərəyana çevirməkdən ibarətdir. İnvertorlarin çıxışından əldə olunan dəyişən enerji isə stansiyanın ərazisində inşa olunmuş 8,8 meqavoltamper gücündəki 28 ədəd bloktransformatora ötürülür. Həmin qurğular 0,8 kilovoltluq gərginliyi 35 kilovolta yüksəldərək 14 ədəd fider vasitəsi ilə stansiyanın ərazisindəki 330/35 kilovoltluq yarımstansiyaya ötürülür. 35 kilovoltluq bölmə ilə əlaqələndirilən həmin 14 fider 140 meqavoltapmperlik iki əsas transformatora birləşdirilir. Bu transformatorlar da öz növbəsində 35 kilovoltluq gərginliyi 330 kilovolta yüksəldir. Beləliklə də, avtomatlaşdırılmış istehsal prosesi nəticəsində əldə olunmuş təmiz energi 330 kilovoltluq birdövrəli xətlə “Cənub” Elektrik Stansiyasına ötürülür.
İstismara verildiyi gündən indiyədək stansiyada 309 milyon kilovat-saat təmiz enerji istehsal edilərək şəbəkəyə ötürülüb. Qeyd etdiyimiz kimi, stansiyanın bütün fəaliyyətinə mərkəzi idarəetmə otağından nəzarət olunur. Belə ki, buradakı birləşmə sxemi vasitəsilə bütün istehsal prosesi diqqətlə izlənilir. Burada stansiyanın fəaliyyət göstərdiyi bütün dövr ərzində istehsal olunan elektrik enejisi anbaan qeydə alınır. Məlumat lövhəsində qeydə alınmış göstəriciyə əsasən, stansiyada olduğumuz gün səhər saatlarından 16.30-dək 942 min kilovat-saat elektrik enerjisi istehsal edilmişdi. Mərkəzi idarəetmə otağında qurğu və avadanlıqların işi ilə yanaşı, küləyin sürətini, havanın temperaturunu və rütubəti tam ölçmək mümkündür.
Buradan, həm də vizual olaraq 28 blokun hamısını 360 dərəcə görmək mümkündür. Panellərdə yarana biləcək problemlə bağlı birbaşa siqnal gəlir. Burada problem test edilir. Əgər həmin problemin həlli burada mümkün olmasa, onda opreator tərəfindən əraziyə mühəndis və ya texniki heyət göndərilir. Texniki personal problemin növünə uygun sınaqlar aparır və problemin həlli üçün lazımi tədbirləri həyata kecirir. Mərkəzi idarəetmə otağından cərəyan, gərginlik, güc, hətta sayı yarım milyon ədəddən çox olan panellərin hamısını görmək, bütün göstəriciləri qeydə almaq mümkündür.
Yeri gəlmişkən, M. Sadıxov deyir ki, “Qaradağ” GES istehsal gücünə görə “Masdar”ın istismar etdiyi orta səviyyəyə olan stansiyalardandır. Məsələn, şirkətin Birləşmiş Ərəb Əmirliklərində 800 meqavat gücündə günəş stansiyası uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Hazırda isə şirkət ölkəsində 2 min meqavatlıq daha bir nəhəng stansiyanın inşasını həyata keçirir. “Masdar”ın Özbəkistanda istismara verdiyi analoji stansiya 100 meqavatlıqdır. Hazırda isə şirkət Gürcüstanda 98 meqavatlıq günəş stansiyası inşa edir. 230 meqavatlıq “Qaradağ” GES isə, istismara verilən zaman MDB-nin ən böyük günəş stansiyası olub. Bu yaxınlarda isə MDB məkanında birincilik Özbəkistanda təhvil verilmiş 450 meqavatlıq stansiyaya keçib. Bununla belə “Qaradağ” GES hazırda Xəzər regionunun ən böyük bərpaolunan enerji stansiyası sayılır.
Nəzərə alsaq ki, bir neçə ildən sonra Biləsuvarda 445 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, Xəzər regionu üzrə birincilik hələ uzun illər Azərbaycana məxsus olacaq. Bununla belə, gələcəkdə stansiyanın ərazisinin genişləndirilməsi ehtimalı da böyükdür. Çünki stansiyanın ətrafında kifayət qədər boş ərazi var. Hətta bununla bağlı Energetika Nazirliyinə müraciət də olunub. “AzərEnerji” ASC tərəfindən şəbəkədə lazımi təkmilləşdirmə və gücləndirmə işləri aparıldıqdan sonra bu məsələyə baxıla bilər. Bu həm də stansiyanın istismar müddətini bir neçə il artırmağa imkan yaradacaq. Çünki ərazidə lazımi infrastruktur yaradılıb: yol çəkilib, idarəetmə təşkil olunub, yarımstansiya tikilib. Stansiyanın ərazisini genişləndirməklə kifayət qədər səmərə əldə etmək mümkündür. Eyni zamanda stansiyanın genişləndirilməsi həm onun istismar müddətini uzadar, həm də burada ən azı 150–200 meqavatlıq əlavə güc əldə etməyə imkan yaradar. “Masdar–Azərbaycan”ın rəhbəri onu da dedi ki, stansiya nə qədər böyük olsa, enerjisistemə təsiri də bir o qədər çox olar. Neqativ təsiri azaltmaq məqsədilə “AzərEnerji” şəbəkə ilə bağlı, eləcə də enerji saxlanc sistemlərinin tətbiqi və digər müasir texnoloji həllərin hesabına təkmilləşdirmə işlərinə start verib. Eyni zamanda hazırda “AzərEnerji” Dünya Bankı ilə birlikdə AZURE layihəsini icra edir. Layihənin reallaşdırılması ilə ölkə enerjisisteminin dayanıqlılığı artacaq.
Göründüyü kimi, “Qaradağ” GES-in istismara verilməsi Azərbaycanın energetika sistemi üçün əhəmiyyəti olduqca böyükdür. Təkcə onu qeyd etmək kifayətdir ki, bu həcmdə elektrik enerjisinin “AzərEnerji” ASC-nin stansiyalarında istehsal etmək üçün əlavə qaz istifadə etmək lazım gələcəkdi. Bərpaolunan enerji əsasında fəaliyyət göstərən bu stansiyada isə heç bir təbii qaza ehyiyac duyulmur. Bunun da nəticəsində il ərzində, ən azı, 110 milyon kubmetr “mavi yanacağ”a qənaət olunur. Bunu da ixraca yönəltmək hesabına kifayət qədər əlavə vəsait əldə olunur. Bundan əlavə, stansiyanın digər faydası odur ki, ildə 200 min ton karbon emissiyasının azaldılmasına nail olmaqla tullantı olmadan təmiz enerji istehsal edir. Bu da karbon-dioksid qazlarının, tullantıların azaldılmasına gətirib çıxarır. Bunun da nəticəsində dövlət “yaşıl” enerji keçidinə böyük fayda verir. Çünki dövlətin karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliyi var. Stansiyanın Azərbaycana digər faydası da ondan ibarətdir ki, o sırf xarici investisiya hesabına tikilib. Bununla belə Azərbaycan dövləti tərəfindən infrastrukturun yaradılmasına vəsait xərclənib. Həmin vəsait hesabına 330 kilovoltluq 46 kilometr xətt çəkilib.
Muğanı Günəş gecələr də nurlandıracaq
“Masdar” şirkəti yaxın zamanlarda ölkəmizdə daha üç “yaşıl enerji” layihəsinin icrasına başlayacaq. Bu il iyunun 4-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycanın dövlət başçısı İlham Əliyevin iştirakı ilə hər üç stansiyanın təməli qoyulub. Biləsuvar Günəş Elektrik stansiyanının layihə gücü 445 meqavat təşkil edir. Burada il ərzində 897 milyon kilovat-saat təmiz enerji istehsalı nəzərdə tutulur. Bu da 179 min evin elektrik enerjisi ilə təchizatına imkan yaradacaq. Layihənin dəyəri isə təxminən 390 milyon ABŞ dolları təşkil edəcək. Stansiyanın fəaliyyəti nəticəsində il ərzində 193 milyon kubmetr təbii qaza qənaət olunacaq ki, bu da 367 min ton karbon emissiyasının azaldılması deməkdir. Biləsuvar Günəş Elektrik Stansiyasının ümumi ərazisi isə 1454 hektar təşkil edəcək.
Neftçalanın Bankə qəsəbəsinin ərazisində inşa olunacaq günəş elektrik stansiyasının layihə gücü 315 meqavat təşkil edəcək ki, bunun da hesabına ildə 641 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Stansiya işə düşdükdən sonra 128 min evi təmiz elektrik enerjisi ilə təmin edəcək. Dəyəri təxminən 280 milyon dollar ehtimal edilən layihənin işə düşməsi nəticəsində ildə 138 milyon kubmetr təbii qaza qənaət ediləcək. Bunun da hesabına atmosferə atılan karbon dioksidin miqdarı 262 min ton azalacaq.
Abşeron–Qaradağ Külək Elektrik Stansiyasının layihə gücü isə 240 meqavat təşkil edəcək. Layihənin dəyəri 285 milyon dollardır. Stansiyada il ərzində istehsal ediləcək 2305 kilovat-saat təmiz enerji istehsal olunacaq ki, bu da 165 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Eyni zamanda stansiyanın işə düşməsi ilə il ərzində 314 min ton karbon emissiyası azalacaq. 153 min evin elektrik enerjisi ilə təchizatı da məhz bu stansiya vasitəsilə həyata keçiriləcək. Abşeron–Qaradağ Külək Elektrik Stansiyasının inşası üçün 105 hektar torpaq sahəsi ayrılıb.
“Masdar”ın SOCAR-GREEN şirkəti ilə əməkdaşlıqda həyata keçirəcəyi ilk iki layihə üzrə təmiz enerjinin ötürülməsinə 2026-cı il aprelin 26-na, Abşeron-Qaradağ Külək Elektrik Stansiyası üzrə isə həmin ilin oktyabrın 26-na nəzərdə tutulub. Yeri gəlmişkən, müqavilənin şərtlərinə əsasən, SOCAR–GREEN şirkəti hər üç layihədə 25 faiz iştirak payına malikdir…
Hazırladılar:
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ,
Elşən AGALAR (foto)
XQ