Avropa İttifaqı bölgədə “bölücü xətlər” cızmaqda davam edir
İki gün bundan əvvəl Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Ermənistana 10 milyon avro dəyərində çadırlar şəklində hərbi yardım göstərmək qərarına gəliblər. Bu satınalmaların maliyyələşdirilməsi Avropa Sülh Fondu vasitəsilə həyata keçiriləcək. Bu barədə Aİ Şurası bəyanat yayıb.
Bəyanatda deyilir: “Aİ Şurası Ermənistana Avropa Sülh Fondu (ASF) çərçivəsində 10 milyon avro məbləğində dəstək tədbirlərini təsdiqləyib. Konkret olaraq bu tədbirə batalyon səviyyəli bölmə üçün çadır düşərgəsinin salınması daxildir”.
ASF-nun bu qərarı kollektiv Qərbin ən müxtəlif yollarla Ermənistanı silahlandırmaq cəhdlərindən biri kimi dəyərləndirilməlidir. Bakı ilə İrəvan arasında sülhün əldə olunması yönündə birbaşa təmasların intensivləşdiyi, bu zəmində müsbət nəticələrin əldə olunduğu bir məqamda Aİ-nin bu “jesti” nəyə hesablanıb? Axı, şübhə yoxdur ki, İrəvan bu yardımdan hərbi məqsədlər üçün istifadə edəcək. Güman ki, Borrell “əməkdaşlığın daha da inkişafına ümid etdiyini” deyəndə İrəvandakı separatçı-revanşist qüvvələri şirnikləndirmək məqsədini güdüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Sülh Fondunun Ermənistana ayırdığı vəsaitlə bağlı yaydığı bəyanatda rəsmi Bakının mövqeyi aydın şəkildə ifadə olunub. Bununla bağlı XİN rəsmisi Ayxan Hacızadə mediaya verdiyi açıqlamasında vurğulayıb ki, Ermənistana ayrılan hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək: “Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməsinə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”.
Bəyanatda, həmçinin bildirilib ki, Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır: “Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”.
Avropa İttifaqının Cənubi Qafqazda sülhə təhdidlər yaradan “barıt qoxulu” fəaliyyəti bu gün başlamayıb. Bu qurumun iki ilə yaxındır ki, Ermənistan–Azərbaycan şərti sərhədində kəşfiyyat xarakterli “durbin diplomatiyası” ilə məşğul olan “mülki missiyası” hələ də xidmətini davam etdirir. Alman hərbçiləri və fransız jandarmlarından ibarət missionerlərin Azərbaycan, Rusiya, İran və Türkiyə ilə sərhəd zolaqlarında apardıqları monitorinqləri barədə sahiblərinə hansı xarakterli hesabatları ötürdüyü hətta rəsmi İrəvanı da əndişələndirib. Onlar Avropadan və okeanın o tayından Ermənistana gələn yüksək çinli qonaqlara böyük həvəslə “moderatorluq” da edirlər. Yəni, Avropa İttifaqının bölgədə həyata keçirdiyi bölücülük fəaliyyəti heç kəsə sirr deyil. Bir müddət bundan əvvəl Ermənistana “Bastion” çoxməqsədli zirehli avtomobilləri, ardınca “Sezar” özüyeriyən artilleriya qurğuları göndərən Fransanın dominantlıq etdiyi Aİ, sanki, Parisdən verilən qərarların icraedicisi rolunda çıxış edir. Bakının istər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq platformalarda bu iki ölkə – Fransa və Almaniya ilə məsafəli davranmasının əsas səbəblərindən biri məhz budur.
* * *
Oxuculara xatırladaq ki, üç il bundan əvvəl yaradılmış Avropa Sülh Fondunun məqsədi Aİ üzvü olmayan ölkələrə, yaxud beynəlxalq təşkilatlara həm maddi, həm də hərbi baxımdan yardım etməkdir. Fondun büdcəsi Aİ üzvlərinin ianələri hesabına formalaşır və 2023-cü il üçün təqribən 8 milyard avro təşkil edib.
Aİ məhz ASF vasitəsilə Ukrayna, Mozambik, Gürcüstan, Moldova, Bosniya və Herseqovina, Somali, Nigeriya və başqa ölkələrə yardımlar göndərib. Bu, fondun Ermənistan üçün nəzərdə tutduğu ilk hərbi maliyyə yardımıdır.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 28 illik işğalı dövründə ATƏT-in Minsk qrupu vasitəsilə bölgədə ikili standart yürüdən, ədalətsiz və qərəzli davranış sərgiləyən Aİ-nin bir yandan sülh üçün Brüsseli “aradüzəldən” salması, digər yandan isə Ermənistana hərbi yardım göstərməsi, bütövlükdə, Qərbin İrəvanı hərbi-siyasi cəhətdən gücləndirmək planlarından xəbər verir. Aİ bu cür aşkar tərəfkeşliyi ilə Cənubi Qafqazda sülhə töhfə verən kənar aktor rolunda heç cür çıxış edə bilməz. Əgər həmin ASF Azərbaycana da maliyə yardımı göstərsəydi, bunu haradasa anlamaq mümkün olardı. Görünən odur ki, Aİ ABŞ və ya NATO-nun fəaliyyət dairəsinə düşməyən coğrafiyada subpodratçı qismində fəaliyyəti həyata keçirən işlək mexanizmə çevrilib. Vaşinqtona gəldikdə isə o, Qafqazda bir tərəfdən Gürcüstan, digər tərəfdən Ermənistanla oynayaraq, Moskvanın əleyhinə qüvvələr mərkəzi yaratmağa çalışır. Ağ evin Ermənistan müdafiə nazirliyinə öz nümayəndəsini göndərməsi, intensiv birgə hərbi təlimlərin keçirilməsi, erməni ordusunun gücləndirilməsinə praktiki dəstəyin verilməsi, aydın məsələdir ki, Ermənistanın mümkün qədər tez Rusiyadan qoparmaq səyləri kimi dəyərləndirilə bilər. Digər tərəfdən, bu, eyni zamanda, təkcə Rusiyaya deyil, həm də İrana qarşı atılmış addımdır. Kollektiv Qərbin bu hərbi-siyasi demarşları, gözlənildiyinin əksinə olaraq, Ermənistanın onların qucağına keçməsini sürətləndirməz, əksinə, onu qanlı tamaşaların oynanıldığı poliqona çevirə bilər.
Bir daha qeyd edək ki, aylar əvvəl Macarıstanın Avropa Sülh Fondundan Ermənistana üzvlərlə razılaşdırılmış 10 milyon avro məbləğində maliyyə dəstəyinin göstərilməsi layihəsini bloklaması ilə bağlı məlumat öz təsdiqini tapsa da, iki gün əvvəl Aİ-nin xarici işlər nazirləri İrəvana yardım ayrılması qərarını rəsmən təsdiqləyiblər. ASF-nin yardım paketinin təsdiqindən bir gün əvvəl şərti sərhəddə atəşkəsin Ermənistan tərəfindən pozulması faktı da diqqət çəkdi. Bir qədər əvvəl isə Nikol Paşinyanın Londonda Avropa Siyasi Birliyinin IV Zirvə görüşü çərçivəsində İlham Əliyevlə görüşməkdən boyun qaçırmasına da məhz bu kontekstdən yanaşmaq daha doğru olar.
Mətin MƏMMƏDLİ,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi
– Bu addım Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin strateji xarakterinə mənfi təsir göstərəcək. Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro yardım göstərilməsinə qərar verdi. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistan o dövlətdir ki, 30 ilə yaxın dövr ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ayrılan vəsait məbləğindən asılı olmayaraq sülhə xidmət etməyəcək. Bu qərar Ermənistanda revanşizm meyillərinin güclənməsinə, onun təcavüzkar siyasət yürütməsinə təkan verə bilər.
Aİ-nin bu addımı heç bir halda ədalətli yanaşma kimi qiymətləndirilə bilməz və Azərbaycan buna rəsmi mövqeyini bildirib. Ai-nin mövcud qərarı təsadüfi deyil. Son illərdə Aİ-nin bir sıra strukturları, o cümlədən, bəzi Avropa ölkələri regionda ermənipərəst siyasət yürüdürlər və hesab edirlər ki, bu yolla onlar İrəvanı tədricən öz siyasi orbitlərinə daxil edə biləcəklər. Əslində, Aİ geosiyasi maraqlarını təmin etmək, bölgəni Rusiya ilə geosiyasi qarşıdurma meydanına çevirmək istəyir. Təbii ki, bu qərar Azərbaycan –Aİ münasibətlərinə təsirsiz ötüşməyəcək. Azərbaycan bu birliyə daxil olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu gün Azərbaycan Avropa məkanında enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ancaq görünür, bütün bunlar Avropada müəyyən dairələr tərəfindən nəzərə alınmır. Mövcud tendensiya davam etsə, Ermənistan mərkəzli siyasət yürüdülsə, bu, regionda davamlı sülhün təmin olunmasına deyil, əksinə, yeni hərbi-siyasi eskalasiyanın yaranmasına, bölgədə bölücü xətlərin ortaya çıxmasına səbəb olacaq. Bu isə nə region dövlətlərinin, nə də Avropanın maraqlarına uyğundur.
Aydın QULİYEV,
politoloq
– Belə addımların atılması sülh gündəliyinə və mənafeyinə uyğun deyil. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın işğalçılıq siyasəti aparmış Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Hətta sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın tələb etdiyi beynəlxalq normaların heç birinə əməl etmir. Bu şəraitdə müəyyən dövlətlərin və Avropa İttifaqının Ermənistana hərbi yardım ayırması bölgədə heç də sülhün yaranmasına xidmət etmir. Aİ bu addımı ilə Ermənistanı müharibəyə hazırlayır. Onun Sülh Fondu xətti ilə Ermənistan silahlı qüvvələrinə 10 milyon avro yardım ayırması olduqca ziyanlı addımdır. Əslində, bu proses bir il bundan əvvəl başlamışdı. Azərbaycanın müttəfiqi olan bəzi dövlətlərin etirazları Avropa İttifaqı tərəfindən qulaqardına vuruldu. Məsələn, Aİ-nin fəal üzvlərindən olan Macarıstanın Baş naziri Viktor Orban açıq şəkildə bu qərara etirazını bildirmişdi. Budapeşt birmənalı şəkildə bəyan etdi ki, Azərbaycanla müharibə şəraitində olan Ermənistana belə bir yardımın ayrılması absurddur. Sülh müqaviləsi imzalanana qədər ya yardım edilməməli, ya da tərəflərin hər ikisinə yardım edilməli idi. Təəssüf ki, Aİ rəhbərliyi bu haqlı iradları qəbul etmədi. Belə bir addımın atılması Ermənistanın Avropadakı müttəfiqlərinin birbaşa təsiri altında olub.
Avropa Sülh Fonduna Fransanın dəstək verdiyi açıq-aydın hiss olunur. O, Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa qoymur. Yelisey sarayı həm sülh müqaviləsinin imzalanmasına maneçilik törədir, həm də bu cür yardımlarla Ermənistanı yeni müharibəyə hazırlayır. Ona görə də bu yardımı Ermənistanı müharibəyə qızışdırmaq cəhdi, bölgədə pozuculuq siyasəti və Azərbaycana qarşı qərəz nümayişi adlandırmalıyıq.
İmran BƏDİRXANLI
XQ